525.Az

Azərbaycanlı alimlər "Türk Dilində Danışan Ölkələrin Qurultayı"nda


 

Azərbaycanlı alimlər "Türk Dilində Danışan Ölkələrin Qurultayı"nda <b style="color:red"></b>

Noyabrın 13-də Türkiyənin paytaxtı Ankarada "Türk Dilində Danışan Ölkələrin Qurultayı" keçirilib.

40 ölkədən 320 alimin iştirak etdiyi qurultay Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Tədris şöbəsinin müdiri dosent Qətibə Quliyeva, Türkologiya jurnalının məsul katibi Elçin İbrahimov, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Qətibə Mahmudova, həmçinin, BDU, ADPU və BSU-nun 20-dən artıq əməkdaşı iştirak edib.

Qurultayın plenar iclasları Bilgə xaqan, Mamud Kaşğari, Əlişir Nəvai, İsmayıl Qaspralı, Əhməd Baytursunoğlu və Bəxtiyar Vahabzadə adına  salonlarında davam etdirilib. 

Qurultayda türk  dilində danışan ölkələrin  dil, əlifba, tarix  məsələləri müzakirə olunub.

Konfransda akademik Möhsün Nağısoylu "Orta dövr Fars-Türk tərcümələrində dil uyğunluqları" mövzusunda məruzə ilə çıxış edib.

Qurultayın panel iclaslarında türkdilli mədəniyyətin yenidən canlandırılması, türkçülük ideologiyasının gücləndirilməsi, Beynəlxalq Türk Akademiyasının ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, Bosniya və Hersoqovinada türk dilinin qorunması və digər məsələlər müzakirə olunub.

Qurultay öz işinə 16 noyabrda yekun vurub. Bağlanış mərasimində akademik Möhsün Nağısoylu çıxış edərək qurultayın yüksək səviyyədə təşkil olunmasını vurğulayıb.

 





21.11.2017    çap et  çap et