525.Az

Elmimizin fəxri


 

AKADEMİK VASİM MƏMMƏDƏLİYEVİN 75 İLLİK YUBİLEYİNƏ

Elmimizin fəxri<b style="color:red"></b>

Ümummüsəlman mədəniyyətinin yaradıcılarından olan Azərbaycan xalqının mütəfəkkir və alimləri əsrlər boyu bu mədəniyyətə öz qiymətli töhfələrini verərək onu zənginləşdiriblər.

Bu zəka və ziya sahiblərinin yaratdığı əsərlər onların adlarını İslam mədəniyyəti tarixinə, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk edib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev məhz belə alimlərdəndir.

Akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı və şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri təzahür etdirməsi onu fenomen şəxsiyyətlər sırasına daxil edib. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən akademik Vasim Məmmədəliyev həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.  1964-67-ci illərdə ADU-nun sami dilləri üzrə əyani aspiranturasına daxil olub, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. Alim 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1979-cu ildən BDU-nun Ərəb filologiyası kafedrasının professorudur. 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-92-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışıb.

Vasim Məmmədəliyev 1991-ci ildən indiyə qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanıdır. Azərbaycanın və Dağıstan Muxtar Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Misir Ərəb Dil Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvüdür. Elm və təhsildə səmərəli fəaliyyətinə görə "Şöhrət" və "Şərəf" ordenləri, "Yusif Məmmədəliyev" və İran İslam Respublikasının "Şəhriyar" qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun "Qızıl Çinar" beynəlxalq mükafatına layiq görülüb.

Alimin işıq üzü görmüş son biblioqrafiyasında onun bu günədək 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, 650-yə yaxın elmi və publisistik məqalə nəşr edib.

Akademik "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaradır.

Alimin bu əsərlərində bir sıra məsələlər müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılıb, klassik ərəb dilinin materiallarına müraciət olunub, həmçinin, Azərbaycan, rus, ingilis, fars, tacik və sair dillərin faktlarından müqayisəli şəkildə istifadə olunub. Həmçinin, ərəb dilçilik elminin təşəkkülü haqqında yeni mülahizələr irəli sürülüb, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında fikir və mülahizələri geniş təhlil olunub.

"Quran və elm", Azərbaycanca-ərəbcə lüğət, Bakı, 2012 (35 min söz) son illərin əsərləridir.

V.Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır. Həqiqətən, əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası, Şərq poeziyası, islam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunmuşdur və o, bu sahələrdə də qiymətli əsərlərin müəllifidir.

Keçmiş Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi SSRİ-də yüksək səviyyəli şərqşünas mütəxəssislər hazırlayan məktəb imicini qazanıb. Dünyanın hər yerində Ələsgər Məmmədov kimi ərəbşünas alim-pedaqoqun məktəbinin məzunları seçilib-sayılan ərəbşünaslar hesab edilirdi.

Bu məktəbin nümayəndəsi, sonralar isə akademik G.V.Seretelinin nəzəri məktəbini keçmiş Vasim müəllim geniş diapazonlu, universal biliklərə sahib ərəbşünas kimi formalaşıb. Klassik və müasir dilçiliyin bir çox nümayəndələrinin əsərlərinə dərindən vaqif olan və onlara yaradıcı şəkildə şərh verməyi bacaran, dilin ruhunu və məna dünyasını idrak edən Vasim müəllim məhz bu istiqamətdə araşdırmalar aparmağa üstünlük verib.

Hörmətli akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev özünün "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə olaraq "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübuta yetirib. Ümumiyyətlə, akademikin "Ərəb dilçiliyi" monoqrafiyası nəinki ərəb dilçiliyinin ən ümdə məsələlərinin mükəmməl tədqiqi, həmçinin, ümumi dilçilik elminin inkişafına təkan verən mühüm bir hadisə kimi dəyərləndirilməlidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər Vasim müəllimin dünya şərqşünaslığına layiqli töhfəsidir. Təsadüfi deyil ki, akademikin bir sıra beynəlxalq elmi konfrans və yığıncaqlardakı məruzələri həmişə sanballı elmi nəticələri ilə ərəb dili mütəxəssislərinin böyük marağına səbəb olub. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının və İslam Konfransı Təşkilatının İslam hüququ Akademiyasının akademiki kimi şərəfli ad daşıyır və ərəb dilçiliyi sahəsində danılmaz nüfuz sahibidir.

Görkəmli şərqşünas alim Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarındandır. Bu gün akademik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə başçılıq edir. Həmin fakültə ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayır. Respublikamızda islamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması çox önəmli hadisədir. Təsadüfi deyil ki, belə bir mötəbər şuraya məhz Vasim müəllim başçılıq edir. Yaddan çıxarmamalıyıq ki, Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşir. Bu baxımdan ilahiyyat üzrə yüksək səviyyəli və peşəkar mütəxəssislər indi dünyaya inamla inteqrasiya edən müstəqil respublikamız üçün çox vacibdir. Ölkələrarası münasibətlərin, iqtisadi, mədəni, elmi əlaqələrin formalaşması və inkişafında din faktoru, bu dini təmsil edənlərin yüksək peşəkarlığı mühüm əhəmiyyət kəsb edir.

Bu gün islam dininin mahiyyəti, eləcə də onun incəliklərinə bələd olan yüksək səviyyəli mütəxəssislərin hazırlanması obyektiv bir zərurətdir. Vasim müəllim bu çətin, lakin şərəfli işin də öhdəsindən uğurla gəlir.

1991-ci ildə müqəddəs kitabımız Qurani-Kərim mərhum akademik Ziya Bünyadov və akademik Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və Quranın dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı.

Qeyd etmək lazımdır ki, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə Orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. 3 cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının fədakar oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə Qurani-Kərimin 2 cildlik tərcümə-təfsirini nəşr etdirib. Bu əsər öz kamilliyi ilə həm Zaqafqaziya, həm də Cənubi Azərbaycanda şöhrət qazanıb.

Qurani-Kərim çox bəlağətli, fəsahətli bir dildə nazil olmuşdu. Əsrlər boyu Şərqin ensiklopedik biliklərə malik nüfuzlu alimlərinin Qurana şərhlər yazmışlar, lakin müqəddəs kitabın bir çox ayələri öz əsrarəngizliyini qoruyub saxlamaqdadır. Qurani-Kərimin nazil olduğu ərəb dili öz leksik fonduna görə dünyanın ən zəngin dillərindən biridir. Qeyd olunan bu faktlar Qurani-Kərimin Azərbaycan dilinə tərcümə prosesinin mürəkkəbliyinə dəlalət edir. Vasim müəllim mərhum akademik Ziya Bünyadovla birgə bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlib və Azərbaycan oxucusuna Allah kəlamını ən yüksək səviyyədə çatdıra bilib.

Vasim müəllimin bu tərcüməyə yazdığı "Ön söz" və şərhlər öz elmi siqlətinə, nəzəri əhəmiyyətinə görə son dərəcə maraqlı bir əsərdir. "Ön söz"də əksini tapmış metodiki ideyalar Qurani-Kərimin tərcüməsində tam mənada gerçəkləşib. Məhz bunun sayəsində tərcümə oxucuların rəğbətini qazanıb və bir neçə dəfə nəşr olunub. Qeyd etmək yerinə düşər ki, müqəddəs kitabımızın bu tərcüməsi artıq 17 dəfə yenidən nəşr edilib.

Vasim müəllimin ərəb, fars, türk və bir sıra digər dilləri gözəl bilməsi, Şərq mədəniyyətinin nümunələri ilə yaxından tanış olması, İslam dünyasının böyük alimlərinin, mütəfəkkirlərinin, ədib və şairlərinin əsərlərini dərindən mənimsəməsi onun universal ensiklopedist alim kimi formalaşmağında mühüm rol oynayıb.

Ərəb və fars dillərini mükəmməl bilməsi ona klassik şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi şöhrət gətirib. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır. Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh edib.

Hörmətli akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisidir. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib.

Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alimdir. Akademik sorağı müsəlman dünyasının ən böyük elm və tədris mərkəzlərindən gələn orta əsr Azərbaycan alimlərinin ənənəsinə sadiq qalan görkəmli ziyalımızdır.

Vasim müəllim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edir. İnstitutun Dissertasiya Şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyətlə iştirak edən hörmətli akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəmir. Alim illər uzunu böyük zəhmət hesabına əldə etdiyi elm xəzinəsini Azərbaycan elminin gələcəyi yolunda səxavətlə paylayır.

Vasim müəllim bu gün elmi yaradıcılığının çiçəklənmə dövrünü yaşayır. İnanırıq ki, hörmətli akademik Vasim Məmmədəliyev hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmimizi zənginləşdirəcək, onu yeni-yeni zirvələrə doğru aparacaq.

 





07.12.2017    çap et  çap et