525.Az

Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parklarına maraq göstərir


 

Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parklarına maraq göstərir <b style="color:red"></b>

Dünən Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi davam etdirilir.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası barədə məlumat verən N.Səfərov Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinın əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parkları və sənaye məhəllələri, həmçinin, aqroparkların fəaliyyətinə dair təqdimatlar keçirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri təmsil etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoyuluşu imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər.

Tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə davam edib.

CEYHUN

 





07.12.2017    çap et  çap et