525.Az

ING maliyyə şirkətinin məruzəsində müsbət və pozitiv məqamlar yer alıb


 

AVROPA İTTİFAQININ "ŞƏRQ TƏRƏFDAŞLIĞI" PROQRAMININ SİFARİŞİ ƏSASINDA AZƏRBAYCANA DAİR ANALİTİK MƏRUZƏ HAZIRLANIB

ING maliyyə şirkətinin məruzəsində müsbət və pozitiv məqamlar yer alıb<b style="color:red"></b>

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi əsasında Hollandiyanın ING maliyyə holdinqi Azərbaycana dair analitik məruzə hazırlayıb.

Şirkətin partnyoru olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatının apardığı araşdırmanın nəticəsinə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.

Məruzəyə əsasən, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib.

Araşdırma zamanı, həmçinin, Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.

Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edir, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb. 

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Azərbaycan əhalisi dövləti dəstəkləyir və onun gələcəyinə nikbin, inamla yanaşır: "Bütün bunlar prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi layihələr, sabitlik və təhlükəsizlik istiqamətində atdığı ciddi addımlara növbəti dəfə verilən qiymətdir".

E.Həsənlinin sözlərinə görə, stabil, təhlükəsiz ölkədə yaşayan Azərbaycan vətəndaşları təhsil sistemi, sosial-iqtisadi həyat, ordu quruculuğu və digər istiqamətlərdə əldə olunan uğurları görür və sevinclə qarşılayırlar.

QHT sədri deyib ki, Azərbaycanın regionda həyata keçirdiyi layihələr, qonşu dövlətlər - Rusiya, İran, Türkiyə və Gürcüstanla sıx əməkdaşlıq əlaqələri, beynəlxalq təşkilatlar və böyük dövlətlərlə bərabərhüquqlu münasibətlər ölkə əhalisinin daim diqqətindədir: "Vətəndaşlar ölkə rəhbərliyinin həyata keçirdiyi bu uğurlu siyasəti dəstəkləyirlər. Onlar Azərbaycanın artıq qüdrətli dövlətə, regionda söz sahibinə çevrildiyinin fərqindədirlər".

Dekabrın 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə toxunan E.Həsənli bildirib ki, Xəzərin hüquqi statusuna dair danışıqlarda əsas məsələlərlə bağlı nəticənin əldə olunması Azərbaycanın qazandığı növbəti uğurlardan biridir: "Çünki uzun müddət danışıqlar getsə də, bu məsələdə nəticə əldə olunmurdu".

Ekspert qeyd edib ki, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağına dair vətəndaşlarda böyük ümid var: "Keçən ilin aprel döyüşləri də göstərdi ki, ordumuz qısa müddətdə torpaqları işğaldan azad etməyə tam hazırdır. Lakin hazırda rəsmi Bakı danışıqlar yolu ilə problemin həll olunmasına çalışır. Dövlətimiz beynəlxalq hüquqa əsaslanaraq, torpaqların işğaldan azad olunması üçün bütün səylərini ortaya qoyub. İnanırıq ki, həyata keçirilən fəaliyyət öz müsbət nəticəsini verəcək. Sülh yolu ilə münaqişəni həll etmək mümkün olmasa, o zaman ordumuz bu məsələni birədəfəlik həll edəcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, məruzədə Azərbaycanla bağlı çox müsbət, pozitiv məqamlar yer alıb: "Analitik yazıda yerli əhalinin dövlətə, hakimiyyətə etimad göstərdiyi, ölkənin gələcəyinə nikbin yanaşdığı qeyd olunub, milli valyutanın möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı ilə bağlı məqamlar öz əksini tapıb. Bütün bunlar olduqca önəmli faktlardır".

E.Mirzəbəyli qeyd edib ki, araşdırmanın məhz Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində aparılması və nüfuzlu şirkət tərəfindən həyata keçirilməsi göstərilən rəqəmlərin tam obyektiv reallıqları əks etdirdiyini ortaya qoyur.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, analitik məruzədə dövlətimiz və xalqımız üçün olduqca dəyərli, qiymətli məlumatlar öz əksini tapıb: "Nüfuzlu maliyyə qurumu tərəfindən belə bir materialın hazırlanması sevindirici haldır. Azərbaycan bağlı maraqlı fakt və təhlilərin yer aldığı məruzə iki əsas məsələni özündə əks etdirir. Birincisi, analitik material ölkədəki reallıqlara uyğundur. Burada dövlət-xalq birliyi, cəmiyyətin ayrı-ayrı dövlət qurumlarına olan münasibəti öz əksini tapıb. İkincisi isə araşdırmada Azərbaycanda əldə olunmuş uğurların dünya miqyasında təbliğatının düzgün qurulması və onun nəticələri əks olunub".

A.Quliyev qeyd edib ki, əgər ölkədə belə reallıqlar qeydə alınmasaydı, təbii ki, analitik məruzələrdə bu cür məlumatlar meydana çıxa bilməzdi: "Eyni zamanda, ölkədəki reallıqlar lazımi səviyyədə dünyada təbliğ olunmasaydı, beynəlxalq analitik məruzələrdə də bu cür təqdimatlara rast gəlməzdik. Bir sözlə, hazırlanan məruzə həm ölkədəki reallıqlara, həm də bu istiqamətdə dünyada apardığımız məqsədyönlü işin mahiyyətinə tam uyğun gəlir".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhmizadə isə bildirib ki, Azərbaycanın ixrac imkanları genişlənir, idxaldan asılılıq minimuma endirilir, qeyri-neft sektoru sürətlə inkişaf edir, biz sözlə ölkəmizin iqtisadi gücü artır, insanların sosial rifahı daha da yaxşılaşır: "Bunu statistik rəqəmlərlə yanaşı, real göstəricilər də təsdiqləyir. Bu baxımdan ING maliyyə holdinqin (Niderland) tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatının Azərbaycanla bağlı hazırladığı analitik məruzəni xüsusi olaraq vurğulamaq lazımdır. Məruzədə yer alan məlumatlara əsasən, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Qeyd edilir ki, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Rəqəmlərdən də göründüyü kimi, ölkəmizin inkişafı, uğurlu gələcəyi insanların gündəlik həyatında öz əksini tapır". V.Rəhimzadə qeyd edib ki, əldə olunan uğurların əsasında həyata keçirilən mütərəqqi islahatlar, düşünülmüş inkişaf strategiyası dayanır: "Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, 2017-ci il iqtisadi islahatlar ili kimi yadda qalacaq. Doğrudan da, bu il ölkəmizin iqtisadi inkişafı baxımından mühüm addımlar atılıb. Bu sahənin inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanıb, yeni sənaye məhəllələrinin təməli qoyulub, paytaxtda və regionlarda bir çox istehsal sahələri açılıb, ən əsası "Yeni əsrin müqaviləsi" imzalanıb. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bütün bunlar gələcək iqtisadi inkişafımızın təmin olunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdir".

Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, Hollandiyanın nüfuzlu ING maliyyə holdinqinin Azərbaycanla bağlı hazırladığı analitik hesabat kifayət qədər həqiqəti əks etdirir. O, "Trend"ə bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər: "İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir. Bu, çox vacib məqamlardan biridir. Əhalinin 65 faizinin parlamentə, 45 faizinin isə siyasi partiyalara inanması da yüksək göstəricidir. Bu da onu göstərir ki, hakimiyyət xalqın mənafeyinə uyğun siyasət həyata keçirir, milli maraqları hər şeydən üstün tutur".

E.Nəsirov qeyd edib ki, hakimiyyətin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının mənafeyi və sosial rifahı durur: "Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar müsbət nəticəsini verməkdədir və hesabatda da əhalinin bütün bunlara verdiyi müsbət qiymət əksini tapıb".

Ceyhun ABASOV

 





07.12.2017    çap et  çap et