525.Az

Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları" kitabı təqdim edildi


 

LÜTVƏLİ BABAYEV: "AZƏRBAYCANDA MAARİFÇİLİK, MƏTBUAT, İCTİMAİ FİKRİN İNKİŞAFINDA HƏSƏN BƏY ZƏRDABİNİN DANILMAZ TARİXİ XİDMƏTLƏRİ VAR"

Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları" kitabı təqdim edildi<b style="color:red"></b>

Noyabrın 25-də Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə "Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları" kitabının təqdimat mərasimi keçirilib.

Mətbuat Şurasından verilən məlumata görə, Zərdabda baş tutan toplantı milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadim və naşir Həsən bəy Zərdabinin vəfatının 110-cu ildönümünə həsr olunub.

Mərasimi icra başçısı Lütvəli Babayev açaraq bildirib ki, Azərbaycanda maarifçilik, mətbuat, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır: "1861-ci ildə Tiflis gimnaziyası, 1865-ci ildə Moskva Universitetini bitirən Zərdabi Azərbaycanda xeyriyyə cəmiyyəti, milli teatr, milli mətbuatın əsasını qoyub. Onun zəhməti nəticəsində 1901-ci ildə Bakıda Qızlar gimnaziyası fəaliyyətə başlayıb. Görkəmli alimin təşəbbüsü ilə Azərbaycan müəllimlərinin 1-ci qurultayı çağırılıb. Ömrünü xalqın rifahına həsr edən Həsən bəy Zərdabinin xatirəsi bu gün hər yerdə olduğu kimi, Zərdabda da böyük ehtiramla anılır".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə bildirib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir: "110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi dəyərli xəzinə, məktəbdir. Bu müdrik şəxsiyyət "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməlini qoymaqla xalqımızın maariflənməsi, dilimizin qorunması, saflaşması yolunda tarixi addım atıb. Xalqımız xoşbəxtdir ki, onun Həsən bəy Zərdabi kimi fədakar oğlu var. Məlumdur ki, cəmi 56 nömrəsi işıq üzü görmüş "Əkinçi" davamlı təzyiqlərdən və təqiblərdən sonra bağlanıb. Ömrünün ixtiyar çağının 15 ilini doğma Zərdabda sürgün həyatı kimi yaşamağa məcbur olan Həsən bəy buradan Azərbaycanda, Gürcüstanda və hətta Rusiyada nəşr olunan qəzet və jurnallara çoxsaylı məqalələr göndərib. Görkəmli şəxsiyyətin əksəriyyəti "Kaspi" qəzetində dərc edilən və bu kitabda toplanan, seçilmiş məqalə və məktubları xalqımızın, ölkəmizin XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatının, məişətinin dərindən öyrənilməsi üçün əvəzolunmaz, çox dəyərli, zəngin xəzinədir. Şübhə yoxdur ki, Zərdabi irsinin araşdırmaçıları, jurnalistika fakültəsinin tələbələri nəşrdə onları düşündürən çox məsələlərə cavab tapacaqlar".

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli isə çıxışında qeyd edib ki, rus dilindən tərcümə olunaraq oxuculara ana dilimizdə təqdim olunan "Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları" kitabı Zərdabi irsinə böyük məhəbbətin məhsuludur. O, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsin xidmətini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva vurğulayıb ki, Həsən bəy Zərdabi "elmdən məhrum olan xalq işıqdan məhrumdur" deyirdi: "Bu gün Zərdab gözəl ziyalıları, fədakar insanları ilə tanınır. Bu insanlar rayona hər zaman başucalığı gətirirlər. Deməli, Zərdabinin arzuları çiçək açır, gözəl bəhrələr verir".

Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli çıxış edərək bildirib ki, Həsən bəy Zərdabi türk dünyasının ən qabaqcıl ziyalılarından biridir.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Həsən bəy Zərdabinin həyat fəaliyyətindəki spesifik məqamlardan söz açaraq bildirib ki, təqdimatı keçirilən nəşr dahi mütəfəkkirin ruhuna böyük etimaddır.

"Xalq qəzeti"nin baş redaktor müavini, kitabın redaktoru və rəyçisi Tahir Aydınoğlu isə qeyd edib ki, təqdimatı keçirilən nəşr Azərbaycan xalqının keçmişini əhatə edən canlı salnamədir: "Nə yaxşı ki, Zərdab torpağının övladları sinələrini qabağa verərək bu müqəddəs işi öz üzərlərinə götürüblər. Onlar Həsən bəyin çox dəyərli irsinə ikinci həyat, anım gününə gözəl töhfə veriblər. Xoşbəxtəm ki, bu işdə mənim də az-çox əməyim var".

Kitabın tərcüməçisi, Zərdab Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədov məlumat verib ki, kitabda "Kaspi" qəzetinə 1881-1895-ci illərdə Zərdabdan göndərdiyi və "Zərdabdan məktublar" başlığı altında dərc olunmuş məqalə və məktubları, həmçinin, "Kaspi" qəzetinin redaktoru işlədiyi illərdə həmin qəzetdə, eləcə də "Qafqaz" qəzetində, "Trudı Kavkazskoqo obşestva selskoqo xozyaystva" nəşrində yayımlanan məqalələri və məktubları yer alıb: "Kitabdakı bütün məqalə və məktublar hissə-hissə Zərdab rayonunda çıxan "Əkinçi" qəzetinin 2009-2016-cı illərdəki saylarında çap olunub. Məqalələrin hər biri elmi, mədəni, maarifləndirici, tarixi, etnoqrafik və fəlsəfi əsərdir, xalqımızın ötən əsrlərdəki həyatının canlı salnaməsidir. Məqalələr bu gün də əhəmiyyətini itirmir, aktuallığını saxlayır".

C.ABASOV

 





28.11.2017    çap et  çap et