525.Az

"Sara Xatun" jurnalı və saytı təqdim edildi - Foto


 

"Sara Xatun" jurnalı və saytı təqdim edildi - <b style="color:red">Foto</b>

Dekabrın 1-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə "Sara Xatun" jurnalının və saytının təqdimatı, eləcə də "Ənənədən gələcəyə" adlı moda nümayişi keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Jurnalın təsisçisi və baş redaktoru, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli çıxış edərək tədbir haqqında məlumat verib. Bildirib ki, uzun fasilədən sonra "Sara Xatun" qadın jurnalı Bakı Milli Geyim Evi ilə birlikdə "Ənənədən gələcəyə" layihəsi ilə yenidən oxucuların, dəb həvəskarlarının görüşünə gəlib: "2002-ci ildə nəşrə başlayan jurnal bir müddət aradan sonra yenidən fəaliyyətini davam etdirir. Bu il jurnalın 15 yaşı tamam olur. Məqsədimiz qloballaşan dünyada milli dəyərlərimizi vurğulamaq, qoruyub gələcək nəsillərə ötürmək və milli geyimlərimizi, milli mədəniyyətimizi təbliğ etməkdir. İstər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda yaşayan azərbaycançılıq ideyalarına sadiq ziyalı, savadlı, istənilən sahələrdə öz sözünü deyən və bu istiqamətdə fəaliyyət göstərən xanımlarımızı daha yaxından tanımaq və tanıtmaq istəyirik".

Qeyd olunub ki, jurnalın yeni sayı yubiley nömrəsi olmaqla yanaşı, eyni zamanda, xüsusi buraxılışdır: "Bu mənada xanımları dinləmək, onların fikirlərini geniş auditoriyaya çatdırmaq, gördükləri işlərin əhəmiyyətini vurğulamaq üçün daha çox söhbətlərə yer verməyi məqsədəuyğun saydıq. Növbəti saylarımızda isə maraqlı müsahibələrdən əlavə, həmçinin, simalar, elm, tarix, elçi, kino-teatr, muğam, sənətkar, ədəbiyyat, dəb, sağlamlıq, kulinariya kimi müxtəlif rubrikalarla görüşünüzə gələcəyik".

Millət vəkili Jalə Əliyeva, Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova və başqaları jurnalın yenidən nəşrə başlamasını müsbət dəyərləndirib, Bakı Milli Geyim Evinin son illər reallaşdırdığı layihə və tədbirləri milli geyimlərimizin, milli mədəniyyətimizin təbliği baxımından təqdir ediblər. Tədbir çərçivəsində, həmçinin, jurnalın saraxatun.com saytı da təqdim edilib.

Daha sonra Bakı Milli Geyim Evinin növbəti "Ənənədən gələcəyə" adlı milli geyim kolleksiyası nümayiş olunub. Kolleksiyada Azərbaycanın müxtəlif bölgələrinə xas olan milli geyimlər yer alıb.

 "Sara xatun" jurnalında milli geyimlər deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Xalq artisti Azərin, Əməkdar artistlər Gülzar Qurbanova, Fərqanə Qasımova və digər tanınmış şəxslərin təqdimatında verilib. Fotoların müəllifləri Rüstəm və Nəriman İsmayılov qardaşlarıdır.

Şahanə MÜŞFİQ

 





04.12.2017    çap et  çap et