525.Az

Yaşasın Vyetnam, sağ olsunlar vyetnamlılar! - Fotolar


 

Yaşasın Vyetnam, sağ olsunlar vyetnamlılar! - <b style="color:red">Fotolar</b>

Vyetnam! Özünəməxsus tarixi, mədəniyyəti, incəsənəti olan qədim bir şərq dövləti. Yüz illərlə yadelli işğalçılarla ölüm-dirim savaşına girib bir qarış torpağını belə düşmənə verməyən igidlər, ərənlər oylağı, üz-gözündən nur, təbəssüm əskik olmayan xanımlar, gözəllər seyrangahı...

Bu ilin mart ayında oğlum Eldəniz müqavilə əsasında Vyetnama ingilis dili müəllimi işləməyə getmək qərarını bildirəndə narazılıq etmədim; çox böyük rəğbətim var idi o xalqa, o torpağa... Ona uğur diləyib yola saldıq. Oğlum bir az Vyetnamın paytaxtı Hanoy şəhərində işləyib, sonra oradan 400 km aralı olan Sonla şəhərinə təyinat aldı. Hər şey normal idi: Eldəniz tez bir zamanda çox sevildi, müəllim kimi böyük hörmət qazandı, əmək haqqı da pis deyildi. Özü də razı idi işindən, iş yoldaşlarından, az müddətdə qazandığı çoxlu sayda dostlarından - bütün vyetnamlılardan. Tez-tez danışırdıq, şəkillər çəkdirib göndərirdi telefonla. Biz də çox sevinirdik. Ancaq bu sevincin ömrü çox qısa oldu. İyun ayının 4-də xəbər gəldi ki, Eldəniz "kəskin promilasitar leykoz" (qan xərçənginin bir növü) diaqnozu ilə Hanoy şəhərində xəstəxanaya yerləşdirilib. Xəbər hamımızı şoka saldı. Tez təyyarəyə bilet alıb Moskvaya, oradan da 15 saat ərzində uçdum Hanoya... Məni oğlumun yaxın dostu və iş yoldaşı Rusiyanın Maqnitoqorsk şəhərindən olan Eduard qarşıladı. Gəldik Vyetnamın milli hemotologiya və qan transfuziyası institutuna. Eldənizi çox ağır vəziyyətdə gördüm: gözlərinin altı, qollarının bəzi yerləri qaralmış, göyərmiş, halsız vəziyyətdə.

Ona artıq kimyəvi dərmanlar yeridilirdi. Yanında Filippindən Niki adlı bir iş yoldaşı da ona qulluq edirdi. Özümü tamam itirdim, bilmədim neyləyim. Sağ olsunlar, dostları Eduard, Niki, mərakeşli Edin mənə ürək-dirək verdilər, vəziyyətin o qədər də çarəsiz olmadığını bildirdilər. Müalicə həkimi gəldi, tanış olduq, Vu Kanq Hınq adlı 40-45 yaşlı bir vyetnamlı idi; o da mənə təskinlik verdi. Gördüm ki, məndən çox həyəcan keçirir, Eldənizin başına pərvanə kimi dolanır. Birinci dəfə idi ki, belə həkim görürdüm. Mənə Eldənizin palatasında yer ayırdılar. İkinci gün mister Hınq (Vyetnamda kişilərə belə müraciət edirlər, qadınlara isə "missis" deyə) məni oğlumun yatdığı kimyəvi terapiya şöbəsinin müdiri tibb elmləri namizədi, dosent Nquen Xa Txanın yanına gətirdi. Onun təxminən 50 yaşı olardı, vaxtilə Moskvada Seçenov adına  1 saylı Tibb İnstitutunu bitirmiş, sonra təhsilini Avstraliyada davam etdirmişdi. Rus dilində, ingilis dilində sərbəst danışırdı, çox səmimi, nurani bir insan idi. Tanış olduq, o mənə rus dilində vəziyyəti hərtərəfli başa saldı, həmin vaxt Eldənizin vəziyyətinin heç də ürəkaçan olmadığını, çox ciddi və intensiv müalicəyə ehtiyac olduğunu söylədi. Bütün bunlar üçün külli miqdarda pulun da lazım olacağını bildirdi. Mən isə buradan özümlə bankdan götürdüyüm 2000 ABŞ dolları ilə getmişdim. Soruşdum ki, mən oğlumu Vətəninə apara bilərəmmi? Yox, - deyə cavab verdi, çünki həmin zaman Eldənizin qanında leykositlərin faizi 85-ə çatmışdı (norma 5-10% olmalıdır). O, təyyarədə gedə bilməzdi, hava təzyiqindən qan beyninə sıza bilərdi. Ona burada hələlik mütləq 1 aylıq təcili müalicə lazım idi. Mister Txan mənim halımın dəyişdiyini görüb buyurdu ki, narahat olmayım. Vyetnam xalqı məni darda qoymaz. Başa düşmədim, söylədi ki, institutun direktoru, tibb elmləri doktoru, professor Çi artıq feysbukda vyetnamlılara Eldənizə kömək məqsədilə müraciət ünvanlayıb. Ondan başqa, Vyetnamda ingilis dilinin tədrisi ilə məşğul olan bir şirkətin rəhbəri missis Çin də internetdə Eldənizə yardım üçün bir məqalə yazıb. Bir az rahatlandım, gözlərim doldu, amma yenə inanmadım. Dedim, doktor, mən özümlə 2000$ gətirmişəm, siz təcili müalicəyə başlayın, bunun ardınca mənim qohumlarım, qonşularım, iş yoldaşlarım da kömək edəcək. O, "heç bir problem yoxdu", - deyib mənə toxtaqlıq verdi...

Səhərisi gün Eldənizin yanına onun işlədiyi şirkətin rəhbəri mister Cek öz həyat yoldaşı ilə gəldi. Çox yaxşı bir oğlan idi. Eldənizdən ağızdolusu danışdı; onun az müddətdə nə qədər hörmət qazandığını, tələbələrinin, valideynlərin onu bir müəllim kimi necə sevdiklərini və bu gün nə dərəcədə kədərləndiklərini, məyus olduqlarını yana-yana söylədi. Və dedi ki, onların hamısı Eldənizə kömək edəcəklər. Buna baxmayaraq, Cekdən xahiş etdim ki, hər ehtimala qarşı məni Vyetnamda Azərbaycan səfirliyinə aparsın, başımıza gələn hadisəni onlara da bildirim, bəlkə onlar da bir kömək etdilər. Razılaşdı və o biri gün öz maşınında məni apardı Hanoyun mərkəzində yerləşən Azərbaycan səfirliyinə. Bizi səfirliyin konsulu Eltay Aslanov qarşıladı, səfirimiz Anar müəllimlə görüşdürdü. Oturub xeyli söhbət etdik, çox təəssüfləndiklərini və əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirdilər. Burda hiss etdim ki, artıq tək deyiləm, arxamda dövlətimin nümayəndiliyi var. Elə oradaca Anar İmanovla Vyetnamda gözəl bir insanın, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri mister Hayın olduğunu söylədi, onun səfirliklə birgə gördüyü xeyirxah işlərdən danışdı. Telefonunu götürüb ona zəng etdi, Eldəniz haqda məlumat verdi, sonra bildirdi ki, Mister Hay da tezliklə Eldənizə baş çəkəcək. Bir az da ürəkləndim, təşəkkür eləyib qayıtdıq xəstəxanaya...

Eldənizin dostları, iş yoldaşları bir an belə onu tək qoymurdular, onu danışdırır, güldürürdülər ki, o, xəstəliyi haqqında düşünməsin. Baxmayaraq ki, xəstəliyini çox gec başa düşdüyündən  və xəstəxanaya gec gəldiyindən, həm də çox ağır keçirdiyi kimyəvi terapiyanın təsirindən onun vəziyyəti bir az da ağırlaşmış, gözləri də tutulmuşdu, çox az görürdü. Mənimsə gücüm onun bu halını görüb ancaq tez-tez bir küncə çəkilib ağlamaqla ürəyimi boşaltmağa çatırdı.

İki gün sonra palataya institutun direktoru, professor Nquen An Çi başda olmaqla, Vyetnam Parlamentinin üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Mister Hay öz həyat yoldaşı və bir neçə nəfər mətbuat nümayəndələri ilə təşrif gətirdilər. Mənimlə tanışlıqdan sonra ingilis dilində Eldənizlə söhbət etdilər, ona ürək-dirək verdilər, çarpayısının başına yığılıb şəkil çəkdirdilər. Məlum oldu ki, mister Hay və həyat yoldaşı (çox təəssüf ki, adını unutmuşam) keçən əsrin 60-70-ci illərində bir çox vyetnamlı kimi Bakıda ali təhsil almışlar və Azərbaycanı çox sevmişlər. Elə bu sevgi də onları sonralar Vyetnamda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətini yaratmağa sövq etmişdir. Bu cəmiyyətin üzvləri elə vaxtilə Bakıda təhsil almış insanlardır. Onların hər ikisi rus dilində bizimlə öz doğmaları kimi dərdləşdilər, hətta xanımın gözləri də doldu və bu səmimiyyətə dözməyib mən də kövrəldim... O biri gündən başlayaraq son günə qədər Eldənizi görməyə gələnlərin ardı-arası kəsilmədi. Qan verməyə gələnlər, mer-meyvə ilə, evdə bişmiş yeməklə, 5-10 manat pul ilə ona baş çəkməyə gələnlər... Qəzet, radio, televiziya jurnalistləri də bir tərəfdən. Mənim işim daha çox onları qarşılamaq, müsahibə vermək və yola salmaq olurdu. Eldənizə qulluq və nəzarət etməyi isə Vyetnamda böyük həvəslə ən müqəddəs missiyanı öz üzərinə götürmüş, dara düşənlərə, ağır xəstələrə yardım etmək, onların qulluğunda durmaq və onları ayağa qaldırmaq missiyasını qarşılarına məqsəd qoyan fədakar qadınlar qrupu öz üzərinə götürdü. Onlar miss Han, Fuk (əkiz bacılar idi), Leylan, Kui, Loan, Şon, Txan, Dolan, Munq, May Ha (öz həyat yoldaşı Xi ilə) və başqaları idilər. 

Allah-təala o insanlara həmişə yardımçı olsun - mənə bacı, oğluma sanki ana oldular, nələr etmədilər bu dini ayrı, dili ayrı, yeri ayrı, göyü ayrı insanlar?! Bir dastan yazardım onlardan, yatdığımız xəstəxananın bütün işçilərindən, onun baş direktoru professor Çidən tutmuş tibb bacılarına, xadimələrinə qədər. Əziz oxucular, harda görmüsünüz ki, müalicə həkimi özü xəstəsinin üzünü-başını qırxsın, hamamda çimizdirsin, hər gün şəklini çəksin, ailəsini, dost-tanışını ona köməyə çağırsın. Bax bunları Eldənizin palata həkimi, tibb elmləri namizədi Vu Hınq edirdi.

O, bizim əziz dostumuza, qardaşımıza çevrilmişdi, şöbə müdiri mister Txan hər gün Eldənizlə maraqlanırdı, tibb bacıları nə qədər gülərüz, səmimi, mehriban idilər, ilahi.

Miss Han həmin xeyriyyəçi qadınlar qrupunun başçısı idi: Moldovada oxumuşdu, Kişinyov Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdi, 40 ilə yaxın Hanoy Mərkəzi bankında hüquqşünas, təqaüdə çıxdıqdan sonra notariat kontorunda işini davam etdirirdi, çox böyük ürəyi və təşkilatçılıq qabiliyyəti var bu qadının, indiyə qədər də Moldova ilə əlaqəsini kəsmir, öz müəllimlərini, tələbə yoldaşlarını Hanoya dəvət edir, özü bir neçə dəfə Moldovaya gedib. 90 yaşlı atası da həmişə xeyriyyəçiliklə məşğul olub.

O, bütün qrupda olan qadınları sıralamışdı: kim Eldənizə səhər, kim günorta, kim axşam nə bişirəcək, nə gətirəcəkdi... Özü hər axşam işdən çıxanda xəstəxanaya gəlir, sonra evə gedirdi. Bu qadınlar Eldənizdən başqa həftədə bir dəfə də burada qan xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara yemək bişirib paylayırdılar. Miss Leylan böyük bir səxavət sahibi idi, onun rəfiqəsi çox incəqəlbli Kui hər gün Eldənizi masaj edirdi. Miss Ha əri ilə bizim üçün ayrılmış palataya həmin gün bir təzə soyuducu alıb qoydular, içini də doldurdular. Bu qadınlar indi də öz motosiklində qəzaya düşüb çox ağır vəziyyətdə olan bir ukraynalıya yardım edirlər.

Eldənizin işlədiyi Sonla şəhərindən tez-tez onun dərs dediyi şagirdlər valideynləri ilə gəlirdilər. Bir gün palataya onun Çan adlı 10 yaşlı bir şagirdi anası ilə daxil oldular. Uşaq çarpayıda sistem altında uzanmış müəllimini görüb özünü onun üstünə atdı, boynuna sarıldı, hönkür-hönkür ağladı, Eldəniz ingiliscə onu sakitləşdirdi, başını sığalladı, üzündən öpdü; qız, əlində konvertdə gətirdiyi pulu müəlliminə verdi və yenə ağladı. Mən dözməyib çölə çıxdım.

Bir-iki gündən sonra yenə Sonladan Eldənizin bir qrup şagirdi gəldi; onlar həyəcanla müəllimlərinə yaxınlaşdılar, Eldəniz qolunda sistem durub oturdu, onlarla söhbətə başladı, gözləri çox pis gördüyündən adlarını soruşdu və indiyə qədər onların hər birinin adını əzbər bilən müəllimlərinin həm də gözlərinin tutulduğunu hiss edən uşaqlar bir-birinə dəydilər, hıçqırtı ilə göz yaşları tökdülər, xəstəxanada haray saldılar. Mən də onlara qoşuldum. Hamı tökülüb gəldi, bu səhnəyə tamaşa elədi, onlar da bulud kimi dolub boşaldılar. Bu zaman Eldəniz birtəhər ayağa durub onların ortasına gəldi, əlini birinin başına, birinin gözünə, birinin üzünə çəkdi və onlardan xahiş etdi ki, ağlamasınlar, çünki özü də pis olur. Uşaqların hamısı ona sarılıb sakitləşdilər.

 Eldəniz tezliklə sağalıb onların yanına qayıdacağını söylədi. Mən bu zaman ilk dəfə ən böyük, ən müqəddəs müəllim-şagird sevgisini izlədim, gördüm və bir daha əmin oldum ki, diplomla müəllim olmaq olmur, o, anadan doğulur. Mənim oğlum da anadan müəllim doğulubmuş. Ancaq o, Azərbaycan Neft Akademiyasının iqtisadiyyat fakultəsini bitirmişdi...

Hörmətli oxucular, bu sözlərlə əsla oğlumu tərifləmək yox, Vyetnam xalqının müəllimə, qərib insana necə dəyər verdiyini vurğulamaqdır. Vyetnamın bir televiziya kanalı Eldəniz haqqında 10 dəqiqəlik sənədli film çəkdi, Vyetnam radiosundan Suan adlı bir jurnalist qız Eldəniz haqqında rus dilində gözəl, kövrək bir məqalə yazdı və internetdə yerləşdirdi. Artıq adını çəkdiyim xeyriyyəçi qadınlar qrupu "Biz Eldənizi sevirik" adlı sayt açdılar və onun yüzlərlə üzvü oldu, hər gün Eldənizə baş çəkməyə yüzlərlə insan axını gördüm və heyrətə gəldim. Kimlər idi axı bu insanlar, kim idi axı Eldəniz onlar üçün, bir qərib vyetnamlı, çinli, avropalı bizdə xəstə düşsə, biz də belə edərikmi? Niyə ölkəmizdəki rəsmi qurumlardan bircə nəfər maraqlanmadı mənim oğlumla? Axı internet saytlarında bu haqda məlumat var idi. Bu kimi suallar məni çox düşündürürdü və indi də düşündürür...

İnstitut-xəstəxananın baş həkimi, Sosialist Əməyi Qəhrəmanı, millət vəkili, şair-bəstəkar, tibb elmləri doktoru, professor Çi o qədər sadə, səmimi, nurlu insan idi ki, adam bu böyüklüyə heyran olmaya bilmirdi. O, bir neçə dəfə müxtəlif nüfuzlu şəxslərlə Eldənizə baş çəkdi, ona həsr olunmuş mətbuat konfransı keçirdi, oğluma çox ağır xəstəlikdən ilkin qurtuluş üçün yardım etmiş insanlara mənimlə birgə təşəkkür etdi. Axırda Eldənizin xəstəxanadan evə, Vətəni Azərbaycana yollanması münasibətilə bir vida toplantısı keçirdi, ona, mənə xeyir-dua verdi. Biz də söz verdik ki, bu yaxşılığı unutmayacaq, sağalandan sonra yenə Vyetnama qayıdacağıq. Mister Hay öz cəmiyyətinin üzvləri ilə, deputat yoldaşları ilə bir neçə dəfə Eldənizə baş çəkdi, sadə vyetnamlılar feysbukda Eldənizin vəziyyətini görüb onun həyatı uğrunda əllərindən gələni etdilər. Onu da qeyd edim ki, Vyetnamda çoxlarının Azərbaycan haqqında təsəvvürü yox idi. Eldəniz onlara vətənimizi tanıtdı.

Hazırda Eldəniz - Belarusda, Minsk şəhərində iki kurs müalicə aldıqdan sonra - özünü normal hiss edir, gözləri, həkimlərin bədbin proqnozlarına baxmayaraq, xeyli açılıb, iki il müddətində vaxtaşırı müalicəsini davam etdirməlidir. Təki sağlıq olsun!

Əziz oxucular, bu məqaləni yazmaqda məqsədim bir daha Vyetnam xalqının, orada yaşayan bütün insanların necə böyük qəlbə sahib olduqlarını, onların necə heç bir xalqda görmədiyim, eşitmədiyim insanlıq nümunəsi nümayiş etdirdiklərini sizə çatdırmaqdır. Mən onların özlərinə də söylədim, dedim ki, mən bilirdim, siz böyük xalqsız, cəsur, cəngavər, vətənpərvər millətsiniz. Bunu sizin illərlə yadelli düşmənlərə qarşı vuruşmanız, müharibəniz haqda çəkilən filmlərdən bilirdim. Amma sizin bu qədər böyük ürəyə sahib olduğunuzdan xəbərim yox idi... Bəli, əzizlərim, Allahdan gizlətmədiyimi, sizdən nə danacam, heç bir tibbi sığortası olmayan oğlumun orada xarici vətəndaş kimi 1 kurs müalicəsi 12000 ABŞ dollarına başa gəldi. Və onun 2000-ni mən verdimsə, qalanını o xalq özü verdi. Ondan savayı, Eldənizin sonrakı müalicələri üçün də onlar xeyli vəsait toplayıb bizim özümüzə verdilər və hazırda biz o vəsaitlə müalicəni davam etdiririk. Bu işin maddi tərəfi. Lakin mən orada gördüyüm mənəvi insanlıq dəstəyi heç bir ölçüyə sığmır. Siz görəydiniz, onlar bizi 5-6 maşınla necə aeroporta gətirib və ayrılanda necə ağlaşırdılar. İndi onlar hər gün zəng edib oğlumla danışırlar, necə yatdığını, necə durduğunu, müalicənin necə getdiyini soruşurlar. Yeri gəlmişkən, mən xüsusi olaraq öz dərin minnətdarlığımı Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanova, konsul Eltay Aslanova və baş mühasib Arzu müəllimə bildirmək istəyirəm. Eltay müəllimlə Arzu müəllim bir neçə dəfə oğlumun yanına gəldilər, axırda da vyetnamlılarla birgə təyyarə vağzalından bizi yola saldılar.

Xüsusi minnətdarlığımı vyetnamlı dostlarımız Minə (Mişaya), Tanka, Çanqa, Mienə, Nikiyə, Edinə, Eduarda və adını çəkmədiyim, oğlum Eldənizə az da olsa dəstək olan bütün insanlara bildirirəm, əllərindən öpürəm.

Əziz oxucular! Vyetnamda özümə söz vermişdim ki, Azərbaycana qayıdanda mütləq burada olan bütün vyetnamlıları tapıb onları cəm edəcəm, onların problemlərinin həllinə kömək edəcəm, mən də burada Azərbaycan-Vyetnam Dostluğu Assosiasiyasını yaradacam, Vyetnamla əlaqəsi olmuş insanları, öz dostlarımı, iş yoldaşlarımı, qohumlarımı bu birliyə üzv edəcəm və bu istiqamətdə yaxşı işlər görəcəm. Ona görə də fürsətdən istifadə edib belə böyük xalqla dost olub, tanış olmaq istəyən hər bir kəsi mənimlə əlaqə saxlamağa çağırıram.

Valeh NƏSİBLİ
filologiya elmləri doktoru, BSU-nun professoru və kafedra müdiri

 





06.12.2017    çap et  çap et