525.Az

Qazaxda Molla Pənah Vaqif bayramı - Fotolar


 

Qazaxda Molla Pənah Vaqif bayramı - <b style="color:red">Fotolar</b>

Qazax şəhərinin Ədəbiyyat Muzeyində Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin "Sirlər xəzinəsi" birgə layihəsinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi, akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif" və Milli Kitabxananın nəşr etdiyi "Molla Pənah Vaqif. Biblioqrafiya" kitablarının və kitab sərgisinin təqdimatı keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, sonra M.P.Vaqifin, M.V.Vidadinin və S.Vurğunun Yuxarı Salahlı kəndindəki abidələri ziyarət olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbiri açaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həm bölgələrdə, həm də respublikadan kənarda təşkil edilən silsilə tədbirlərdən danışıb, "Sirlər xəzinəsi" layihəsinin əhəmiyyətini, bu məclisin vaqifşünaslar, poeziyasevər və musiqisevərlər üçün bir töhfə olduğunu vurğulayıb.

Sonra M.P.Vaqif haqqında sənədli film nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, milli ədəbiyyatımızda xüsusi iz qoymuş şairin 300 illiyinin bütün türk dünyasında böyük təntənə ilə qeyd edilməsinin təqdirəlayiq hal olduğunu deyib.

AYB Qazax bölməsinin sədri, şair Barat Vüsal, Birliyin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, Zaməddin Ziyadoğlu və digərləri çıxış edərək, akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif" və Milli Kitabxana tərəfindən tərtib olunmuş "Molla Pənah Vaqif. Biblioqrafiya" kitabları haqqında danışıb, bu əsərlərin türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildiriblər.

Tədbir boyu İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Molla Pənah Vaqifin şeirlərini oxuyub, Əməkdar artist, Milli Konservatoriyanın müəllimi Firuz Səxavət, IV kurs tələbələri Zəfər Əhmədli (tar), Müşfiq Lətifov (kamança), Bayram Üzeyirov (ud), Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə Vüqar Əliyev şairin qəzəllərindən və qoşmalarından ibarət muğam və təsniflər səsləndiriblər. Həmçinin, Qazax aşıqları Məhəmmədəli Məşədiyev, Samir Allahverdiyev, Yaşar Gülümcanov, Şahin Süleymanov isə şairin şeirləri üzərində oxunan aşıq havalarını ifa ediblər.

Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan, Vaqifin zəngin həyat və yaradıcılığını özündə əks etdirən "Molla Pənah Vaqif-300" adlı geniş kitab sərgisi maraqla qarşılanıb.

XƏDİCƏ

 





06.12.2017    çap et  çap et