525.Az

"Bizi yolumuzdan döndərmək istəkləri qarşısında boyun əyməmişik"


 

BAHAR MURADOVA: "AZƏRBAYCAN HƏR ZAMAN OLDUĞU KİMİ, YENƏ DƏ MÜNAQİŞƏNİN SÜLH, DANIŞIQLAR YOLU HƏLLİNDƏ, SUBSTANTİV DANIŞIQLARDA MARAQLIDIR VƏ NƏTİCƏLƏRƏ ƏSASLANMIŞ DANIŞIQLARIN KEÇİRİLMƏSİNİ VACİB HESAB EDİR"

"Bizi yolumuzdan döndərmək istəkləri qarşısında boyun əyməmişik"<b style="color:red"></b>

"Yeni Azərbaycan Partiyası tərəfindən keçilmiş yol Azərbaycanın quruculuğu yoludur. Bu, çox çətin, gərgin, eyni zamanda, şərəfli bir yoldur. Bu yol Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması yolu idi. Bu yolu Yeni Azərbaycan Partiyası böyük şərəflə keçdi. Həmin çətin, ağır zamanlar arxada qaldı, iqtisadi tənəzzül aradan qaldırıldı. Biz böyük iqtisadi dirçəliş yoluna qədəm qoyduq, layihələrimiz artıq səmərə verməyə başladı. Prezident İlham Əliyev YAP-ın 25 illik yubiley tədbirindəki nitqində Heydər Əliyevin 2003-cü ilə qədər olan prezidentliyi dövrünü Azərbaycanda inkişaf, sabitlik və dirçəliş dövrü kimi xarakterizə etdi və bundan sonra daha sürətli və dinamik inkişafın bünövrəsinin qoyulduğunu bildirdi. Əlbəttə ki, həm Heydər Əliyevin zamanında, həm də 2003-cü ildən sonra keçən 14 il ərzində Prezident İlham Əliyevin fəaliyyəti dövründə onun ən yaxın silahdaşı, ən yaxın köməkçisi, onun istinadı, dayağı, arxası həm də sədrlik etdiyi Yeni Azərbaycan Partiyası olub".

Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü və Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.
 
"Biz gücümüzü liderimizə vermişik, liderimizin gücü Yeni Azərbaycan Partiyasının gücü olub və bu qarşılıqlı dəstək nəticəsində biz xalqın mütləq əksəriyyətinin etimadını və inamını qazanmışıq. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında 25 ildir ki, mövcuddur. Biz bu günə qədərki bütün seçkiləri çox böyük səs çoxluğu ilə qazanmışıq" - deyən YAP rəsmisinin sözlərinə görə,  bu, təyinat deyil, bu, xalq tərəfindən etimaddır: "Xalq bu etimadını bizə liderimizin timsalında, onun fəaliyyətinin nəticələrinə görə verib, özü də sevə-sevə verib. Yeni Azərbaycan Partiyası hər zaman bəyan edir ki, o, söz və vəd partiyası deyil, o, iş və əməl partiyasıdır. Biz seçkidən-seçkiyə güclü liderimizlə və nailiyyətlərimizlə gəlmişik. Xalqımız da Yeni Azərbaycan Partiyasının - Heydər Əliyev ideyaları, azərbaycançılıq ideologiyası ilə yaranmış bu siyasi təşkilatın Azərbaycanın ictimai-siyasi həyatının vacib bir hissəsi olduğunu qəbul edib, onun namizədlərinə inanıb, onun nümayəndələrinə daha çox səs verib və hər zaman da səmərəsini öz həyatında hiss edir. Bu gün Azərbaycan Prezidentinin də vurğuladığı kimi, partiyamız ən güclü, ən qüdrətli dövrünü yaşayır. Bu gün biz öz sözümüzün, öz resurslarımızın sahibiyik. Öz siyasi iradəmizi həm ölkə daxilində, həm ölkə xaricində həyata keçiririk.
 
Heç kəsdən asılı olmayan, heç kəsin marağına xidmət etməyən, yalnız Azərbaycan dövlətinin və xalqının maraqları naminə bu maraqları uzlaşdırmağı bacaran bir siyasətə malikik. Bizim Prezidentimiz dünya miqyasında Azərbaycanı çox böyük ləyaqətlə və cəsarətlə təmsil edir. Onun qətiyyəti sayəsində bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Biz regionun ən güclü ölkəsiyik, lider ölkəsiyik. Bizim ordumuz regionun ən güclü ordusudur. Bunu ötən ilin aprelində təmas xəttində əldə etdiyimiz nailiyyətlər də göstərdi. Əgər 1994-cü ildə atəşkəsin əldə olunması üçün Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı düşməni bizim gücümüzlə hesablaşmağa vadar etdisə, bu gün Ermənistanı bu güclə hesablaşmağa aprel hadisələri vadar etdi. Yəni əgər bu illər ərzində ermənilər özlərini qalib ölkə olduqlarına inandırmışdılarsa, aprel hadisələri belə fikirləri dəyişdi. Azərbaycan xalqı 25 ildən sonra növbəti dəfə öz gücünə, öz ordusuna inamını möhkəmləndirdi və düşmən növbəti dəfə qorxuya düşdü. Bütün bu nailiyyətlərin əldə olunması Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolu ilə mümkün olub və biz bir an da olsa, bizi bu yoldan döndərmək istiqamətindəki hərəkətlərin qarşısında boyun əyməmişik. Heç zaman öz gücümüzə şübhəmiz olmayıb. Biz hər zaman böyük güc olduğumuza inanmışıq və xalq da bunu qəbul edib. Bu, bu gün də belədir, sabah da belə olacaq..."

Bu gün YAP iqtidarının, Azərbaycan dövlətinin yeganə probleminin Qarabağ problemi olduğunu deyən millət vəkili bu münaqişənin də gec-tez Azərbaycan xeyrinə və ədalətli həll olunacağına əminliyini ifadə edib. O, bu problemin həllində danışıqlara üstünlük verildiyini və Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu da sözlərinə əlavə edib: "Azərbaycan hər zaman olduğu kimi, yenə də münaqişənin sülh, danışıqlar yolu həllində, substantiv danışıqlarda maraqlıdır və nəticələrə əsaslanmış danışıqların keçirilməsini vacib hesab edir. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır". Vitse-spiker  son zamanlar Ermənistan-Azərbaycan münaqişəsi ətrafında artan intensiv fəallaşmanı müsbət dəyərləndirdiyini bildirib: "Çünki müəyyən səbəblər nəticəsində bir müddət danışıqlar səngimişdi. Perspektivlərə inam qalmamışdı. Bir-birinin ardınca dünyanı silkələyən hadisələr baş verir. Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməli və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmin bu günə qədər Qarabağ məsələsinə fərqli mövqeyinə görə, Azərbaycan tərəfi bu məsələdə daha ciddi şəkildə mövqe ortaya qoymağa və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər irəli sürməkdə haqlıdır. Danışıqların məzmununa bu vəziyyət təsir göstərməlidir..."

Kamil HƏMZƏOĞLU

 





22.11.2017    çap et  çap et