525.Az

İslam dini, renessans, reformasiya haqqında düşüncələr


 

İslam dini, renessans, reformasiya haqqında düşüncələr<b style="color:red"></b>

Çox hallarda renessans, reformasiya və inqilab anlayışları ümumiləşdirilib, Qərbdə renessans, Şərqdə isə intibah adlandırılır. Əslində XIV-XIX əsrləri əhatə edən, bəşər tarixində misli görünməmiş, möhtəşəm, çoxcəhətli, uzunmüddətli bu hərəkat elmdə, dünyagörüşündə dirçəliş (renessans), xristian dininin, xüsusilə Roma kilsəsinin daxilində köklü keyfiyyət dəyişikliyi (reformasiya), siyasi hakimiyyətdə, cəmiyyətin idarə olunmasında renessans və reformasiyanın tələblərinə cavab verən yeni ictimai quruluşun (kapitalizmin) yaranması uğrunda mübarizə – inqilabdır.

Bu üç mərhələ feodalizmdən kapitalizmə, tarixin orta əsrdən yeni dövrə keçidin inkişaf yoludur və vahid zəncirin həlqələri kimi bir-biri ilə sıx bağlıdır.

Renessans deyəndə Avropanın xatırlanmasına baxmayaraq, əsl həqiqətdə bu işıqlı hərəkatın təməl prinsipləri VIII – XIII əsrlərdə müsəlman dünyasında qoyulub.

lll 

IV əsrin ortalarında Roma imperatoru Konstantin imperiyada xristianlığı rəsmi dövlət dinlərindən biri elan etdikdən sonra bu din, sürətlə yayılmağa və hakimiyyəti şəriksiz mənimsəməyə başladı. İlk növbədə antik sivilizasiya və onunla bağlı nə varsa, hər şeyi allahları, fəlsəfəni, elmi, əxlaqı, ədəbiyyatı, incəsənəti, memarlığı və sairəni özünün düşməni elan etdi. Bütpərəstliyi az vaxt ərzində ən faydalı ideya və əməlləri ilə birlikdə, süpürüb atmaq üçün ən müdhiş üsullara əl atdı. Roma katolik kilsəsi özünü “kainatın ağası” elan etdi. Qısa vaxt ərzində qədim dünyanın azad, realist ictimai şüurundan, rasional təfəkküründən əsər-əlamət saxlamadı. Hiss olunmadan dövlət hakimiyyətinin ağırlıq mərkəzi ordudan kilsənin əlinə keçdi. İnsanlarla birgə elm və incəsənət də azadlığının həyati, təbii inkişafindan məhrum olundu.

Əsrlər boyu yenilməzlik, igidlik, cəsurluq, qəhrəmanlıq, cəngavərlik rəmzi sayılan Roma imperiyasının əski əxlaqı büsbütün dəyişdi. Bibliyanın ehkamlarına müvafiq olaraq, romalıların sol üzünə tüpürəndə, onlar sağ üzlərini də tüpürmək üçün məmnuniyyətlə çevirməyə başladılar. Beləliklə, bütün dünyanın yollarının keçdiyi Roma, öz yolunu katolik kilsəsindlən salmağa məcbur oldu. Antik dünyanın ruhunun məğrur daşıyıcısı, Roma imperiyasının yenilməz ruhu yenildi, onu müqəddəs vəhylər, ehkamlar, dini fanatizm, cəhalət və mütilik əvəz etdi.

lll 

İslam bərqərar olandan sonra onun ən qatı düşməni bütpərəstlik, Zərdüşt, “Avesta” və atəşpərəstlik oldu. İlk növbədə bütün bütləri yerlə-yeksan etdi, daha sonra atəşpərəstləri Zərdüştün “Avestası” ilə birgə Hindistana qədər qovdu.

Lakin islamın antik dünya elmi və mədəniyyəti ilə tanışlığı olmadığı kimi, ədavəti və rəqabəti də yox idi. Xristian dünyasında özünə yer tapa bilməyən antik fəlsəfə və digər dünyəvi elmlər müsəlman dünyasının diqqətini çəkdi.

Tarixdə ilk dəfə olaraq islam, dünyəvi dinlər arasında, həmçinin cəmiyyətdə və elmdə, milli, irqi ayrıseçkiliyə son qoydu.

lll 

VII əsrin birinci yarısında bədəvi ərəb icmaları Həzrəti Məhəmməd peyğəmbər qəbul edib, Qurani-Kərimdəki ali ideyalar ətrafında sıx birləşdilər. Peyğəmbərin vəfatından sonra Əbu Bəkrin xəlifəliyi dövründə onlar andlarına xilaf çıxaraq, Məhəmməd peyğəmbərə və Qurani-Kərimə sədaqətləri zəiflədi. Hamının ümidini itirməsinə baxmayaraq, çox həlim, mötədil görünən Əbu Bəkr sona qədər ruhdan düşmədi, dəmir kimi möhkəm iradəsi ilə peyğəmbərə və islama misilsiz sədaqət nümunəsi göstərdi. Çox çətin şəraitdə Mədinə və onun ətraf ərazilərində hakimiyyəti saxlaya bildi.

Ömər xəlifə seçiləndən sonra xilafətin hakimiyyətini, bütün Səudiyyə Ərəbistanında möhkəmləndirdi və cəsur ərəb süvarilərini qətiyyətlə Suriya, Fələstin, Misir, İran və İraqa istiqamətləndirdi. Qüdrətli təşkilatçılıq və rəhbərlik bacarığına malik olan Ömər və onun silahdaşları, işğal olunmuş ölkələrdə klassik dövlət quruculuğu, divan işləri ilə tanış olub, onları şəriət qanunlarına uyğunlaşdıraraq, xilafətdə geniş tətbiq etməyə başladılar.

İslamın qədim dünya sivilizasiyası ilə tanışlığı belə başladı.

lll 

Əməvilərin hakimiyyəti dövründə daha da genişlənən bu tanışlıq, abbasilərin dövründə möhkəmləndi, xüsusilə, xəlifə əl Məmunun vaxtında əməkdaşlığa, ehtiram və hörmətə çevrildi.

lll 

Xəlifənin sarayında dini kitablarla yanaşı, dünyəvi elmlərdən bəhs edən kitablardan ibarət Kitab Evi, dünyəvi elmlər tədris olunan məktəb təşkil olundu. Əl Məmunun şəxsi təşəbbüsü ilə indiki Elmlər Akademiyasını xatırladan və Müdriklik Evi adlandırılan elmi mərkəz yaradıldı. Dünyəvi və dini elmlərə fərqli münasibət aradan qaldırıldı, daha sonra dünyəvi elmlər ön plana keçdi.

Müdriklik Evinə dinindən, dilindən, irqindən asılı olmayaraq, dünyanın müxtəlif ölkələrindən alimlər, tərcüməçilər cəlb olunurdular.

İslam dünyasının mərkəzi Bağdada Çin, Hindistan, Yunanıstan, Roma, Bizans, Suriya, İran və s. ölkələrdən antik dünyanın görkəmli alimlərinin əsərləri axıb gəlirdi. Bir-birinin ardınca Platonun, Aristotelin, Qalenin, Ptolomeyin, Hippokratın və digər onlarla antik mütəfəkkirlərin əsərləri ərəb dilinə tərcümə olunub, maneəsiz yayılırdı.

Bizans müharibədə məğlubiyyətə uğradıqdan sonra əl Məmunun tələbi ilə imperiyanın kitabxanalarındakı elmi əsərlərin hərəsindən bir nüsxə Bağdada gətirilib ərəb dilinə tərcümə olundu.

Müsəlman renessansı təkcə xəlifənin sarayında, Bağdadda kök atmadı, Mərkəzi Asiyadan Hindistana, Şimali Afrikaya qədər böyük bir arealı əhatə etdi. Buxara, Səmərqənd, Mərv, Herat, Qahirə və digər şəhərlər elm mərkəzlərinə çevrildilər.

lll

İslam sivilizasiyası İspaniyada özünəməxsus xüsusi yolla inkişaf etməyə başladı. Kordova, Sevilya, Toledo və digər şəhərlərdə akademiyalar, ali məktəblər, yaradıldı. Həmin akademiya və məktəblərdə dünyəvi elmlər – fəlsəfə, riyaziyyat, astronomiya, tibb, tarix, kimya və digər elmlər öyrənilib, tədqiq və tədris olunmağa başlandı.

“İspaniyada parlayan islam sivilizasiyasının şüaları sonradan bütün xristian dünyasını işıqlandırdı. Müsəlmanlar Kordova və Toledoda yunan elminin axırıncı qığılcımlarını qayğı ilə yığıb alovlandıraraq, bizim üçün qorudular. Biz, avropalılar yeni dövrün kəşfləri üçün islam dünyasının müdrikliyinə borcluyuq.” (Q.Fr. Kolb, Bəşər mədəniyyətinin tarixi, Kiyev, 1899, üçüncü bölmə, səh.127)

lll

İslam fəlsəfəsi, elmi, mədəniyyəti, ədəbiyyatı, dünyagörüşü xristian dünyası ilə müqayisədə ağılasığmaz dərəcədə yüksəldi, müsəlman dünyası qədim və orta əsr ümumbəşər elminin və mədəniyyətinin daşıyıcısı, qoruyucusu və hamisinə çevrildi.

Məhəmməd əl Xarəzmi, Cabir İbn əl Həyyan, əl Fərabi, Biruni, İbn əl Heysəm, İbn Sina, Ömər Xəyyam, Firdovsi, Nizami Gəncəvi və onlarla başqaları dünyəvi elmlərin, mədəniyyətin və ədəbiyyatın aparıcı şəxsiyyətləri oldular.

Xristian dünyasının elm adamları müsəlman adı altında gizlincə Kordova və digər ali məktəblərə yol tapır, həmin təhsil müəssisələrində dünyəvi elmlərin əsaslarını öyrənməklə fəxr edirdilər.

lll 

Qərb və Şərq sivilizasiyası antik dövrdə Makedoniyalı İsgəndərdən sonra bir-birinə qovuşaraq ellinizm adını aldı, orta əsrlərdə isə Məhəmməd peyğəmbərdən sonra həmin inteqrasiya müsəlman renessansı adını alaraq, ümumbəşəri dəyərləri daha yüksəklərə qaldırdı.

Qərb və Şərq elmi fərq qoymadan görkəmli mütəfəkkirləri hər yerdə doğma adamları kimi qəbul etməyə başladı. Hətta Qərb alimlərinin adları Şərqdə şərqləşdirildi, Şərq alimlərinin adları isə Qərbdə latınlaşdırıldı. İslam dünyasında Platon Əflatun, Aristotel Ərəstun, Qərb dünyasında Cabir İbn əl Həyyan Gerber, İbn əl Heysəm Alqazen, İbn Sina Avitsenna adlandırıldı.

lll

X-XIII əsrlərdə islam dünyasında türk sülalələri islamın başlıca siyasi, elmi və hərbi qüvvəsinə çevrildilər. Şved alimi, görkəmli şərqşünas Adam Mets haqlı olaraq, həmin dövrü “müsəlman renessansı” adlandırır. Bu əzəmətli möhtəşəm dirçəliş və tərəqqinin qarşısını üç əsrlik mənasız, dağıdıcı, amansız səlib yürüşləri belə ala bilmədi. Şərqdə müsəlman, Qərbdə xristian xalqlarına böyük faciə və fəlakətlər gətirən xaç yürüşlərinin uğursuzluqları müsəlman renessansından daha çox katolik kilsəsinin prestijinə və siyasi mövqeyinə zərbə vurdu.

lll

Başlanğıcını antik dünyanın toxumlarından götürüb cücərdən, onu Roma kilsəsinin təqiblərindən qoruyub inkişaf etdirən müsəlman renessansı XIII əsrdən başlayaraq tənəzzülə uğramağa başladı.

Buna səbəb nə oldu?!

lll 

XIII əsrin birinci yarısında Çingiz xan, Hülakü xan, ümumiyyətlə, bir çox monqol işğalçıları, islama və onunla bağlı nə varsa, hər şeyə qarşı on illərlə amansızcasına mübarizə apardılar. Bu da müsəlman renessansına çox ciddi zərbə endirdi. Əvvəlcə Şərqin ən böyük mədəniyyət mərkəzi  olan Xarəzm şahlığını darmadağın etdilər. Səmərqəndi, Xivəni, Buxaranı külə döndərdilər. İslamın dünyəvi paytaxtı, “Min bir gecə” nağıllarının əfsanəvi rəmzi Bağdad şəhəri yerlə- yeksan olundu. Müsəlman dünyası və onun mədəniyyəti Misir, İspaniya, Şimali Afrikaya sıxışdırıldı. Bağdad bir daha əvvəlki ucalığına yüksələ bilmədi və islam dünyasının ümumi, birləşdirici mərkəzinə çevrilmədi.

(Ardı var)

 





06.06.2013    çap et  çap et