525.Az

Bolqarıstanda Azərbaycan məhsullarının tanıdılması davam edir - Fotolar


 

Bolqarıstanda Azərbaycan məhsullarının tanıdılması davam edir - <b style="color:red">Fotolar</b>

“Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqinin davam etdirilməsi məqsədilə Sofiyada keçirilmiş V Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ölkəmizdə istehsal olunan spirtli içkilərin, şərab və konyakların təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan şərabçılıq və spirtli içkilərin istehsalı tarixi, müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və içkilər barədə Bolqarıstanın şərabçılıq və spirtli içkilər sahəsində aparıcı eksperti tərəfindən təqdimat keçirilib. Təqdimatla yanaşı “Abşeron Şərab” ASC-nin “Natural” brendi altında istehsal etdiyi tərxun, tut, zoğal, ballı bibər, çaça və limon arağları, “Tovuz-Baltiya LTD” şirkətinin Al-Kuhulu brendi altında istehsal etdiyi alma və qarpız arağları, “Gəncə-Şərab 2” ASC-nin “Yeddi gözəl” və “Hillside” brendləri altında istehsal etdiyi ağ və çəhrayı şərabların dequstasiyası keçirilib. “Gəncə Şərab-2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan “Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü iştirakçıların diqqətinə çatdırılıb. “Agro-Azerinvest” LTD şirkətinin 15 illik “Gold Baku” konyakına xüsusi diqqət ayrılıb, konyakın tərkibi və rəngi barədə ətraflı məlumat verilib. Bütün məhsullar böyük marağa səbəb olub, “Gold Baku” konyakı və “Al-Kuhulu” alma arağı isə dadına görə iştirakçılar tərəfindən xüsusi heyranlıqla qarşılanıb.

Bolqarıstan, Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya və digər ölkələrdən olan istehsalçıların 250-dən çox məhsulu təqdim edildiyi bu festivalı 3 gün ərzində 3000-dən çox insan ziyarət etdi. Festivalın açılışında dünyanın aparıcı spirtli içkilər müsabiqəsi olan “Councours Mondial de Bruxelles, Spirits Selection”ın növbəti il avqustun 21-23-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcəyi rəsmi olaraq bəyan edilib.

Qeyd edək ki, ölkəmizdə istehsal olunan şərab və spirtli içkilərə aid olan məhsullar silsilə olaraq Bolqarıstanda tanıdılmaqdadır. Belə ki, bu il fevralın 15-17-də Sofiyanın İnter Expo Mərkəzində baş tutmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi, aprelin 6-9-da Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisi, iyulun 28-30-da Burqas şəhərində keçirilmiş “Wine Fest Burgas 2017” şərab festivalı, eləcə də dekabrın 3-də Sofiyanın Beynəlxalq Qadınlar Klubu tərəfindən EXPO Mərkəzdə təşkil olunmuş xeyriyyə bazarında Azərbaycan istehsalı olan şərab, spirtli içkilər, nar suyu və narşərabın təblığatı həyata keçirilib. Bundan əlavə, Bolqarıstanda ildə 4 dəfə 2500 tirajı ilə nəşr olunan “Avropa 2001” jurnalının Azərbaycana həsr olunmuş və cari ilin may ayında işıq üzü görmüş sayında “Made in Azerbaijan” brendi və “Hillside” şərablarının reklamı yerləşdirilib.

 





06.12.2017    çap et  çap et