525.Az

"Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması üzərimizə daha böyük məsuliyyət qoyur"


 

"Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması üzərimizə daha böyük məsuliyyət qoyur"<b style="color:red"></b>

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim "525"in Ankaradakı müxbirinə müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik. 

- Cənab səfir, sizin bu vəzifəyə təyinatınız sələfinizin - Sizdən əvvəlki səfirin ünvanına bəzi tənqidlərin səsləndiyi bir dövrdə reallaşdı. Bu baxımdan, sizin təyinatınız hansı mesaj verir?

- Türkiyə-Azərbaycan münasibətləri o səviyyədədir ki, burada heç bir fərqli mesaj, məqam ola bilməz. Cənab prezident İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır. Türkiyə-Azərbaycan dostluğu hər iki dövləti gücləndirir. Dünyada başqa iki dövlət yoxdur ki, onların arasında belə münasibətlər olsun. Bu, normal rotasiyadır. Səfirlər dəyişir. Kimsə geri qayıdır, kimsə gəlir bura. Sadəcə olaraq, hər birimiz öz işimizi görməliyik - səfirlik olaraq, hökumətimiz olaraq öz işimizi elə qururuq ki, Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri üzərində nəsə qurub tikə bilək. Ona görə də mən Azərbaycanın sıravi diplomatı kimi cənab prezident tərəfindən bura böyük etimadla təyin olunmuşam. Bu etimadı doğrultmaq üçün də əlimdən gələni edəcəm.

- Siyasi, iqtisadi sahədə münasibətlərin inkişafı yüksək səviyyədədir. Amma burada yaşayan Azərbaycan vətəndaşları, xüsusi ilə təhsil alan tələbələrimiz səfirliyin onlara münasibətləri ilə bağlı zaman-zaman şikayətlər ediblər. Sizin səfir kimi ilk görüşlərinizdən biri də tələbələrlə oldu...

- Biz burda hər bir sahədə işləyirik. Bəzi sahələr ictimaiyyətə açıq sahələrdir. Tələbələrlə görüşlər, mədəniyyət-incəsənət xadimlərinin buraya səfərləri, mətbuatla iş - bunların hamısı ictimaiyyətə açıq sahələrdir. Amma bundan başqa, digər vacib məsələlər də var. Onlar haqqında ictimaiyyətə məlumat verilmir, çünki buna, bəlkə, heç ehtiyac da yoxdur. Biz peşəkar diplomatlarıq. Bizim haqqımızda məlumatlar, gördüyümüz işlər çalışdığımız ölkədə görülməlidir, bunu işlədiyimiz dövlətin ictimaiyyəti bilməlidir. Təbii ki, bizim ölkəmizin ictimaiyyəti də məlumatlandırılmalıdır, amma bizim əsas işimiz buradadır.

Siyasi münasibətlər ən yüksək səviyyədə saxlanılmalıdır. Məsələn, mən bir aydır, buradayam. Bir ay ərzində artıq Azərbaycan Prezidenti buraya səfər edib, Türkiyə Prezidenti Bakıya gedib. Azərbaycanın üç naziri buraya gəlib, mən artıq üç vilayətə səfər etmişəm. Yəni siyasi sahədə ən yüksək səviyyəli münasibətlər qorunub saxlanılmalı və daha da möhkəmləndirilməlidir. Bu, çox vacib bir məqamdır. İkincisi, Bakıda iki ölkə prezidentlərinin dediyi kimi, iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi məsələsi. Bununla bağlı biz ticarət dövriyyəsinin artırılması üzərində işləyirik. Artıq, addımlar atılıb. Bildiyiniz kimi, qərar verilib ki, Naxçıvanda istehsal olunmuş 43 adda mal Türkiyə tərəfinə gömrük rüsumu ödənilmədən gətirilə biləcək. Yəni Türkiyənin bir vilayətinin digər vilayətinə girdiyi kimi. Bu, çox böyük imkanlar açacaq ki, Azərbaycan malları Türkiyəyə ixrac olunsun. İlk dəfədir ki, belə bir addım atılır. Naxçıvanın çox gözəl kənd təsərrüfatı və digər orqanik məhsulları var. Bu məhsullara çox böyük təlabat da var. Ona görə də onların ixracı ilə bağlı qərar verilib. Azərbaycanın iqtisadiyyat nazirinin İqdıra səfəri zamanı gərəkli anlaşma əldə olundu. Bu istiqamətdə ticarət əlaqələrinin genişləndirilməsinə dəstək veriləcək. Üstəlik, biz hər bir bölgəyə getdiyimiz zaman bu haqda danışırıq. Məsələn, Bursaya gedəndə bu haqda danışdıq.  Çünki Bursa Türkiyənin dördüncü ən böyük vilayəti olsa da, iqtisadiyyatı ikincidir, çox böyük potensialları var. Əlaqələrimizdə iqtisadi blok çox böyük əhəmiyyət kəsb edir.

Hərbi blok da çox önəmlidir. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan bu sahədə çox böyük əməkdaşlıq edirlər. Həm hərbi texnika, həm də hərbi təlim sahəsində sıx əməkdaşlığımız var. Bu istiqamətdə də fəaliyyətimizi artıracağıq.

Azərbaycan incəsənəti və mədəniyyətinin Türkiyədə ən yüksək səviyyədə təmsil olunması da çox önəmli məsələdir. Mənimçün çox sevindirici haldır ki, burda hara gedirəmsə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri haqqında danışırlar. Çanaqqalada bələdiyyə başqanı mənə deyir ki, burda olan bütün tablolar Azərbaycan rəssamı tərəfindən işlənib.

Mənə dedilər ki, Türkiyədə Atatürkün ən böyük heykəlini azərbaycanlı heykəltəraş Səid Rüstəm yaradıb. Anıt qəbrində də Azərbaycan rəssamlarının əsərləri var. Bu yaxınlarda bir tədbirə getmişdim, TRT xorunun rəhbəri azərbaycanlı bir xanımdır. Azərbaycanın mədəniyyət, incəsənət sahəsində öz gücünü daha bariz göstərməsi üçün də işlər görəcəyik.

Türkiyədə 15 min nəfərə yaxın Azərbaycan tələbəsi var. Türkiyədə başqa heç bir ölkədən bu qədər tələbə yoxdur. Eyni zamanda, Türkiyə bizə qardaş dövlət olduğu üçün tələbələrimiz burda özlərini müsbət göstərməyə çalışmalıdırlar. Çox sevindirici hal idi ki, biz Ankaradakı tələbələrlə görüşəndə gördük ki, onların əksəriyyəti nəsə iş görmək istəyən vətənpərvər gənclərdir. Onlarla sıx işləyəcəyik.

- Fəaliyyətinizdə prioritet istiqamətlər hansılar olacaq?

- Prioritetlər dövlət başçısı tərəfindən müəyyən olunub və icra edilir. Unutmayaq ki, Azərbaycan-Türkiyə münasibətlərinin hər sahəsində çox işlər var. Gələn il "SOCAR-Türkiye" Türkiyənin 3 ən böyük şirkətindən biri olacaq. Azərbaycanın Türkiyədəki yatırımları artıq 12 milyard dolları keçib. Gələn il TANAP istifadəyə veriləcək. Burda o qədər böyük işlər var ki, nəyisə xüsusi qeyd etmək çətin məsələdir. Mən burda başqa aparıcı, qlobal ölkələrin səfirləri ilə görüşəndə onlar deyirlər ki, bizim bir il müddətində gördüyümüz iş heç sənin bir aylıq gördüyün iş qədər olmur. Ola da bilməz! Azərbaycan-Türkiyə münasibətlərinin belə yüksək səviyyədə olması üzərimizə daha böyük məsuliyyət qoyur. Münasibətləri bu səviyyədə nəinki saxlamalı, daha da genişləndirməliyik.

- Hərbi sahədə əməkdaşlıqdan bəhs etdiniz. Azərbaycan hərbi zabitləri Ankaradakı hərbi akademiyada təhsil alırdılar. 15 iyul hadisələrindən sonra hərbi akademiya "FETÖ" nəzarətində olma ittihamları ilə fəaliyyətini dayandırmışdı. Bu hadisələr hərbi təhsil sahəsində əməkdaşlığa necə təsir edib?

- Heç bir problem yoxdur. 15 iyul hadisələrindən sonra, təbii ki, Türkiyənin daxilində bir çox məsələlər dəyişdi və təmizlənmə üçün çoxlu işlər aparıldı. Təbii ki, bu təmizləmə müxtəlif qurumların fəaliyyətinə də təsir etdi. İndi heç bir problem yoxdur. Bizim hərbçilərimiz təhsillərini yenə də davam etdirirlər. Biz onlarla tez-tez görüşürük. Keçirdiyimiz tədbirlərə hərbi qulluqçularımız da qatılırlar.

- Cənab səfir, bu sualımı sizə Ankarada yaşayan Azərbaycan vətəndaşı kimi verirəm. Burada təhsil alan tələbələrimizə olduğu kimi, evlilik səbəbi ilə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına da diqqət göstərmənizi Sizdən xahiş edirəm. Biz Türkiyə cəmiyyətinin bir hissəsiyik. Biz sadə insanlarla mütəmadi təmasdayıq, ana, həyat yoldaşı kimi türk ailələrinə müsbət örnək ola bilirik...

- Bunu etmək bizim borcumuzdur! Azərbaycanın Türkiyədəki səfirliyi sizin evinizdir. Biz burda sizlərə xidmət edirik. Təbii ki, biz eyni vaxtda hər kəslə görüşə bilmərik, amma artıq aktiv görüşlərə başlamışıq.

Biz burda təhsil verən azərbaycanlı professorlarla, Azərbaycanla əlaqəli olan dərnəklərlə də görüşmüşük.  Görüşlərimiz mütəmadi davam edəcək. Tələbələrlə görüşümüzdə iştirak edənlərdən biri Türkiyədə ailə qurmuş azərbaycanlı xanımlarla bağlı cəmiyyətin rəhbəri idi. Bütün sahələrdəki azərbaycanlılarla görüşməyə çalışacağıq. Siz hər zaman bilməlisiniz ki, biz burda sizin üçün çalışırıq. Qapılarımız hər zaman üzünüzə açıqdır. Əlbəttə, biz də sizlərlə görüşəcəyik, amma sizlər də gözləməyin ki, biz gəlib sizinlə görüşək, nə zaman nə probleminiz, nə məsələniz varsa, gəlin görüşək. Bütün həmvətənlərimizi eyni vaxtda bir yerə gətirmək bir az çətin olur. Amma sahələr üzrə görüşlər etmək olar. Məsələn, hər şəhərdə tələbələrlə, müəllimlərimizlə, mədəniyyət xadimlərimizlə, ailə qurmuş xanımlarımızla ayrıca görüş etmək olar. Bu bizə imkan verər ki, öz bağlılığımızı itirməyək, əlaqələrimizi gücləndirək.

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Bununla bağlı biz çox möhtəşəm bir tədbir keçirməyi nəzərdə tuturuq. Cənab prezident tərəfindən artıq bununla bağlı bizə təlimatlar da verilib. Bu tədbirdə bir yerə gələndə hamı bir-birini daha gözəl tanıyacaq.

İlhamə QASIMLI
Ankara

 





07.12.2017    çap et  çap et