525.Az

"Açıq Hökumət Məlumatları" portalının yeni versiyası təqdim olundu


 

"Açıq Hökumət Məlumatları" portalının yeni versiyası təqdim olundu<b style="color:red"></b>

Dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Açıq Hökumət Məlumatları" portalı - "www.data.gov.az"ın yeni versiyasının təqdimatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə "Elektron hökumət" portalına xidmətləri inteqrasiya olunan dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək açıq məlumatların elektron hökumət quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu qeyd edib. O bildirib ki, "www.data.gov.az" portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumatlardan asanlıqla istifadə edə biləcəklər: "Hər bir qurum öz səlahiyyəti çərçivəsində zəruri bildiyi məlumatları müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olaraq açıq etməlidir".

Elektron Hökumət Portalının koordinatoru Cəmşid Naxçıvanski bildirib ki, portalın yeni versiyasında açıq məlumatların sayı artırılıb. O, "www.data.gov.az"da hazırda 650-dən çox məlumatın vətəndaşlar üçün əlçatan olduğunu qeyd edib. Onun sözlərinə görə, daha əvvəl portalda 25 məlumat var idi: "Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar bundan sonra müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək".

Bununla yanaşı, tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan edilən "Bax, istifadə et və yarat" adlı müsabiqə barədə ətraflı məlumat verilib.

Bildirilib ki, İKT mütəxəssisləri, "start-up"çılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə çərçivəsində "www.data.gov.az" portalının "Açıq Hökumət Məlumatları"ndan istifadə etməklə ictimai əhəmiyyətli mobil əlavələrin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqənin məqsədi "Açıq Hökumət Məlumatları" (www.data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.

Müsabiqə noyabrın 25-nə qədər davam edəcək.

CEYHUN

 





22.11.2017    çap et  çap et