525.Az

Elmlə şəxsiyyətin harmoniyası


 

YAXUD BÖYÜK ZƏHMƏTİN, GƏRGİN AXTARIŞLARIN SEVİNDİRİCİ NƏTİCƏLƏRİNİ GÖRƏNDƏ...

Elmlə şəxsiyyətin harmoniyası<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Müasir Azərbaycan dili fənni və Müasir Azərbaycan dilçiliyi terminləri müəyyən mənada sinonim sayıla bilər.
 
Eləcə də Azərbaycan dili fənni, həmçinin, Azərbaycan dilçiliyi terminlərinə də belə yanaşıla bilər. Deməli, həmin terminlər arasında məna bağlılığı onları linqvistik ekvivalentlər adlandırmağa imkan verir. Elə buna görə də Müasir Azərbaycan dilinin, yaxud Azərbaycan dili fənninin fonetika, leksikologiya, semasiologiya, frazeologiya, derivatologiya, qrammatika şöbələri təbii səslənir. Morfologiya və sintaksis bölmələri qrammatika şöbəsinin bölmələri sayılsa da, artıq onların morfologiya, sintaksis şöbələri adlandırılması da, etiraz doğurmur.

Professor Buludxan Xəlilovun "Sintaksisə giriş" başlığından əvvəl dərslik haqqında yazdığı yığcam, lakin məzmunca dolğun məlumat əvvəl yazılmış sintaksisə dair dərsliklərdə verilən məlumatlardan aydınlığı, dilçilik terminlərinə düzgün mövqedən yanaşılması, elmilik prinsipinin gözlənilməsi baxımından fərqlənir. Burada həm də yazılı nitq mədəniyyətinin tələblərinə də əməl edilmişdir.

Əlövsət Abdullayevin, Yusif Seyidovun, Ağamalı Həsənovun "Müasir Azərbaycan dili. IV hissə, Sintaksis, Bakı, "Şərq-Qərb", 2007 (424 səh.)" dərsliyində yazılmışdır: "Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş müasir Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir" (s. 4).

Bizcə, müasir Azərbaycan dili kursu terminindən Buludxan Xəlilovun Müasir Azərbaycan dili fənni (s.2) terminini işlətməsi daha düzgün və məqsədəuyğundur. Həm də Azərbaycan dilinin sintaksisinə dair yazılmış dərslikdə Azərbaycan dili terminindən əvvəl "müasir" deyil, "Müasir (böyük hərflə)" yazılmalıydı. Buludxan Xəlilov isə düzgün olaraq Müasir Azərbaycan dili fənni terminini işlətmişdir. "Müasir Azərbaycan dili. IV hissə -Sintaksis" kitabında ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün söz birləşməsini işlətməyə ehtiyac yox idi. Çünki dərsliyin adı onun kimlər üçün nəzərdə tutulduğunu müəyyən edir. Həm də filologiya fakültələri deyil, filologiya fakültəsi yazılmalıydı. Termin düzgün işlədilməmiş, nitq mədəniyyətinin tələbinə əməl edilməmişdir. Belə ki, "Müasir Azərbaycan dili kursunun sintaksisi bölməsi" yox, "Müasir Azərbaycan dili fənninin sintaksis bölməsi" olmalıydı.

Professor Buludxan Xəlilovun dərsliyində isə dilimizin qrammatik qayda-qanunları, yazılı nitq mədəniyyətinin tələbləri gözlənilmişdir. Dərsliyin başlanğıc hissəsində dərsliyin əhatə etdiyi sintaktik məsələlərin ardıcıl düzülüşü, kitabda hansı məsələlərdən danışılacağı haqqında məlumatlar bunun parlaq göstəriciləridir.

Kitabda sintaksisə giriş, sintaktik əlaqələr haqqında, söz birləşmələri, feili birləşmələr, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri, mübtəda, xəbər, tamamlıq, təyin, zərflik, əlavələr, xüsusiləşmələr, cüttərkibli və təktərkibli cümlələr, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr, mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq cümləsi, təyin budaq cümləsi, zərflik budaq cümləsi, qarışıq tipli mürəkkəb cümlələr, müasir Azərbaycan ədəbi dilində cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri məsələrinin sistemli tədqiqi və təhlili verilmiş, hər bir ümumi mövzuya aid istifadə edilmiş ədəbiyyatın siyahısı göstərilmişdir.

Buludxan Xəlilovun bu dərsliyinin yüksək elmi səviyyəsi olduğuna görə onun daha uzunömürlü olacağına şübhə yoxdur. Dərsliyin bir neçə dəfə çap ediləcəyinə inanırıq.

Sintaksisə aid yazılmış başqa dərslik və monoqrafiyalardan fərqli olaraq professor Buludxan Xəlilov dərsliyin hər bir hissəsinin sonunda ədəbiyyat siyahısı və həmin ədəbiyyatlardan istifadə edilmiş səhifələri vermişdir. Azərbaycan dilinin sintaksisinə dair yazılmış başqa dərsliklərdə və monoqrafiyalarda bunu görmürük. Buna ardıcıl əməl edilməsi, eləcə də göstərilən ardıcıllığın sistem xarakteri daşıması dərsliyin mükəmməlliyini və elmi-metodik tələblərin tam şəkildə gözlənildiyini göstərir.

Buludxan Xəlilovun "Müasir Azərbaycan dili. Sintaksis" (Bakı, "Adiloğlu" 2017, 428 səh.) dərsliyi elmi, elmi-metodiki tələblərin layiqincə ödənildiyi əsərdir. "Giriş"də sintaksislə bağlı xarakterik xüsusiyyətlər, qrammatikanın bu bölməsini bildirən adın yunan mənşəli "syntaxis" sözündən yarandığı, "qurulma, tərtibat, birləşmə" mənalarını ifadə etdiyi, bir sıra dilçilik terminləri ilə terminoloji məna baxımından oxşarlığı, yəni dilin sintaktik quruluşu və dilin sintaktik quruluşundan bəhs edən elm mənalarında işləndiyi diqqətə yönəldilmişdir.

Müəllifin fikrincə, sərbəst söz birləşmələrinin, eləcə də cümlələrin quruluşu sintaksis sözünun dilin sintaktik quruluşu mənasını ifadə etdiyini, son dövrlərdə mətnin də dilçiliyin tədqiqat obyektinə, predmetinə çevrilməsi, onun sintaksisdə öyrənilməsi sintaktik quruluşun əhatə dairəsini genişləndirmiş, mətnin quruluşu da sintaktik quruluşun tərkibinə daxil edilmişdir. Kitabda dilin sintaktik quruluşunun bütöv bir sistem olduğu, sintaktik quruluşun da makro və mikro bölmələrə ayrılması, sintaktik quruluşun sərbəst söz birləşmələrinin və cümlələrin quruluşu ilə dar çərçivədə dərk edilmədiyi, sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyinin də dilin sintaktik quruluşunun ayrılmaz bir hissəsi sayıldığı göstərilir.

Buludxan Xəlilovun sintaktik-semantik cəhətdən birləşən cümlələrin birliyini-mətni makro və mikro mətnlər olmaqla iki qrupa ayırmasında da müəyyən həqiqət vardır. Onun canlı faktlara söykənərək və onlar üzərində nəzəri ümumiləşdirmələr apararaq qrammatikanın sintaksis bölməsində sözlərin sərbəst söz birləşməsi, cümlə şəklində, mətnlərin isə cümlə formasında bir-biri ilə əlaqələnməsi, bağlanması qayda-qanunları haqqında linqvistik təlimdir - fikrini söyləməsi elmi həqiqətin danılmazlığını təsdiqləməsidir.

Professor Buludxan Xəlilov dərslikdə əksini tapmış məsələlərin bir-birini tamamlamasını, onlar arasındakı üzvü bağlılığı, həmin anlayışların sistem təşkil etməsini unutmadığı, bu məsələlərə dilçi həssaslığı ilə yanaşdığı üçün düzgün elmi-nəzəri müddəalar irəli sürməyi bacarmış, çoxlu konkret faktlara söykənərək, elmi-nəzəri tələblərə yetərincə cavab verə bilən ümumiləşdirmələr apara bilmişdir.

Dərslikdəki "Sintaktik əlaqələr" başlığına sözlər arasında məna əlaqələri: subyekt əlaqəsi, obyekt əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə daxildir. Söz birləşmələrində və cümlədə sözlərin bir-biri ilə iki cəhətdən bağlılığından, əlaqəsindən danışan müəllif məna (semantik), qrammatik, morfoloji və sintaktik əlaqələrin hər birini geniş şəkildə şərh etmiş, məna əlaqəsi dedikdə, obyektiv aləmdəki varlıqlarla onların müxtəlif xarakterik xüsusiyyətləri arasındakı əlaqənin nəzərdə tutulduğunu demiş, əşya ilə onun hərəkətinə (at qaçır), əşya ilə onun keyfiyyətinə (yaxşı at), əşya ilə onun kəmiyyətinə (beş at) aid söz birləşmələrini nümunə vermişdir.

Ancaq dilimizin sintaktik quruluşuna həsr olunmuş bu axırıncı (axarıncı) dərsliyin müəllifi Buludxan Xəlilov söylənilmiş məlum sintaktik məsələlərə orijinal mövqedən fərqli şəkildə yanaşmağı bacarmışdır. O, dərslikdə normativliyə əməl edilməsinin vacibliyini nəzərə alıb sintaktik anlayışları yazılı nitqdə sadə, aydın və konkret şəkildə gerçəkləşdirməyə üstünlük vermişdir. Buna görə də normativlik prinsipinin ciddi şəkildə gözlənilməsi baxımından da Buludxan Xəlilovun kitabı sintaksisə aid yazılmış başqa dərsliklərdən fərqlənir. Mürəkkəb məzmunlu məsələlərin suallar doğurmasına, mübahisələr yaratmasına yol verməmək üçün onları sadə, aydın və anlaşıqlı şəkildə ali məktəb tələbələrinə çatdırmaq elmi-metodik və pedaqoji tələblərə uyğun iş aparmaq ən önəmli, düzgün və aparıcı elmi, pedaqoji üsuldur. Dərslikdə bu tələblərə də yetərincə əməl edilmişdir.

Buludxan Xəlilovun bu dərsliyinin müsbət  cəhətlərindən biri də budur ki, burada sintaksisə aid başqa dərsliklərdəki yayğınlıq, ardıcıllığın gözlənilməməsi, sistemsizlik, mübahisə törədən cəhətlər yoxdur.

Dərsliyin "Sintaktik əlaqələr haqqında" başlığına aid hissədə verilən məlumatlarda nitq mədəniyyətinin tələblərinə yetərincə əməl edilməsini görürük. Müəllif söz birləşməsində və cümlədəki sözlərin iki cəhətdən bağlı, əlaqəli olduğunu diqqətə yetirir:

1) Məna (semantik) cəhətdən;

2) Qrammatik (morfoloji və sintaktik) cəhətdən.

Müəllifin hər bir dilçilik termininin nitqdə formalaşdırdığı, gerçəkləşdirdiyi anlayışların qarşılıqlı bağlılığı məsələsinə həssas münasibət göstərməsi, buna xüsusi diqqət yetirməsi, irəli sürdüyü fikir və mülahizələrlə bağlı seçdiyi xarakterik dil faktları, onlar üzərində apardığı nəzəri ümumiləşdirmələr müasir dilçilik elminin qrammatika şöbəsinin sintaksis bölməsində əldə edilən elmi yeniliklərdən xəbərdar olduğu, qrammatikanın həmin ali bölməsinə aid linqvistik incəlikləri yetərincə bildiyi barədə dolğun məlumat verməyə geniş imkan yaradır.

Bütün bunlar Buludxan Xəlilovun "Müasir Azərbaycan dili. Sintaksis" (2017) dərsliyində aydın şəkildə gözə çarpan linqvistik özəlliklərdir. Onları əvvəllər çap olunmuş başqa dərsliklərdə görə bilmirik. Yeniliyə meyillilik, elmilik prinsipinə əməl etmək, linqvistik həssaslıq haqqında söhbət açdığımız dilçi alimin yaradıcılıq üslubunun başlıca xüsusiyyətidir. Buludxan Xəlilovun sözlər arasında məna əlaqəsi və qrammatik əlaqələr barədə danışması, məna əlaqəsinin obyektiv aləmdəki əşyalarla-varlıqlarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqəni bildirdiyini söyləməsi, qruplaşdırılan həmin əlaqələri dörd növə ayırmağın mümkün olduğunu qeyd etməsi (subyekt əlaqəsi, obyekt əlaqəsi, atubutiv əlaqə, relyativ əlaqə) və bu dörd məna əlaqəsini konkret nümunələrlə aydınlaşdırması, onların yığcam şərhini verməsi onun sintaksisə aid əvvəl çapdan çıxmış dərsliklərdə öz əksini tapmış məlum məsələlərə yaradıcı münasibət bəslədiyini göstərir.

Müəllif sözlər arasındakı əlaqənin ikincisinin qrammatik əlaqə olduğunu, sözlərin morfoloji yolla dəyişməsinin, sintaktik yolla birləşməsi qayda-qanunlarının qrammatik əlaqəni formalaşdırdığını göstərmiş, dildə sintaktik yolla əlaqələnmənin bir sıra üsullarını diqqətə yönəltmiş, onların eyni xarakter daşımadığından sözlər arasındakı qrammatik əlaqənin iki yerə - tabeli və tabesiz əlaqələrinə ayrıldığını söyləmişdir.

Buludxan Xəlilovun "Müasir Azərbaycan dili. Sintaksis" dərsliyi dilimizin sintaksisinə aid yazılaraq çap edilmiş "Azərbaycan dilinin qrammatikası". II hissə (sintaksis). 1959; "Müasir Azərbaycan dili. Sintaksis" (Bakı,1959); Ə.Abdullayevin, Y.Seyidovun, A.Həsənov. "Müasir Azərbaycan dili" (1985) və Q.Ş.Kazımovun "Müasir Azərbaycan dili. Sintaksis", 2000 kitablarından xeyli sonra yazılmış və çap olunmuşdur. Müəllifin adları qeyd olunan mənbələrdən, həmçinin, XX əsrin II yarısından sonra qrammatikanın sintaksis bölməsi ilə bağlı aparılmış çoxlu tədqiqat işlərindən bəhrələnməsi, həmişə tələbələrlə canlı ünsiyyəti, dərslikdə verilən məsələlər barədə tələbələrin fikir və düşüncələrini öyrənməsi Buludxan Xəlilovun "Müasir Azərbaycan dili. Sintaksis" (2017) dərsliyini dilçiliyin müasir tələblərinə yetərincə cavab verən daha mükəmməl dərslik adlandırmağa imkan verir. Qrammatika şöbəsinin sintaksis bölməsinin son elmi-metodiki uğurları əsasında yazılmış bu dərsliyin sintaksisə dair özündən əvvəl nəşr edilmiş mənbələrdən nəzərə çarpacaq dərəcədə fərqlənməsi danılmaz həqiqətdir. Buna görə də həmin fərqli cəhətlərə təbii baxmaq lazımdır. Müəllifin tələbə auditoriyası ilə birbaşa bağlılığının, daha doğrusu, tələbələrlə sıx ünsiyyətinin, tədris prosesindən ayrılmadan dərsliyi yazmasının da onun əvvəlki mənbələrdən məzmun və formaca seçilməsində həlledici rolu olmuşdur. Yəni Buludxan Xəlilovun dərsliyi sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlə üzvləri söz-cümlə, mürəkkəb cümlə, tabeli və tabesiz mürəkkəb cümlə, onların növləri, vasitəsiz nitq, durğu işarələri, cümlə üzvlərinin sırası və s. barədə verilən məlumatlarla, həmin məsələlərin elmi araşdırılması ilə tədris prosesinin, konkret sintaktik məsələlərinin qarşılıqlı əlaqələri fonunda yazılmışdır. Müəllifin bu dərsliyində müasir Azərbaycan dilinin sintaktik quruluşunun ümumi mənzərəsi əks olunmuşdur.

Professor Buludxan Xəlilov Müasir Azərbaycan dilinin sintaksis məsələlərini sistemli şəkildə əks etdirən dərsliyində elmi şərhini verdiyi məsələlərlə onların tədrisinin daxili vəhdəti zəminində elmlə tədrisin  harmoniyasını yaratmağı bacarmışdır.

Yusif YUSİFOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





22.11.2017    çap et  çap et