525.Az

"Gənc nəsil ədəbi dildə danışmağı daha da təkmilləşdirməlidir"


 

"Gənc nəsil ədəbi dildə danışmağı daha da təkmilləşdirməlidir"<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfrans keçirilib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elmində gənclərin çəkisinin artdığını bildirib.
 
İ.Həbibbəylinin sözlərinə görə, Akademiyada ana dilinin, dövlət dilinin daha dərindən öyrənilməsi istiqamətində mühüm addımlar atılır: "Bir neçə dildə səlis danışan gənc nəsil Azərbaycan ədəbi dilində yazmağı və danışmağı daha da təkmilləşdirməlidir".

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev qeyd edib ki, dekabrın 15-də Azərbaycanda ilk dəfə "Azərbaycan gənc alimlərinin I Qurultayı" keçiriləcək: "Bu konfrans bir növ həmin qurultaya hazırlıq xarakteri daşıyır. Konfransda gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri müzakirə olunacaq".

D. Tağıyev AMEA tərəfindən gənclərin elmə həvəsləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə bildirib ki, plagiat məsələsi ölkəmizdə də aktualdır. İstər ölkə xaricində, istərsə də ölkə daxilində qazanılan mövcud elmi nəticələrə istinad edilmir, həmin elmi nəticələr yeni nəticə kimi təqdim olunur. Bu sahədə etik qaydalar pozulur. İdarə rəisi qeyd edib ki, əksər vaxtlar gənclər iş tapa bilmədiklərindən şikayət edirlər: "İş yerini ali təhsilli şəxslər yaratmalıdır. Amma bizim gənclər universiteti bitirən kimi diplomu əllərinə alıb, gedirlər hər hansı təşkilatın qapısına ki, bizi işə götürün. Bu yanaşma kökündən yanlışdır".

Konfrans panellərlə davam etdirilib.

S.QARAYEVA

 





23.11.2017    çap et  çap et