525.Az

Saakyana qucaq açan Fransa Kataloniya hadisələrindən dərs almaq istəmir


 

Saakyana qucaq açan Fransa Kataloniya hadisələrindən dərs almaq istəmir<b style="color:red"></b>

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri Bakıda kəskin etirazla qarşılanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayıb, həmçinin, Fransanın Bakıdakı səfiri XİN-ə dəvət olunaraq, ölkəmizin mövqeyi çatdırılıb.  Qeyd edilib ki, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır. XİN bəyan edib ki, Ermənistanın diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa İttifaqının ərazisinə daxil olması şengen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunmasına və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Məlumat üçün bildirək ki, bu, Bako Saakyanın Fransaya ilk səfəri deyil. Separatçı rejimin rəhbəri bundan əvvəl də təkcə Fransaya deyil, həmçinin ABŞ-a, Belçikaya səfərlər edib. Azərbaycanın etirazlarına cavab olaraq qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, fakt faktlığında qalır. Bir tərəfdən separatizmin əleyhinə olduğunu bəyan edən Avropa öz ərazisindən kənar, daha dəqiq desək, müsəlman dövlətlərinin ərazisində baş verən separatizmə, dövlətlərin ərazi bütövlüyünün pozulmasına, parçalanmasına nəinki göz yumur, hətta dəstək vermiş olur. Bu dəstəyin bir nümunəsi məhz separatçı Saakyanın Avropa ölkələrini rahat şəkildə gəzməsidir. Çox uzağa getməyək, Krım məsələsində Avropanın vahid mövqe nümayiş etdirməsinin, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin hamımız şahidi olduq. Təbii ki, belə bir situasiyanı seperatçı rejimin rəhbərliyinə tətbiq  etmək çox yerində olardı. Çünki başqa mexanizmlərlə bu regionda hüquqi münasibətləri bərqərar etmək qeyri-mümkündür. Qondarma Dağlıq Qarabağ rejiminin ABŞ Konqresi tərəfindən maliyyələşməsi, eyni zamanda, bu qurumun rəhbərlərinin dünyanın müxtəlif ölkələrində rəsmi şəxslər tərəfindən qəbul edilməsi, onların "müstəqilliyini" təşviq etmək, Azərbaycan parçalanması və təcavüzün stimullaşdırılması mənasını ifadə edir. 

Maraqlı bir sual yaranır? "Bako Saakyanın legetimliyi tanınmadığı  halda onu xarici dövlətlərdə hansı statusla qəbul edirlər?  Çünki Dağlıq Qarabağ adlı qurum dünyanın heç yerində tanınmayıb və onun Dağlıq Qarabağ pasportu yoxdur. Belə olan təqdirdə  Bako Saakyan və digərləri Ermənistan vasitəsilə beynəlxalq aləmə çıxmağa çalışırlar.

Fransaya budəfəki səfəri zamanı Saakyan həm də bu ölkənin bir sıra şəhərlərində keçirilən "Artsak mədəniyyət günlərində" iştirak edib. Azərbaycanın işğal altındakı Laçın şəhəri ilə Fransanın Alfortville şəhəri arasında dostluq bəyannaməsi imzalanıb. Əslində, bütün bunlar Avropanın gerçək üzünü ortaya qoyur və separatizmə dəstək verən Minsk qrupunun həmsədr dövlətinin Qarabağ münaqişəsinin həllinə hansı "yardımı" göstərə biləcəyini açıq şəkildə nümayiş etdirir. Digər tərəfdən, Fransa Korsika problemini nəzərə alıb, separatçı Saakyanı qəbul etməməli idi.

Siyasi şərhçi Elçin Mirzəbəyli  də hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri yolverilməzdir. Onun sözlərinə görə, əvvəla bu, Fransanın statusuna tamamilə uyğun gəlmir: "Yəni bu atılan addımlar və Bako Saakyan kimi bir separatçının Fransada hər hansı bir formada qarşılanması qəbuledilməzdir. Bu nə Fransanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi daşıdığı mandata, nə də ATƏT-in Minsk qrupunun həmsədri kimi funksiyalarına uyğun deyil. Təbii ki, Fransadan bu addımı gözləmək olardı. Fransada erməni diasporunun fəaliyyəti hər kəsə bəllidir. Fransa prezidentlərinin də ətrafında hər zaman erməni diasporunun nümayəndələri olub. Təsadüfi deyil ki, Fransa prezidenti hər dəfə Ermənistanı Fransanın kiçik bacısı epiteti ilə şərəfləndirirlər. Bu aspektdən də təəccüblü heç bir şey görmürəm. Amma bu addımlar təkcə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirilən ikili standartlar baxımından deyil, bütövlükdə separatizmin təbliği baxımından çox təhlükəlidir".

Ekspert hesab edir ki, Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan İspaniyada baş verən Kataloniya hadisələri Fransanın üçün də nəticə çıxarmağa imkan yaratmalı idi: "Çünki Fransanın özünün də ayrıca subyektləri var ki, onlarda etnik baxımından fərqli qruplara aiddirlər. Mütəmadi olaraq da həmin qrupların ayrı-ayrı nümayəndələri tərəfindən Fransadan ayrılmaq barədə fikirlər səsləndirilir. Əslində, belə davranışlar, addımlar separatizmin stimullaşdırılmasıdır ki, bu da son dövrlərdə Şimali İraqda, Kataloniyada baş verən olaylar baxımından nə qədər təhlükəli olduğu göz qabağındadır. Belə olduğu təqdirdə Fransanın davranışları təkcə onun BMT Təhlükəsizlik Şurasının üzvü kimi missiyasına və prinsiplərinə deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına, Avropa İttifaqının özünün mövcudluğuna və bütövlükdə Fransanın özünün də unitar bir dövlət kimi gələcəkdə mövcud olmasına problemlər yarada bilər. Bu, çox ciddi bir problemdir. Məsələyə təkcə işğal altındakı Azərbaycan torpaqlarında formalaşdırılan separatçı rejimin qondarma təmsilçisinin qarşılanması kontekstindən yanaşmaq doğru olmazdı".

PƏRVANƏ

 





23.11.2017    çap et  çap et