525.Az

Əflatun Amaşov: "İnformasiya sahəsinə ayrılan vəsait artırılmalıdır"


 

Əflatun Amaşov: "İnformasiya sahəsinə ayrılan vəsait artırılmalıdır"<b style="color:red"></b>

"2018-ci il dövlət büdcəsində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu, bizi sevindirir. Sənəd mükəmməldir, peşəkarlıqla hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı vəsaitin ayrılması isə ayrıca vurğulanmalıdır. Biz Şərqdə ilk demokratik respublikanın qurucusu olan xalqıq. Belə bir böyük dəyəri yaşatmağımız, təbliğ etməyimiz son dərəcə vacibdir və qürurvericidir".
 
Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov  dünən Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsiylə bağlı çıxış edərkən deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycan ordusu regionda ən güclü ordudur: "Əgər sülh yolu ilə olmasa, torpaqlarımızı ordumuzun sayəsində işğaldan azad edəcəyik. Ancaq reallıq budur ki, bu gün bir kəndimizi belə geri almağa cəhd göstərsək, beynəlxalq güclərin ciddi təzyiqi ilə üzləşəcəyik. Ona görə, indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi daha mükəmməl qurmalıyıq. Bir tankın alınmasına xərclənən pulla güclü bir televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdıra bilər. Bu isə şübhəsiz ki, sülh danışıqlarında həm də əlavə üstünlüyümüzdür".

Deputat bu məqsədlə dövlət büdcəsindən media ilə bağlı vəsaitin həm məbləğinin artırılmasını, həm də təyinat istiqamətlərinin genişləndirilməsini təklif edib: "Bir neçə dəfə onlayn jurnalistika üçün dövlət büdcəsindən vəsaitin ayrılması ilə bağlı çıxışlarım olub. Doğrudan da, bu, çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, xaricdən Azərbaycana olan informasiya təhdidlərinə qarşı əsasən onlayn media orqanları mübarizə aparır. Ancaq maliyyə çatışmazlığından bu sahədə problemlər var. Heç şübhəsiz, bu sahəyə sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Ən azı indi 1 milyon tapıb bu məqsədlə ayıra bilsək, əminəm ki, tezliklə onun nəticəsini görəcəyik".

Bu sahədə beynəlxalq təcrübədən danışan Ə.Amaşov bildirib ki, dövlətlər özlərinin informasiya təhlükəsizliyinin təminatına kifayət qədər böyük vəsait ayırırlar: "Məsələn, Rusiya adambaşına 40 dollar, Türkiyə 50, Qazaxıstan 35 dollar xərcləyir. Müqayisəli yanaşsaq, bizdə - müharibə vəziyyətində olan bir ölkədə bu rəqəm xeyli aşağıdır. Buna görə də dövlət büdcəsindən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır".

Müstəqil qurum kimi informasiya ombudsmanı institutunun yaradılmasını zəruri hesab edən şura sədrinin sözlərinə görə, bütün dünya ölkələrindən fərqli olaraq Azərbaycanda bu qurum İnsan Hüquqları üzrə Müvəkkilliyə birləşdirilib: "Fəaliyyət göz qabağındadır. Səbəb göstərilir ki, hökumət ştat ayırmır. Bu, izah deyil, daha çox bəhanəyə bənzəyir".

Deputatın fikrincə, bu institutun yaradılması ölkənin informasiya təhlükəsizliyinin qorunması üçün çox vacibdir.

Ceyhun ABASOV

 





23.11.2017    çap et  çap et