525.Az

Əlimərdan bəy Topçubaşı sənədlərindən ibarət 3-cü cild çıxdı


 

Əlimərdan bəy Topçubaşı sənədlərindən ibarət 3-cü cild çıxdı<b style="color:red"></b>

Moskvada yaşayan görkəmli soydaşımız Ramiz Abutalıbov Azərbaycan siyasi mühacirəti öndərlərinin irsini üzə çıxarmaq və ayrı-ayrı kitablar şəklində nəşr etdirmək sahəsində müstəsna önəmli işlər görüb.

Onun fəaliyyətinin ən üstün cəhətlərindən biri də budur ki, Ramiz bəy həmin kitablara Moskvada və rus dilində həyat verdiyinə görə onların oxucu dairəsi daha da geniş olur.

Məlum olduğu kimi, Ramiz Abutalıbov Parisdə yaşayan gənc dostu, professor Giorgi Mamulia ilə birlikdə Versal konfransına göndərilmiş Azərbaycan Sülh Heyətinin sədri Əlimərdan bəyin Parisdə saxlanılan arxivindəki sənədləri "Ə.Topçubaşı. Paris arxivi. 1919-1940" adı altında 4 cilddə nəşr etdirməyə başlayıb. Onların birgə tərtib etdiyi çoxcildliyin ilk iki cildi Moskvada "Xudojestvennaya literatura" nəşriyyarında yüksək poliqrafik keyfiyyətdə nəşr olunub. 4 cildliyin 1-ci cildinə Əlimərdan bəyin 1919-1920-ci, 2-ci cildinə isə 1921-1923-cü illərə aid sənədləri daxil edilmişdi.

Moskvadan yenicə aldığımız xəbərə görə, adıkeçən nəşriyyatda bu günlərdə "Ə.Topçubaşı. Paris arxivi. 1919-1940" çoxcildliyinin 3-cü cildi də işıq üzü görüb. Bu cildə görkəmli siyasətçinin arxivindəki 1924-1930-cu illər dönəminə dair  204 bəlgə daxil edilib. Onlarda Azərbaycan Sülh heyətinin, eləcə də Azərbaycan siyasi mühacirətinin Fransadakı fəaliyyəti işıqlandırılır.

Xatırladırıq ki, Topçubaşı arxivi 4 cildliyinin nəşri Heydər Əliyev Fondunun maddi dəstəyi ilə gerçəkləşir.

 





21.11.2017    çap et  çap et