525.Az

"Sankt-Peterburqdakı forum Azərbaycanın təmsil olunduğu dünya səviyyəli tədbirlərdəndir"


 

"Sankt-Peterburqdakı forum Azərbaycanın təmsil olunduğu dünya səviyyəli tədbirlərdəndir"<b style="color:red"></b>

Bu il noyabrın 16-18-də Rusiya Federasiyasının mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

Forumda Azərbaycan Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin rəhbərlik etdiyi, görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Nümayəndə heyətinin rəhbəri Forumla bağlı təəssüratlarını bizimlə bölüşüb. 

- Timuçin müəllim, hamıya məlumdur ki, Azərbaycan xeyli vaxtdır, müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərə, eləcə də beynəlxalq forumlara ev sahibliyi edir, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur. Belə mötəbər tədbirlərdən biri də bu günlərdə keçirilmiş Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu idi. Forumla bağlı nə deyə bilərsiniz, bu tədbirin keçirilməsinin məqsədi nə idi?

- Düzgün qeyd etdiniz ki, Azərbaycan son illər ərzində müxtəlif irimiqyaslı beynəlxalq tədbirlər, forumlar təşkil edir, dünyanın müxtəlif ölkələrində keçirilən analoji tədbirlərə qatılır. Bu tədbirlər Azərbaycan dövlətinin xalqlar, ölkələr və bütövlükdə insanlar, icmalar və cəmiyyətlər arası anlayışın və dostluğun formalaşmasının, sülhün bərqərar olması və bununla da multikultural prinsiplərə sadiq qalmasının bariz nümunəsidir. Bakı Beynəlxalq Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər dünya səviyyəli  tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına xidmət edib. Biz bunu Forumda iştirak edən zaman hiss etdik. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu isə mədəniyyət və incəsənət xadimlərinin bir araya gəldiyi geniş diskussiya, fikir və təcrübə mübadiləsi meydanlarından biridir. Forumu giriş sözlə açan Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski Forumun başlıca məqsədinin iştirakçı ölkələrin və dünya ictimaiyyətinin həyatına konstruktiv mədəni inkişafın fəal qüvvəsinin əsas istiqamətlərini formalaşdırmaq olduğu bildirdi. Bununla belə, Forumun hədəfləri sırasında bəşəriyyətin mədəni irsinin qorunub saxlanılması və artırılmasına yönəlmiş milli, dövlətlərarası və qlobal proqramların işlənib hazırlanması və tətbiq edilməsi də diqqətimizi cəlb etdi. Forum qarşısına qlobal və lokal səviyyələrdə müasir cəmiyyətin inkişafına müsbət təsir göstərə biləcək yeni effektiv mexanizmlərinin yaradılmasını təmin etmək kimi hədəf də qoymuşdu. Qarşısına bu cür məqsəd və hədəf qoyan Forumun açılış mərasimində Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putin öz çıxışında tədbir iştirakçılarına müraciət edərək, qeyd etdi ki, "Siz heç bir tərcümə tələb etməyən incəsənət dilində danışırsınız. Sizin istedadınız, qəlbinizin genişliyi, peşəkarlığınız quruculuq, yaradıcılıq və xeyirxahlığa sövq edir, dünyamıza ruh yüksəkliyi bəxş edir, onu nəcibliklə və güclü mənəviyyatla zənginləşdirir. Təsadüfi deyildir ki, incəsənət xadimləri - rəssamlar, şairlər, aktyorlar, musiqiçilər cəmiyyətdə böyük nüfuz sahibidirlər". Bu müraciət Forum iştirakçılarının nə qədər böyük nüfuz və qüvvəyə malik olduqlarını bir daha təsdiq edir.

- Məlum olduğu kimi, bu il keçirilən Forum sayca altıncıdır. Bu il Forumun əhatə etdiyi coğrafiya və keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

- İlk növbədə qeyd etmək vacibdir ki, builki Foruma rekord sayda - yüzə yaxın ölkədən 35 min iştirakçı, 1000 əcnəbi qonaq, 30 ölkənin mədəniyyət nazirləri qatılmışdı. Dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş mədəniyyət xadimləri, o cümlədən, teatr, kino, xoreoqrafiya, musiqi, rəssamlıq, ədəbiyyat, təhsil, turizm və digər sahələrin mütəxəssisləri burada həm öz milli mədəniyyətlərini təmsil edə bildilər, həm də dünya klassik irsi ilə təmasda olmaq imkanı qazandılar. Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı seksiyalarda öz peşələrinə uyğun çıxışlar edərək, Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əldə etdiyi uğur və nailiyyətlərdən danışdılar.

- Timuçin müəllim, Forum Sizin üçün nə ilə yadda qaldı?

- Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. İstər açılış mərasimi və plenar yığıncaq, istərsə də  seksiyalar, eləcə də bədii tədbirlər xüsusi zövqlə və peşəkarcasına hazırlanmışdı. Əlamətdar haldır ki, Forum çərçivəsində şəhərin 167 məkanında 450 tədbir keçirildi. Bu tədbirlərdən biri də məşhur pedaqoq və xoreoqraf Marius Petipanın 200 illik yubileyi ilə əlaqədar 2018-ci il Rusiyada "Balet ili" elan edilməsinə həsr olunmuş dəyirmi masa idi. Bundan əlavə, bu günlərdə Bakı Xoreoqrafiya Akademiyasında ustad dərslər keçirəcək Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiyanın Xalq artisti Nikolay Tsiskaridze ilə görüşümüz oldu. Bütövlükdə, bu Forum qloballaşma dövründə mədəniyyətin qorunması və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək yeni texnologiyalar, yeni tanışlıqlar, əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilmə perspektivlərinin müzakirəsi ilə yadda qaldı. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Azərbaycanın təmsil olunduğu dünya səviyyəli mədəniyyət tədbirlərindən biridir və onu Azərbaycan elmi, mədəniyyəti və incəsənətinin təbliği üçün yeni bir müstəvi kimi qiymətləndirirəm.

Əbülfəz BABAZADƏ
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 





28.11.2017    çap et  çap et