525.Az

Çağdaş "Qarabağnamələr" müəllifinin Qarabağ hesabatı


 

Çağdaş "Qarabağnamələr" müəllifinin Qarabağ hesabatı<b style="color:red"></b>

Tanınmış yazıçı-publisist, istedadlı jurnalist, fədakar tədqiqatçı və naşir Mustafa Çəmənlinin anadan olmasının 70 illiyi yaradıcılığının baş mövzusu olan Qarabağ torpağında, doğulub-böyüdüyü Ağdam rayonunda da təntənə ilə qeyd edildi.

Rayon Mədəniyyət Evinin böyük salonunda respublikanın bir qrup söz ustasının iştirakı ilə keçirilən yubiley mərasimində Mustafa Çəmənlinin mənalı həyat yolu, yarım əsrlik jurnalist-naşirlik və ədəbi-bədii fəaliyyəti barədə geniş söhbət açıldı.

İlk yazılarını orta məktəb illərindən qələmə almağa və çap etdirməyə başlayan 70 yaşlı yazar və tədqiqatçının bu gün də zənginləşməkdə olan bədii-sənədli irsində Qarabağın dünəni və bu günündən bəhs edən müxtəlif janrlı yazıların geniş yer tutduğu toplantıda razılıqla vurğulandı. Mərasim iştirakçıları Çağdaş "Qarabağnamələr" müəllifi olan ədibə yeni yaradıcılıq uğurları arzuladılar.

Mustafa Çəmənli bir çoxu əsərlərinin propotipi və qəhrəmanı olan həmyerliləri qarşısında yaradıcılıq hesabatı verərək, həmişə onların zəngin mənəviyyatından ilham və güc aldığını söylədi, Azərbaycan oxucusunun yüksək zövq və tələbatını cavablandırmağa çalışdığını dedi.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi istedadlı yazıçı, yorulmaz araşdırmaçı, mahir naşir Mustafa Çəmənlinin məhsuldar və çoxyönlü yaradıcılığı, əsərlərinin mövzu aktuallığı, yüksək ideya və sənətkarlıq xüsusiyyətləri ilə çağdaş yazarlar arasında nüfuzlu mövqe qazandığını, ədəbiyyatımıza və jurnalistikamıza dəyərli əsərlər bəxş etdiyini bildirdi. Qocaman şair-ədəbiyyatşünas Ənvər Əhməd, tanınmış yazıçı-dramaturq Əli Əmirli, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Əməkdar jurnalist Tahir Aydınoğlu da yubiliyarın tarixi və müasir mövzularda yazdığı roman, povest və hekayələrinin, günün sevinc və ağrılarını salnamələşdirən sənədli-publisistik yazılar silsiləsinin bədii-estetik məziyyətlərindən ətraflı söhbət açdılar, ona ən xoş diləklərini çatdırdılar.

Yubilyarın orta məktəb müəllimi, qocaman pedaqoq Xosrov Quliyev həmkəndlilərinin Mustafa Çəmənli adı ilə öyündüklərini, onun kitablarının Çəmənli kəndində hər evdə sevə-sevə oxunduğunu söylədi, keçmiş şagirdinə həyatda daha böyük uğurlar arzuladı.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Qarabağdan çıxmış məşhur yazıçı, şair və jurnalistlərin sənət yolunu uğurla davam etdirən Mustafa Çəmənlinin bədii-sənədli yaradıcılığının milli-mənəvi dəyərlərimizlə sıx təmasda formalaşdığını, onun həyat və fəaliyyətinin doğma torpaqda maraqla izləndiyini və yüksək dəyərləndirildiyini söylədi. Yazıçının daimi oxucusu olduğunu deyən başçı yubilyarı rayon ictimaiyyəti adından səmimi təbrik edərək, ona xatirə hədiyyəsi təqdim etdi.

Sonda Mustafa Çəmənli həyatının əlamətdar hadisəsinə göstərilən həssaslığa, 70 illik həyat və yaradıcılıq yolu barədə söylənən xoş sözlərə görə həmyerlilərinə və həmkarlarına dərin minnətdarlığını bildirdi.

Mərasimində Ağdam Dövlət Dram Teatrının aktyorları yubilyarın əsərlərindən epizodları səsləndirdilər, populyarlıq qazanmış qəhrəmanlarını canlandırdılar. Rayonun dünya şöhrətli "Şur" ansamblı və uşaq xor kollektivi Mustafa Çəmənlinin araşdırmalarında geniş yer tutan milli musiqimizin ən yaxşı nümunələri ilə yubiley məclisinə yüksək təntənə gətirdilər.

Nurxan RÜSTƏMLİ

 





23.11.2017    çap et  çap et