525.Az

Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans - Foto


 

AKİF ƏLİZADƏ: "GÖRKƏMLİ ALİMİN AZƏRBAYCAN ELMİNDƏ YERİ VƏ ROLU OLDUQCA BÖYÜKDÜR"

Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans - <b style="color:red">Foto</b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xudu Məmmədovun fotolarından, ornament və əsərlərindən ibarət sərgi ilə tanış olublar.

AMEA-nın Kimya və Yer Elmləri bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbir akademiyanın Rəyasət Heyətinin üzvləri, müvafiq bölmələr üzrə fəaliyyət göstərən elmi müəssisələrin rəhbərləri, yerli və xarici alimlər iştirak ediblər.

Konfransı açıq elan edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə mərhum alimin həyat və yaradıcılığı, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüb. A.Əlizadə qeyd edib ki, Xudu Məmmədovun geologiya, geokimya, kristalloqrafiya və digər elmi sahələrin inkişafında müstəsna xidmətləri olub: "Görkəmli alimin Azərbaycan elmində yeri və rolu olduqca böyükdür. Onun elmdə öz dəsti-xətti var idi. Ona görə, Xudu Məmmədov indi bizim aramızda olmasa da, onun Azərbaycan elmində ulduzu daim parlamaqdadır".

Mərhum alimi milli vətənpərvər ruhlu alim kimi tanıdığını deyən AMEA prezidenti bildirib ki, sovet məkanında bir çox elmi institutlardan dəvət alsa da, Xudu Məmmədov yüksək ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdaraq öz fəaliyyətini burada davam etdirib: "Görkəmli alim özündən sonra elmi məktəb qoyub".

Xudu Məmmədovun vəfatını Azərbaycan elminə böyük itki kimi qiymətləndirən A.Əlizadənin sözlərinə görə, o, Qarabağ hadisələrinin başladığı dövrdə həyatdan vaxtsız köçüb: "Görkəmli alimdə vətənpərvərlik, azadlıq duyğusu, milli təəssübkeşlik hiss olduqca yüksək idi. Mən deyərdim ki. onun ürəyi Qarabağda baş verən erməni vəhşiliklərinə dözmədi, tab gətirmədi".

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev isə çıxışında bildirib ki, mərhum alim Xudu Məmmədov haqqında danışmaq şərəfli, məsuliyyətli məsələ olmaqla yanaşı, həm də çətindir: "Xudu Məmmədovun elm sahəsində özünəməxsus yolu var idi. O, təkcə Azərbaycan yox, ümumilikdə, Türk dünyasının böyük şəxsiyyətlərindən biridir. Görkəmli alim kristalloqrafiya, kimya sahələrində dünyanın ən nüfuzlu alimlərdən hesab olunur".

Yubiley tədbirində "Xudu Məmmədov - teleportret" filmi nümayiş olunub.

Tədbirdə Amerika Birləşmiş Ştatlarının Virciniya Universitetinin professoru Faiq Musayevin "Xudu Məmmədov və zülalların quruluş problemləri", Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfovun isə "Xudu Məmmədovun yaradıcılığında elm və sənətin vəhdəti" mövzularında məruzələri dinlənilib.

Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, xalq şairi Sabir Rüstəmxanlı, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov və digər çıxışçılar vətənpərvər alimin həyat və yaradıcılığından, fəlsəfi düşüncələrindən, kristalloqrafiyanın tədqiqi işinə verdiyi mühüm töhfələrdən, eləcə də ictimai xadim kimi yüksək təşkilatçılıq keyfiyyətlərindən danışıblar. Atası ilə bağlı xatirələrini bölüşən Xudu Məmmədovun oğlu Toğrul Məmmədov tədbirin sonunda təşkilatçılara ailələri adından dərin minnətdarlığını bildirib.

Ceyhun ABASOV

 





22.11.2017    çap et  çap et