525.Az

Xoreoqrafiya Akademiyasında elmi konfrans


 

Xoreoqrafiya Akademiyasında elmi konfrans <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə "Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu" mövzusuna həsr edilmiş elmi konfrans olub.

Konfransı giriş sözü ilə İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova açaraq, müasir tarixi mərhələdə əsas qlobal problemlərdən biri olan millətlərarası dialoqun inkişaf etdirilməsindən bəhs edib, birbirindən təcrid olunmuş mədəniyyətlərin mövcud olmadığını, onların qarşılıqlı dialoq, ünsiyyət vasitəsilə bir-birinə yaxınlaşaraq fəaliyyət göstərdiyini vurğulayıb.

Fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev "Milli mənlik və multikultural proseslər", Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vəfa Əliyev "Azərbaycan mədəniyyətinin qloballaşmada iştirakı", Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist, "Ədəbiyyat" qəzetinin məsul katibi Atababa İsmayıloğlu "Qloballaşma prosesi və sənətkarların adoptasiyası", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov "Müstəqillik dövrü Azərbaycan təsviri sənətində milli özünüdərk və vətənpərvərlik", İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə isə "Qloballaşma dövründə xoreoqrafiya sənətinin inkişaf perspektivləri" mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi, Azərbaycanda multikultural və tolerantlıq mühiti, qloballaşma proseslərindəki mənfi və müsbət tendensiyalara Azərbaycanın münasibəti və mövqeyi, müxtəlif tarixi dövrlərdə qloballaşma meylləri və onların fəsadları, qloballaşma dövründə mədəniyyət və incəsənət problemləri və onların həlli yolları öz əksini tapdı.

Sonda Akademiyanın prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova tədbirin təşkilində əməyi olan hər kəsə, məruzəçi və çıxışçılara təşəkkürünü bildirib.

ŞAHANƏ

 





06.12.2017    çap et  çap et