525.Az

İstanbulda Dünya Halal Sammiti keçirilir


 

İstanbulda Dünya Halal Sammiti keçirilir<b style="color:red"></b> Bu gün Türkiyənin İstanbul şəhərində Dünya Halal Sammiti (World Halal Summit) öz işinə başlayıb.
 
“APA-Economics”in İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və “Discover Events”in təşkilatçılığı, Türkiyə prezidenti administrasiyasının dəstəyi ilə keçirilən sammit noyabrın 25-dək davam edəcək. Zirvə toplantısı “Halal: Bir yaşam tərzi” şüarı altında keçirilir. Sammit çərçivəsində V İƏT Halal Expo sərgisi də baş tutacaq.
 
Sammit Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
 
Daha sonra tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub: “Artıq dünyanın dörd bir yanında halal bir yaşam tərzinə çevrilib. Yeni texnologiyaların tətbiq olunması ilə halal ticarətin əhatə dairəsinin və həcminin genişləndirilməsi olduqca vacibdir. Bu, Türkiyə üçün də mühüm məsələdir. Əminəm ki, bu cür məsələlər iştirakçısı olduğunuz sammitdə ətraflı müzakirə olunacaq. Sizi səmimiyyətlə salamlayır və tədbirin işinə müvəffəqiyyətlər arzu edirəm”.
 
Daha sonra çıxış edən Dünya Halal Sammitinin başqanı Yunus Ete bildirib ki, halal bazarının həcmi 4 trilyon dollar təşkil edir: “Bunun 2 trilyon dolları İslam maliyyəsinin, 250 milyard dolları turizmin, qalan hissəsi isə əvzaçılıq, kosmetika, kimya kimi sektorların payına düşür”.
 
Onun sözlərinə görə, İslam maliyyəsində Türkiyənin payı 55 milyard dollar təşkil edir. “Halal bazarın 85%-i qeyri-müsəlman ölkələrin əlində cəmləşib”, - deyə o bildirib.
 
Y. Ete əlavə edib ki, Dünya Halal Sammiti müsəlman ölkələrini bir araya toplamaq və ortaq bir qərarın qəbul olunması baxımından vacibdir.
 
O halal sertifikatın önəmindən danışaraq, bunun halal qidanın inkişafı üçün olduqca vacib olduğunu bildirib.
 
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Türkiyənin halal qida bazarının həcmi q5 milyard dollar təşkil edir. Əlavə olunub ki, bu rəqəm hər il ikiqat artım nümayiş etdirir. Bu ilin sonuna qardaş ölkənin halal qida bazarının həcminin 30 milyard dollara çatacacağı gözlənilir.
 
Qeyd edək ki, tədbirə 57-si İƏT üzvü olmaqla 80-dən çox ölkənin nümayəndəsi qatılıb. Rəsmi şəxslər və media nümayəndələri ilə yanaşı, tədbirdə İslam maliyyəsi, tekstili və halal qida, turizm, kimya, əczaçılıq kimi sektorların təmsilçiləri iştirak edir.
 
Halal Expo sərgisi isə 150-yə yaxın türk və xarici şirkətin diqqətini çəkib. Biznes nümayəndələri burada öz məhsullarını nümayiş etdirmək, habelə B2B formatında müzakirələr aparmaq şansını əldə ediblər.
 





23.11.2017    çap et  çap et