525.Az

Azərbaycanın ailə institutu: dünya üçün nümunəvi model


 

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Azərbaycanın ailə institutu: <b style="color:red">dünya üçün nümunəvi model</b>

Azərbaycanda ailə dəyərləri tarix boyu yüksək qiymətləndirilib, xüsusi ayrıcalıq daşıyıb.

Müasir dünyamızda bütün dəyərlərin deqredasiyaya uğradığı, ailə institutunun süquta doğru getdiyi bir dövrdə Azərbaycan dəyərlərinin möhkəm sütunlar üzərində dayanması da bundan irəli gəlir.

Sağlam ailə həm də sağlam cəmiyyət deməkdir. Qloballaşma və modernləşmə dövründə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə, qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıya qalır. Bütün bu problemlərin öhdəsindən gəlmək üçün fərdlərarası münasibətləri düzgün qurmaq, uşaqları lap körpəlikdən şəxsiyyət kimi formalaşdırmaq mütləqdir.

Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi aşınmaya yol açıb. Bu aşınmanın qarşısını almaq üçün bəzi ölkələr artıq ailə institutunu seçim kimi deyil, investisiya vasitəsi kimi qəbul edirlər. Bütün dünyanın qərbə üz çevirdiyi bir dönəmdə bu axına qarşı çıxmaq, sivilizasiya ilə ayaqlaşmaqla yanaşı, həm də öz dəyərlərini qorumaq gün keçdikcə daha çətin və qarmaşıq hal alır.

Qlobal ölçüdə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi simptomlar ailə həyatının təməlini laxladır. Demoqrafik problemin artıq qərblə bütünləşdiyini nəzərə alsaq, Qərbin ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda dalana doğru getdiyini görmək çətin olmaz.

Qloballaşma şəraitində, inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusən, müsəlman-türk dövlətlərinə inteqrasiyası zəruridir. Qərbin sağlam ailə sistemi yaratması üçün Şərqin, türk-müsəlman ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaq normalarını mənimsəməsi və tətbiq etməsi artıq aksiom halına gəlməkdədir. Çünki müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə, şəxsi azadlıq, individuallıqdan imtina ilə başqasının xoşbəxtliyini hədəfləməyə yönəlir. Ailə təməlinin xilası da budur: başqalarını özündən çox sevmək və sevdiklərini özündən çox düşünmək...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, Hüquq elmləri üzrə fəlsəfə doktoru Elgün Səfərov daha çox uşaqların təhsildən yayınma məsələsinə toxunub. Komitə rəsmisi qeyd edib ki, ailə institutunun formalaşması üçün təhsil əsas şərtdir: "Azərbaycan Respublikasında təhsildən yayınma halları fərdi problemdir, əhali arasında o qədər də yayılmayıb. İstər qız, istərsə oğlanlar arasında olan bu problemin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görülür. Bu məsələ ilə əlaqədar valideynlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xətalar məcəlləsində xüsusi maddələr var. Valideynlər 100, 200, 500 manat miqdarında cərimə olunurlar. Bundan başqa, Cinayət Məcəlləsində nəzərdə tutulub ki, yetkinlik yaşına çatmayan uşaqlar məcburi əməyə məruz qalararaq təhsildən yayındırıldıqda və bu, onların mənəvi və fiziki inkişafına mənfi təsir göstərdikdə valideyn və ya məsul şəxs 7 ildən 10 ilə qədər cinayət məsuliyyətinə cəlb olunur".

Fəlsəfə doktoru vurğulayıb ki, Ailə Məcəlləsi və Mülki Məcəlləyə əsasən, valideynlər öz vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edilmələri mümkündür: "Bəzi valideynlər öz hüquqlarından sui-istifadə edərək uşaqları məcburi əməyə məruz qoymaqla təhsildən yayındırıblar. Belə ailələr yerli icra hakimiyyətində qeydiyyata alınıblar. Onlara psixoloq, sosioloq işçi və hüquqşünas yardımı edilib. Eyni zamanda, uşaqlara hüquqi yardım göstərilib".

Şöbə müdirinin sözlərinə görə, belə hallar aşkarlandıqda uşaqların digər ailə üzvləri tərəfindən hər hansı zorakılığa məruz qalmaları barədə dinləmə aparılır: "Təhsildən yayınmasına səbəb olan şəxslərlə psixoloqlar iş apararaq əsas səbəbləri öyrənirlər. Dövlət komitəsi tərəfindən nəinki qanunvericilik çərçivəsində hüquqi, həmçinin maarifləndirici tədbirlər də həyata keçirilir. Təhsildən yayınma faktlarının azaldılması məqsədilə məktəblərdə ailə dəyərləri ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Bəzi ailələrdə valideynlər arasında məişət zorakılığı halları müəyyən edilir. Belə hallar gələcəkdə uşaqların məktəbə getməməsinə səbəb olur. Ona görə bu problemlərin aradan qaldırılması məqsədilə həmin ailə üzvləri ilə birbaşa iş aparılır. Yenə də qeyd etmək istəyirəm ki, bu vəziyyət hər regionda fərqlidir. Məsələn, məişət zorakılığı faktı üzrə Bakı şəhəri birinci yerdədir. Təhsildən yayınma probleminin fərdi şəkildə olduğunu nəzərə alaraq deyə bilərəm ki, bu məsələ regionlarda kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş uşaqlar arasında daha geniş yayılıb. Bunun qarşısının alınması üçün dediyim kimi, qanunvericiliyin, məhkəmənin, Daxili İşlər Nazirliyinin dəstəyi ilə reydlər aparılır".

E.Səfərov bildirib ki, bununla yanaşı, nəinki məcburi əməyə cəlb olunma, həmçinin virtual həyat da uşaqları təhsildən yayındırır: "Yuxarı siniflər, 8, 9, 10, 11-ci siniflərdə şagirdlər dərsdən qaçaraq internet kafelərə gedib oyunlarla məşğul olurlar. Bəzən valideynlərin də xəbəri olmur. Bu reydlər hər il 150-200 uşaq arasında aparılır. Bu cür uşaqların valideynləri onlara nəzarət etmədikləri üçün məsuliyyətə cəlb edilirlər və onlarla mütəmadi olaraq iş aparılır. Əlbəttə, bu cür tədbirlərin həmişə müsbət nəticəsi olmur. Bəzən uşaqlar təkrar təhsildən yayınırlar. Belə olduqda, valideynlərin məsuliyyətə cəlb edilməsi daha ağır şəkildə həyata keçirilir. Profilaktik tədbirlər yalnız uşaqlarla deyil, valideynlərlə də aparılır. Sosioloq və psixoloqlar uşaqların təhsildən yayınma probleminin mənbəyini öyrənmək üçün valideynlərlə söhbət edirlər. 15 yaşına çatmış uşaqların əməyə cəlb olunması onun fiziki və mənəvi inkişafına, təhsildə iştirakına problem yaratmamalıdır".

Komitə rəsmisi bütün bu mənfiliklərə rəğmən məsələyə pozitiv yanaşır. O, statistikaya əsasən, bildirib ki, respublika üzrə uşaqların təhsildən yayınması kütləvi deyil: "Amma daha böyük bəla uşaqların erkən nikaha cəlb edilməsi xeyli çoxdur. Uşaqların təhsildən yayınmasına Bakı şəhərində daha sıx rast gəlinir, rayonlarda isə daha azdır. Hər rayonda 1, ya da 2-3 fakt müəyyən olunur".

E.Səfərovun dediyinə görə, uşaqların narkotik maddələrə, alkaqola, aludəçiliyə cəlb edilməsi ilə bağlı statistik məlumatlar isə tamamilə fərqli vəziyyəti göstərir: "Bunu təhsildən yayınma faktı ilə müqayisə etsək, təhsildən yayınma faktları daha çoxdur. Bütün tədbirlərdən sonra bu faktların azaldığını və ya çoxaldığını qeyd edə bilmərəm. 5 ildir, eyni şəkildə davam edir. Bəzi hallarda 1-2 təkrarlanan faktlar da olub".

Şöbə müdiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərə də toxunub: "Narkotiklə mübarizə, onun insan üçün zərərləri barədə maarifləndirmə materialları çap edilir, mütəmadi olaraq təlimlər keçirilir. Eyni zamanda, komitə tərəfindən yerli media orqanları ilə işlər aparılır və narkomaniyanın mənfi təsirləri ilə bağlı informasiya geniş yayılır. Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və maarifləndirilməsi məqsədilə vaxtaşırı təlimlər, tədbirlər təşkili olunur.

Uşaq və qadın hüquqlarının müdafiəsi, ailənin normal inkişafına və sağlamlığına mənfi təsir göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən qorunması məqsədi ilə qaçqın və məcburi köçkün məktəblərində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində maarifləndirmə kampaniyası keçirilir. Kampaniyalar çərçivəsində nazirliklər, rayon İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları, rayon polis idarələrinin yetkinlik yaşına çatmayanlarla işləyən inspektorları, rayon Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin nümayəndələri, o cümlədən, məktəblərin nəzdində Valideyn-Müəllim Assosiasiyası rəhbərləri, məktəb psixoloqları da cəlb olunmaqla müvafiq layihələr aparılır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ailə institutunda balansı qorumaq üçün qadının öz ayaqları üzərində dura bilməsinin mütləq olduğunu deyib: "İqtisadi cəhətdən güclü olanda kişinin etdiyi hərəkətlərin adekvat cavabını verməli deyil. Bizdə təsəvvür belədir ki, qadın pulludursa, evin kişisi kimi rəftar etməlidir. Bu yanlış düşüncə aradan qaldırılmalıdır. Qadının özünün seçim, qərar qəbulu, həyatda möhkəm dayanması üçün iqtisadi gücü vacibdir.

Faktlar göstərir ki, ailə modeli güclü olmadığına görə qadın özünü sığortalanmış, təhlükəsiz hiss etmir".

Psixoloq Elnur Rüstəmov gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinədir: "Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir. Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində, sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir".

Psixoloqun fikrincə, ölkədə cinslərarası konfliktlər əsasən məişət müstəvisində aktualdır:

"Əvvəllər kişi və qadın arasında əmək bölgüsü var idisə, indi bütün bunlar arxada qalıb. Texnologiyanın, eləcə də sivilizasiyanın inkişafı bu fərqi heçə endirib. Qadınlar daha aktiv, dinamik həyat tərzi sürürlər.

Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər də az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq".

Vəkil Zülfiyyə Bayramova məsələyə hüquqi tərəfdən yanaşıb:

"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, yeganə istisna qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan bütün məsələlərdə məsuliyyət bərabərdir".

Z.Babayeva ölkədəki gender bərabərliyinin göstəricisindən məmnun deyil:

"Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Amma bütün bunlar yanlış düşüncələrin məhsuludur".

Cavid QƏDİR
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





07.12.2017    çap et  çap et