525.Az

Pedaqoji Universitetdə Əbdül Əlizadəyə həsr olunmuş konfrans


 

Pedaqoji Universitetdə Əbdül Əlizadəyə həsr olunmuş konfrans<b style="color:red"></b>

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim, pedaqoq, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunmuş “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Rektor qeyd edib ki, Ə.Əlizadə 1932-ci il avqustun 16-da Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb. Ə.Əlizadə Azərbaycan psixologiya elminin inkişafında mühüm xidmətlər göstərib. Görkəmli alim şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətlərini öyrənib, 1975-ci ildə “Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Ə.Əlizadənin dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə olub. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət – cinsi fərqlər psixologiyası istiqaməti yaranıb və uğurla inkişaf edib.

Rektor bildirib ki, professor Ə.Əlizadə “Elmi xəbərlər”in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, “Azərbaycan məktəbi” jurnalı redaksiya heyətinin üzvi kimi səmərəli fəaliyyət göstərib. Azərbaycanın ilk psixoloq alimlərindən olan Ə.Əlizadə uzun müddət ADPU-nun ümumi psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Professor Ə.Əlizadə çoxlu sayda elmi əsərin, məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Ənənəvi təhsildən təfəkkür məktəbinə keçidin psixoloji aspektlərini araşdıran psixoloq-alim bu sahədə dəyərli əsərlər yaradıb, elmi-pedaqoji kadrların hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərib. Ə.Əlizadə mötəbər beynəlxalq konfrans, simpozium, konqres və digər elmi tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Onun elmi-pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar Elm Xadimi adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Ə.Əlizadə 2015-ci il fevralın 22-də vəfat edib. Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoqun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov Ə.Əlizadəni çoxşaxəli elmi yaradıcılığa malik alim, xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən vətəndaş, həssas, qayğıkeş insan kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.

İclasda professor Ramiz Əliyevin “Professor Əbdül Əlizadə. Ləyaqətli insan, istedadlı alim” mövzusunda məruzəsi dinlənilib.

Sonra Ə.Əlizadənin oğlu, professor Hikmət Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Konfrans öz işini üç bölmədə iclaslarla davam etdirib. İclaslarda ümumilikdə 110 məruzə dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

 





06.12.2017    çap et  çap et