525.Az

"Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan tarixən multikulturalizmin ünvanı olub"


 

"Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan tarixən multikulturalizmin ünvanı olub"<b style="color:red"></b>

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının rəhbəri kimi İtaliyanın paytaxtı Romada səfərdədir. 

S. Qafarova "Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması" mövzusunda məruzəsini tamamlamaq məqsədilə bir sıra görüşlər keçirib. 

Dekabrın 5-də deputat İtaliya parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mişel Nikoletti ilə görüşüb. Görüşdə S. Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının səfərinin məqsədi haqqında məlumat verib. O bildirib ki, səfərin məqsədi özünün müəllifi olduğu "Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması" mövzusunda məruzəsi üzrə məsələlərin araşdırılması, İtaliyada bu sahədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsinin aparılmasıdır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin nəzərdə tutulduğunu bildirən S. Qafarova bu görüşlərin məruzənin hazırlanmasına müsbət töhfələr verəcəyinə inandığını bildirib. S. Qafarovanın digər görüşü İtaliyada Müsəlman İcmaları Birliyinin rəhbəri, Florensiya şəhərinin imamı İzzəddin Elzir ilə olub.
 
Görüşdə bu ölkədə miqrantlara, o cümlədən, müsəlman icmalarına münasibətdə həyata keçirilən siyasət, onlara qarşı diskriminasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər və bu sahədə vəziyyət, miqrantların inteqrasiyası, miqrantların diaspor cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsi, diaspor cəmiyyətlərinin miqrantların inteqrasiyasında rolu və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. AŞPA-nın komitə sədri İtaliya parlamentinin üzvü, "Radikalizmin və cihad ekstremizminin qarşısının alınması üzrə tədbirlər" adlı məruzənin müəllifi Stefano Dambruoso ilə də görüşüb. Görüşdə sözügedən məruzə ilə yanaşı, radikalizmin yaratdığı təhdidlər, Avropada radikalizmin genişlənməsinin qarşısının alınması istiqamətində atılan addımlar, milli parlamentlərin bu məsələdə rolu, İtaliyada miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası və digər mövzular müzakirə olunub. Deputatın İtaliya Penitensiar Departamenti rəhbərinin müavini Marko Del Gaudio, Yuvenal Ədliyyə Departamentinin rəhbəri Gemma Duccillo və Ədliyyə Nazirliyinin Beynəlxalq Fəaliyyət İdarəsinin rəhbəri Raffaella Pezzuto ilə görüşlərində isə İtaliyada miqrantların məskunlaşması və onların inteqrasiyasında dövlət siyasətinin nəticələri, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşlərdə S. Qafarova Ermənistan-Azərbaycan  münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. S.Qafarova beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlarda ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edildiyini, Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu vurğulayaraq Ermənistan rəhbərliyinin müxtəlif təxribatlarla bu prosesi pozmağa çalışdığını diqqətə çatdırıb.

S. Qafarova müəllifi olduğu məruzə haqqında məlumat verib, hazırda bir sıra Avropa dövlətlərində miqrantlara, o cümlədən, müsəlmanlara qarşı ayrı-seçkiliyə, qeyri-humanist davranışa yol verildiyini, bunun qəbuledilməz olduğunu bildirib. O, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin uğurlarından da geniş bəhs edib, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycanın tarixən multikulturalizmin ünvanı olduğunu, fərqli dinlərin və millətlərin nümayəndələrinə qarşı tolerant münasibətin hökm sürdüyünü söyləyib.

KAMİL

 





07.12.2017    çap et  çap et