525.Az

Kamal Abdulla Polşa səfiri ilə görüşdü


 

Kamal Abdulla Polşa səfiri ilə görüşdü<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla Polşanın ölkəmizdəki səfiri Marek Tsalka ilə görüşüb.

ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Polşa universitetləri ilə birbaşa əlaqələrin qurulmasının vacibliyinə toxunan K.Abdulla səfirdən bu istiqamətdə köməklik göstərməsini xahiş edib. O, həmçinin, ADU-da Polşa dili və mədəniyyəti mərkəzinin açılmasının mümkün olduğunu bildirib. Rektor səfiri universitetin "Səfir saatı" klubunda mühazirə oxumağa dəvət edib.

K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşün təkcə tələbələr üçün deyil, səfir üçün də maraqlı olacaq.

Rektor əlavə edib ki, Polşada tövsiyə edilən universitetdə də Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məqsədəuyğun olardı.

Səfir M.Tsalka isə bildirib ki, Polşada universitetlər müstəqildir. Bununla belə, o, bu məsələdə ADU-ya köməklik göstərmək üçün müvafiq universitetlərlə maraqlanacaq. Qarşılıqlı şəkildə hər iki ölkədə dil və mədəniyyət mərkəzlərinin açılması ideyasını müsbət qarşılayan diplomat "Səfir saatı"nda mühazirə oxumaq təklifini də məmnuniyyətlə qəbul edib.

CEYHUN

 





22.11.2017    çap et  çap et