525.Az

Milli Kitabxanada Heydər Əliyevin xatirəsi anıldı


 

Milli Kitabxanada Heydər Əliyevin xatirəsi anıldı<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Kitabxanası, Bakı Humanitar Kolleci və Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika konfransı keçirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov respublikanın tənəzzülə uğradığı bir vaxtda hakimiyyətə gələn dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən, siyasətinin respublikada əsaslı dönüş yaratmasından danışıb, onun yürütdüyü məqsədyönlü siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Bakı Humanitar Kollecinin Tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlər barədə məlumat veriblər.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov  isə "Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu" adlı məruzə ilə çıxış edib.

Bundan başqa, konfrans iştirakçıları "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət - Heydər Əliyev" adlı sərgi ilə tanış olublar.

Həmçinin, tədbir zamanı Heydər Əliyevin Milli Kitabxanada çıxışına dair qısa video film nümayiş olunub.

CEYHUN

 





07.12.2017    çap et  çap et