525.Az

Səmimi insan, gerçək ziyalı


 

Səmimi insan, gerçək ziyalı<b style="color:red"></b>

(Əməkdar jurnalist Bəbir Hüseynovun 85 yaşına) 

Yurd yeri - dədə-babalarımızın uyuduğu and yerimiz.

Yurd yeri - qoynunda göz açdığımız, şirin uşaqlıq xatirələrinin yadigarı olan Vətən.

Yurd yeri -  24 il həsrətində olduğumuz, inləyən torpaq.

Hər kəsin doğulduğu, boya-başa çatdığı yer çox əzizdir. O yerə əlimiz çatmadıqda isə ora daha əziz olur. Çünki biz insanlar itirdiklərimizin dəyərini ən çox sonradan bilirik. Mənə belə gəlir ki, bu yazı yurd yerinin həsrətini çəkən insanlar üçün, xüsusilə Novruzlular üçün gərəkli olacaq.

Ağdamın ən böyük, adlı-sanlı kəndlərindən biri Novruzlu kəndi olub. Kənddə çoxlu abidələr, yeraltı kəhrizlər, Ağdamın heç bir yerində olmayan üstü dəmirli 3 mərtəbəli binalar, adlı-sanlı Hacı, Kərbəlayi, məşədi rütbəli insanlar, müəllimlər, həkimlər, digər peşə sahibləri, Sovet dövründə ordenli-medallı əmək adamları, üzümçülükdə, baramaçılıqda ad qazananlar var idi. Novruzlu kəndi qədim Qarabağın Cavanşir elinin tərkibində olub.

Hələ 1913-cü ildə Çar Rusiyasında çap olunan coğrafi atlasda Ağdamda iki sənaye müəssisəsi olduğu qeyd edilirdi. Onlardan biri Novruzlu Şərab Zavodu idi. Bu da təsadüfi deyildi. Novruzluda böyük üzüm bağları vardı. Dillər əzbəri olan ucaboylu üzüm bağları kəndə yaraşıq verirdi. Bağlarda 16 növ müxtəlif adda üzüm yetişdirilirdi: Qızıl üzüm, Hazarı, Quşürəyi, Keçiməməsi, Xan üzümü, Mərəndi, Şaq-şaq, Yaylıq üzüm, Tülküquyruğu, İrşibaba, Gəlinbarmağı və s. 1973-cü ildə İtaliyada şərabçılıq üzrə keçirilən sərgidə Novruzlunun üzüm bağlarının məhsulundan hazırlanan "Novruzlu" şirin çaxırı Qızıl medala layiq görülmüşdü.

Novruzlu kəndinin yetirmələri olan Salman və Səlim Həsənov qardaşları, Mirzə Çıraq 1905-1910-cu illərdə Peterburqda ali təhsil almışdılar.

Belə rəvayət edirlər ki, 1915-1918-ci illərdə Azərbaycana gələn Nuru Paşa Novruzlu Əsədulla bəylə görüşür. O, öz atının qızıl yəhərini ermənilərə qan udduran Əsədulla bəyin atının belinə qoyur, öz yapıncısını bəyin çiyninə salır, əlindəki mauzeri ona bağışlayır.

Bunları sadalamaqda məqsədim odur ki, bu gün böyük kişi - böyük ziyalı kimi tanınan Bəbir müəllim - Bəbir Qüdrət oğlu Hüseynov belə bir adlı-sanlı kənddə böyüyüb boya-başa çatıb.

Hörmətli gənclər, getməsəniz də, görməsəniz də, o kənd bizim kəndimizdir. Bacardığınız qədər o yerləri xatırlayın, yadda saxlayın, böyüklərinizdən soruşun, öyrənin, dünyasını dəyişənlərə rəhmət oxuyun.

lll

Mən Bəbir müəllimdən 3 yaş böyüyəm, onun uşaqlıq illəri gözümün qarşısında keçib. Bəbir müəllimin uşaqlıq dövrü Böyük Vətən Müharibəsi  illərinə düşürdü. Onun uşaqlıq illəri indiki kimi firavan dövrə təsadüf eləmədi.

Atası Qüdrət kişi Sovet hakimiyyətinin ilk illərindən kənddə, sovetlikdə, rayonda tanınan ziyalılardan biri idi. Dövlətə, dövlətçiliyə sadiq kişi, əməli, əqidəsi düz insan idi. Qüdrət kişi otən əsrin 30-50-ci illərində ardıcıl olaraq rayonun Güllücə, Suma, Tağıbəyli, Novruzlu, İsmayılbəyli kəndlərində kolxoz sədri, kənd sovetinin sədri vəzifələrində işlədi. O illər qaçaq-quldurlarla mübarizə apararkən də insafı-mürvəti əldən verməz, yeri gələndə gördüyünü görməməzliyə vurardı. Bir dəfə Güllücədə hökumət onu qaçaqları tutmağa məcbur edir. Qüdrət kişi meşədə birbaşa qaçaqların üstünə gedib çıxır. Qaçaqlardan biri onu vurmaq istəyəndə, qaçaq  yoldaşları buna imkan yermir, Qüdət kişinin ədalətli insan olduğunu nəzərə alırlar.

Qüdrət kişi uzun müddət öz kəndimizdə kolxoz sədri vəzifəsində işlədi. Yadımdadır, 1948-ci ildə toxumluq barama planını artıqlaması ilə yerinə yetirdiyinə görə kolxozumuz Aərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin keçici Qırmızı bayrağına layiq görülmüş, bir neçə nəfər kolxozçu ilə bərabər Qüdrət kişi də orden-medalla təltif olunmuşdu.

Bəbir müəllimin anası Sürəyya xanım xanım-xatın, zoddu qadın idi. Mehriban, üzügülər, qonum-qonşuya, camaata istiqanlı, mehriban, həm də zarafatcıl idi. O zaman kolxozda işləyən gənc bir qadın anbardan bölgü üzrə verilən taxılı almağa gedir. Ambardar taxılı vermir, deyir ki, sədr sənin adının qabağına işarə qoyub. Qadın sədrin evinə şikayətə gəlir, sədrin arvadı onu qarşılayır, vəziyyəti öyrənir. Bu vaxt sədr, partkom nahar üçün sədrin evinə gəlirlər. Sədr atdan düşməmiş Sürəyya xanım düşür kişinin üstünə:

-  Əşi ey, o qadının qabağına niyə quş qoymusan?

Hamı gülüşür.

...Bəbir müəllimin böyük qardaşı Qədir müharibəyə getdi, qayıtmadı. Allah rəhmət eləsin. O biri qardaşı Murad müəllim uzun müddət mənimlə bir yerdə işlədi, kimya-biologiya müəllimi idi, həm də çox pinikar idi. Kənddə radio-televizor ustası kimi tanınırdı. O da dünyasını dəyişib. Allah rəhmət eləsin.

Zərifə adlı gənc bacısı da dünyadan vaxtsız köçdü.

Bir qardaşı Hüseyn müəllim isə hazırda Ağdam musiqi məktəblərinin birində işləyir.

lll

Bəbir müəllim ilk təhsilini kəndimizdəki orta məktəbdə alıb. Əlaçı idi, şəkli həmişə şərəf lövhəsində olurdu.  

Bağlar arasında cığırla, izlə,
Məktəbə getdiyin illər olaydı.
Sıxıla-sıxıla bir qaragözlə,
O söhbət etdiyin günlər olaydı. 

VII sinfi bitirəndən sonra, o, Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirdi. Texnikumda oxuyarkən dərsdən sonra kolxozda işləyirdi. Başaq briqadiri idi, taxıl biçiləndən sonra tək-tək yerdə qalan sünbülləri yığdırırdı. Orta pedaqoji təhsilini bitirəndən sonra bir müddət Mərzili 7 illik məktəbində sinif müəllimi işlədi. Yaşına görə həmin illərdə ordu sıralarına cəlb olundu. 3 illik ordu xidmətini şərəflə başa vurdu. O illərdə belə qayda var idi, orduda nümunəvi xidmət keçənləri partiya sıralarına qəbul edirdilər. Bəbir müəllim də ordudan kommunist kimi qayıtdı. Ordu sırasından qayıdandan sonra o, yüksək qiymətlərlə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qiyabi daxil oldu və bir müddət öz kəndimizdəki orta məktəbdə ixtisası üzrə tarix müəllimi, habelə məktəb ilk partiya təşkilatının katibi işlədi.

Bəbir müəllimin geniş pedaqoji fəaliyyəti Ağdam şəhər 8 saylı məktəblə bağlıdır. O, 8 saylı məktəbdə təcrübə qazandı, özünü savadlı bir müəllim kimi təsdiqlətdi. Ona görə də onu irəli çəkərək partiya işinə cəlb etdilər. O, əvvəlcə Rayon Partiya Komitəsində təlimatçı, sonra isə təbliğat-təşviqat şöbəsinin müdiri işlədi. Bəbir müəllim  1971-1998-ci illərdə "Lenin yolu" (Ağdam) qəzetinin redaktoru oldu. SSRİ dağılana qədər Rayon Partiya Komitəsinin üzvü, Rayon Sovetinin deputatı idi.

Bəbir müəllim Qarabağ müharibəsində hər gün döyüş yerlərində olurdu. O, əsgərlərin silah-sursatla təmin edilməsində fəal iştirak edirdi. Hətta o, ehtiyacı nəzərə alaraq, kömək məqsədilə idarənin "Qaz-69" markalı maşınını N saylı hərbi hissəyə vermişdi.

"Lenin yolu" qəzetinin 60 illiyi yubileyi Bakı şəhərində keçirilərkən, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov qəzetin forma və məzmunundan razı qalaraq, Bəbir müəllimi digər rayonların jurnalistlərinə nümunə göstərmişdi.

Bəbir müəllim bu gün Bakı şəhəri Nərimanov rayon Ağsaqqallar Şurasının, habelə "Zəhmətkeşlərin maarifləndirilməsində mütəxəssislərin dəstəyi" ictimai təşkilatının üzvüdür.

Bəbir müəllim yaxşı ailə başçısıdır. Həyat yoldaşı Şükufə xanım uzun müddət Ağdam Doğum evinin baş həkimi olub. Hazırda Bakı şəhərində fəaliyyətini davam etdirir.

Bəbir müəllim ali təhsilli iş adamı, oğlu Vaqiflə, dövlət qulluğunda xidmət edən nəvələri ilə  fəxr edir, onlarla nəfəs alır.

Bəbir müəllimin fəaliyyəti, həyat yolu barədə indiyədək respublikanın ayrı-ayrı mətbuat orqanlarında, o cümlədən, "Azərbaycan", "Respublika", "Xalq qəzeti", “Qarabağ", "525-ci qəzet", "Ağdam", "Azərtayms", "Yaddaş", "Açıq söz" və digər qəzetlərdə saysız-hesabsız yazılar dərc olunub, müxtəlif qələm adamları onun haqqında xoş, isti söz deyiblər.

Bəbir müəllimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına layiq görülüb,  "Qızıl Qələm" və "Xalqın nüfuzlu ziyalısı" mükafatları laureatıdır.

Fəxr edirəm ki, o, Əməkdar jurnalist adına layiq görüləndə dostlarından, müxtəlif peşə sahiblərindən düz 134 nəfər onu təbrik etmişdi. Mən özüm təbrik məktubumda belə yazmışdım: "Fəxri adınız mübarək. Qələminiz iti, sözünüz kəsərli olsun!"

Dostları və yaxınları Bəbir müəllim haqqında 

Sadıq Murtuzayev, filologiya üzrə fəlsəfə doktoru: "Bəbir müəllim ləyaqətli davranışları, təvazöklarlığı, təmizliyi, mədəniyyəti, təmkini, heç bir dedi-qoduya məhəl qoymaması, prinsipial mövqeyi ilə heç bir irada tuş gəlməyən çox nadir adamlardan biridir".

Cahangir Məmmədli,  BDU-nun professoru: "Bəbir müəllimin insani keyfiyyətləri ailədən gəlir, peşəkarlığı savaddan, doğulub boya-başa çatdığı Novruzlu kəndindəki məktəbin müdrik pedaqoqlarından gəlir".

Rəhim Hüseynzadə, Əməkdar jurnalist: "Qarabağsız, Ağdamsız Bəbir müəllim yoxdur".

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru: "Bəbir müəllim çox maraqlı həmsöhbət,  zəngin yaddaşa, geniş informasiyaya malik bir insandır".

Çimnaz Əliyeva, Əməkdar mədəniyyət işçisi, keçmiş millət vəkili: "Bəbir müəllim bir pedaqoq, Əməkdar jurnalist kimi bu gün də nuru ilə bir obanı işıqlandıran, ziyası ilə yeni nəslə nümunə sayılan, seçilən ağsaqqaldır".

Həmzə Əliyev, keçmiş millət vəkili: "Bəbir müəllim yaxşı dost, işıqlı ziyalı olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır".

Ziyəddin Sultanov, Əməkdar jurnalist: "Uzun illər ərzində Bəbir müəllimi səliqə-səhmanlı, geyim-keçimi yerində, formada, danışığının, hərəkətlərinin, davranışının sərhəddini bilən, özünü təmkin və layaqətlə aparan əsl ziyalı kimi görmüşəm".

İsax Alməmmədov, Milli Məclis Aparatının əməkdaşı: "Bəbir müəllimin həyat yolu çoxlarına nümunə ola bilər. Onun əməli özüdür, var dövləti gülümsər, təbəssümlü üzüdür, sabahı arzularla dolu gözüdür, can yanğısı jurnalist sözüdür, həyatı ürəklərdə saldığı izidir".

Əli Mahmud, şair: "Bəbir müəllim səmimi, həyatın gediş-gəlişini düşünən, dediyi sözün yerini-yurdunu bilən insandır".

Arif Əzizbəyli, şair: "Bəbir müəllim bu gün də yaradıcılığının qaynar dövrünü yaşayır, gənclik hərarəti ilə yazıb-yaradır".

Oqtay Zəngilanlı, şair-publisist: "Bəbir müəllim gözəl insan, ləyaqətli ziyalı, vətənpərvər jurnalistdir".

Qəhrəman Canbazov, məktəb direktoru: "Bəbir müəllimin oturuşu-duruşu, davranışı, gözəl danışığı, səlis nitqi, zəngin dünya görüşü məni valeh edir. O, çox müdrik ziyalıdır".

Teymur Kərimov: "Bəbir müəllim vətənpərvər ağdamlıdır, azərbaycanlıdır. Onunla fəxr edirəm".

Məmməd Məmmədov, həkim-stomatoloq: "Bəbir müəllim sinəsində doğma Azərbaycanı, ana yurdu Qarabağı, el-obasını gəzdirən işıqlı ziyalıdır".

Fəxrəddin Sofulu, şair: "Bəbir müəllim gözlərimin nuri-didəsidir, ürəyimdir. Nurlu çöhrəndən, qara gözlərindən xəyalən öpürəm".

İbiş Əliyev, auditor: "Bəbir müəllim dostumuzdur, gözəl ziyalıdır, hamımızın sevimlisidir".

Ramil Hüseynov, polkovnik-leytenant: "Bəbir müəllim Ağdamın təmkinli, sanballı, nüfuzlu kişilərindəndir. Mən onunla görüşəndə özümü Qarabağda, Ağdamda, doğma Novruzlu kəndimizdə hesab edirəm".

Elnarə Bəbirqızı: "Həmişə atamla fəxr etmişəm. Əziz atam, sənin həmişə məğrur, vüqarlı, sağlam olmağını arzu edirəm. Qələmin heç vaxt kəsərdən düşməsin. Səni sevirik".

lll

Hörmətli Bəbir müəllim, belə bir rəvayət var, deyir, Bərdə hökmdarı Nüşabənin ad günü imiş. Qəflətən sərkədəsi gəlib hökmdara xəbər verir ki, düşmən hücuma keçib. Hökmdar silahlanıb çölə çıxanda köks ötürür. Sərkərdə elə hesab edir ki, hökmdar xəbərdən qorxdu. Hökmdar sərkərdənin baxışını hiss edir və deyir:

- Eh, ay sərkərdə, yaş üstünə yaş gəlir.

Bəbir müəllim, sən bu gün üzünün nuru ilə könülləri işıqlandırırsan. Az vaxtda xalqın məhəbbətini qazanmısan. Sən həyat yolunun yüksəlişini yaşayırsan. Üzünü gəncliyə tut, səsin gələcəkdən gəlsin.

Bahar təravətli ömrünə arzum:
Külək olub, əs, demirəm,
Şimşək olub, çax, demirəm,
O qədər də çox demirəm,
Yüzü gülər üzlə yaşa.

Bəli, dekabrın 26-da Bəbir müəllimin 85 yaşı tamam olur və yaşının üstünə yaş gəlir. Bəbir müəllim, Sizə can sağlığı, sağlam ömür arzulayıram.

Tez-tez məclislərdə görüşdüyümüz, bir yerdə çörək kəsdiyimiz mehriban yol yoldaşlarımız - Sadıq Murtuzayev, Rafiq Əliyev, Aptek Hacı, Ramiz Məmmədzadə, Əmlak Nizami, Rafiq Rüstəmov, Qılınc Qəhrəman, Yusif Səmədov və öz adımdan səni təbrik edirəm. Nə zaman darıxsan, əlini ürəyinin üstünə qoy, biz hamımız ordayıq.

Ağdamda görüşmək arzusu ilə,

Səlim ƏZİMOV
Əməkdar müəllim

 





06.12.2017    çap et  çap et