525.Az

Bədii sözə inandırmağın ustası - Cavid Qədir yazır


 

Bədii sözə inandırmağın ustası - <b style="color:red">Cavid Qədir yazır </b>

Kamal Abdulla imzasına hələ universitetdə oxuyanda, Nobel mükafatına namizədliyi qeydə alınanda rast gəlmişdim. İlk rastıma çıxan mətnisə “Unutmağa kimsə yox” şeiri oldu. Daha sonra hekayələrini, esselərini oxudum, ədəbiyyatşünas, alim kimi fəaliyyəti ilə tanış oldum.

Böyük rus yazıçısı Vladimir Nabokov “Madam Bovari” haqqında” essesində "Uşağa bir hekayə oxuyursuz, o saat sizdən soruşur ki, “bu doğrudan olub?” Əgər doğrudan olmayıbsa, uşaq israrla sizdən olmuş bir hekayə istəyir” – yazır. Yəni ədəbiyyat əslində nə danışmaq yox, necə danışmaq və danışdığına inandırmaq sənətidir. Kamal Abdulla inandırmağın ustası olan yazıçılardandır.

Oxuduqca, araşdırdıqca Kamal Abdulla mətninə heyran qalmamaq mümkünsüzdür. Mütaliə etdikcə mətndə yeni qatlar, yeni cığırlar, çalarlar, mənalar üzə çıxır. Oxucu bəzən yol ayrıcındakı Cırtdan kimi işıq gələnmi, yoxsa it hürənmi tərəfə gedəcəyini kəsdirə bilmir. Amma əsas sürpriz döngələrin sonundadı. Hər iki tərəfdə də müəllif dayanıb. Oxucunun əlindən tutub onu öz evinə, sivilizasiyaya, işığa çıxaracağı anı gözləyir.

Amma oxucu da gərək bir az “fərasətli” ola, müəllifi, o gözəgörünməz əli gözləmədən özü həmin işığı, həmin o mətnin qayəsini tapa bilə...

Kamal Abdullanın mətni həm də dominantdı. Oxucuya diqtəni sevir. Onu istədiyi öz təsirində saxlamağı, düşündürməyi, intizarda qoymağı, axtarışa, araşdırmaya sövq etməyi də. Öz orbitində dövr edən planet kimi müstəqilləşir, oxucunu peykinə çevirir, cazibə qüvvəsinə uyğun şəkildə hərəkətə sövq edir.

Mətndəki cümlələr sanki nizami ordu kimi dayanır. Səf-səf düzülmüş, nizələrinin soyuq parıltısı, dəbilqələrin bərq vuran işıltısı oxucunun canına üşütmə salır. Amma yaxınlaşdıqca, səflərin arasından keçdikcə, mütaliəçi bu ordunun düşmən yox, xilaskar olduğunu anlayır. Ekonun “Qızılgülün adı”ndakı “döyüşə hazır nizami ordu kimi gözəl və qorxunc qız” frazasını yada salır.

Kamal Abdullanın yazılarında diqqət çəkən əsas məqamlardan biri onun özünəməxsus, eyni zamanda, böyük fransız filosofu və ədibi Jan Pol Sartrı xatırladan üslubudur. Oxuduqca sanki Yerin kürə formasında olmasını bir daha xatırladır, “dünyanın neçə bucaq olduğu” məsəli gücdən düşür. Bütün künclər ilğım kimi əriyib, uzun, sinonimlərdən bol, bir qədər də zəhmli, “qaşqabaqlı” cümlələrin içərisində yoxa çıxır, dairəvi döngələrə, kor dalanlara çevrilir. Oxucu gözünü açanda özünü labrintdə görür, hardansa uzaq bir döngədən qəzəbli minotavrın nəriltisi eşidilir. Naşı oxucu özünü çaşdırır, tələsik o təhdiddən qaçmağa üz qoyur. Qaçdıqca da labrintin daha dərinlərinə girir, azdıqca azır, dolaşdıqca dolaşır, sonda ənsəsində anlaşılmazlığın – həmin o qaçdığı minotavrın buğlu nəfəsini hiss edir. Qarşıda isə divar kimi dayanmış cümlələr var...

Usta oxucu isə bir-bir döngələri sayır, “Əlibaba və qırx quldur”dakı kimi dalanları işarələyir. Hərdən müəllif bir qədər də həyəcanı artırmaq üçün başqa çıxışları işarələyəndəsə, lap başa, labrintə ayaq basdığı yerə dönür, axtarıb Ariadna yumağını tapır, qaranlıqda yol gedən Tesey kimi onu başqa yerlərdə axtaran minotavrın arxasınca düşür, bu dəfə qaçan oxucu yox, minotavr olur, sonda minotavrın nəfəsi tıxanır, bir kor künc tapıb özünü ora salır. Elə bu an müəllif qələmini – sehrli çubuğunu tərpədib, labirintin düyünlərini açır. Orbitdəki xəyali oxun bir kənarından Günəş doğur...

Usta müəllif həm də öz mətnindən əl götürəndir. Oxuduqca müəllif görünməz olmalı, mətnin ipləri onun əlində olsa da, səninmiş kimi görünməli, sən yazırsanmış, sən yaşayırsanmış kimi mənzərə ortaya çıxmalıdı. Müəllif arada nə qədər çox görünsə, mətn o qədər uzaq, o qədər ögey olur. Kamal  Abdullanın mətni bu baxımdan kifayət qədər ustayana və poetikdir.

Kamal Abdullanın yanaşmasına görə, ədəbiyyat Düma ilə Coys arasında uzun-uzadı yoldu. Bu yolun sağ və sol tərəfində isə başqa yazıçılar səpələnib. Kimi Coysa yaxın, Dümaya uzaq, kimisə əksinə...

Ədəbiyyatı fəza, Düma ilə Coysu Ağ yol zənn etsək, bəs başqa yazıçılar nələrə adekvatdı? Qara dəlik... Dümadan Coysa üz tutanların hamısı ona çata bilmir. Kimisi yorulub, yolda qalır, kimisi geri qayıdır, kimisi də həmin o qara dəliklərin badına gedir...

Kamal Abdulla yazıçıdan başqa, həm də mətnşünas, qorqudşünasdı. Düma ilə Coys teoremini də elə ədəbi esselərdən ibarət olan “Düma ilə Coys arasında” kitabında təqdim edib. Kitabdakı “Birun və Əndərun oyunları” ədəbi-bədii essesində, xüsusən, Məhəmməd Füzuli barəsində yazılanlar diqqət çəkir:

“Füzuli əzab-əziyyətdən bəşərin yalnız bir qismini azad etməyi düşünmür, o, bütün bəşərin əvəzinə “qəm yemək” istəyir. Budur Füzuli! Budur Füzulinin əndərunu. İllər, bəlkə əsrlər boyu “Şəbi-hicran” qalxanı ilə kənar gözdən gizlədilən, kənar gözün təsvirinə və təfsirinə gəlməyən məkanı.

... Bu misralardan Füzulinin əsl ruhani məkanı qurulub... Bu misralarla o böyükdür. Çünki bu Füzuli, əslində, Poeziyanın vətəndaşıdır, özü də sıradan vətəndaşı deyil, Poeziyanın İsa peyğəmbəridir. Biz əsl Füzulini onun dünyaya, bəşəriyyətə mesaj kimi göndərdiyi bu misraların içində görürük. Bəlkə də əsl Füzuli elə öz yaşam dövründə də bu misraların, bu məhrəm misraların içində mənəvi bir əndərunun içindəki kimi gizlənirdi. O misraların Füzulisi öz əndərununu indi-indi ehtiyatla tərk edir. Çünki onun dünyası onu yavaş-yavaş anlamağa çalışır...”

Füzuliyə “Poeziya vətəndaşı” deyən Kamal Abdulla əslində bu yanaşması ilə həm də “Nəsr vətəndaşı” olmaq iddiasını ortaya qoyur.

Qorqudşünas kimi Kamal Abdullanın son zamanlar ən çox diqqət çəkən işi, şübhəsiz, “Kitabi-Dədə Qorqud poetikasına giriş” monoqrafiyasıdır. Ricətlər formasında qələmə alınan elmi əsəri müəllif “Dansökülən variant” adlandırır. Dastana yeni baxış, yeni yanaşma, yeni çözüm gətirir.

Mətnin qatlarına endikcə yüksələrək qaranlığa işıq tutan Kamal Abdullanın dekabrın 4-də 67 yaşı tamam olur. Doğum günü mübarək olsun!

 





03.12.2017    çap et  çap et