525.Az

Zamanın nəbzi - hekayə


 

Zamanın nəbzi - <b style="color:red">hekayə  </b>

Kəfkirli saat yataq otağımda, canlı məxluq kimi, neçə illərdir, bir küncdə ayaqüstə dayanıb.

Nənəm deyərdi ki, nikolaydanqalma qədimi əhtacdır. Onu da deyirdi ki, kəfkiri qızıldandır, amma oxşamırdı - sürtəndə parıldayırdı, di gəl, üstündən bir az keçən kimi təzədən göyərirdi. Üstündə evciyi də vardı - qapısı açılıb-örtülən - içində də bülbül. Oğlum uşaq olanda taxta bülbülün başını qopartmışdı və kleyləsəm də, dimdiyini tapa bilməmişdim deyə quş çox eybəcər görünürdü. Yayı da boşalmışdı, bülbül qapını itələyib eşiyə çıxa bilmirdi və səsi batmışdı. O səbəbdən də qapaqcıqların ağzına kibrit çöpü keçirmişdim ki, açılıb saatı eybəcər göstərməsin...

Əlqərəz, məni yuxuya verən əsl hipnoz cihazı idi və qızılı kəfkirin "laylasına", hər saatın tamamında kilsə zəngi kimi dopdolu danqıltısına göz-qulağım öyrəncəli olmuşdu. Yuxuda olanda danqıltısı vecimə də olmurdu, sanki otağımda Ətalət Qanunu adlı əyani hənirti məni darıxmağa qoymurdu... Kəfkirin hər dəfə sağ və sol ölü nöqtəyə çatanda azca ləngiməyini çoxdan müşahidə etmişdim. Hətta müşahidələrim o həddə çatmışdı ki, özümü inandırmışdım: - "Kəfkir sağda "xoşbəxtliyin", solda isə "bədbəxtliyin" üstündə dayanırmış"... Hər zəng vurulanda  qulağımı təzə xəbərə şəkləyirdim, - "Allahım, nə xəbərdirsə, "xeyirdə" gəlsin!.." - sınamışdım, ürəyimdə tutduğum arzular və sonradan olanlar kəfkirin "dediyi" ilə üst-üstə düşürdü, hər dəfə çin çıxırdı. Saatın adamı qarıxdırmağı bircə ondaydı ki, özümü "xoşbəxtliyin" üstündə niyyət tutmağa, xəbər eşitməyə köklənmişdim, azca gecikəndə günboyu qulağım səksəkədə bəd xəbər axtarırdı. Olmuş əhvalat danışım...

lll

İndiki kimi yadımdadır, Salanturun oğlu gecə saat birdə dünyaya gəlmişdi. Kinoya baxırdım deyə hələ yatmamışdım. Xəbəri duyanda saat zəng çaldı və baxdım ki, kəfkir soldadır... Göbəyini İmmi arvad kəsib adını da Qulu qoymuşdu. Bizim arvad da doğuşa köməyə getmişdi. Danışırdı ki, İmmi uşağın göbəyinə danqa birmanatlıq qoyub sarıyıb, əl-ayağını büküb bələyəndə arvad kəndiri elə bərk sıxıb ki, elə bil uşaq bu saat durub qaçacaqmış. Uşağın anası deyib, - Ay İmmi xala, bir az ipi boşalt, uşağı kəsir axı..." İmmi də qayıdıb ki, - "Heş zad olmaz, qoy, əl-əyağı düz olsun". Yazıq körpə də ağrıdan zarıya-zarıya qalıbmış, anasının südünə də kirimirmiş...

Kəfkirin tıqqıltısına o qədər aludə olmuşdum ki, gözümü açanda gördüm Qulu yekəlib, fərasətli, qanacaqlı, evlənməli oğlan olub. Bir gün dedilər ki, Qulu kəndimizin qələmqaşlı gözəli Kifayətə aşiq olub. Atası: - İtin-qurdun qızı mənim evimə girməyəcək! Əmin qızı Lətifəni alacaqsan!.. - deyəndə, biçarə Qulu da atasının üzünə qayıda bilmədi, dinməz-söyləməz baş götürüb kənddən qaçdı. O, şəhər avtobusuna minəndə günorta saat ikiydi. Avtobus dayanacağı indi də bizim evin arxasındadı. Anası maşının dalınca düşüb nə qədər: - Qayıt, oğul, başına dolanım, qayıt!.." - çığırsa da, Qulu: - Ya Kifayəti alacağam, ya da heç kimi!.. - inadından dönmədi, üz tutdu birbaş şəhərə...

lll

O gün xəstəydim, işə getməmişdim. Saat üçdə eşitdik ki, Kifayəti qaçırıblar. Elə bildik zoruna döndüyüm Quludur. Ancaq sonradan səs-soraq çatdı ki, yox, qızı qonşu kənddən Bəhrəm qaçırıb. Heç aradan on gün keçməmişdi - namaz vaxtıydı, saat dörd olardı, - xəbər çıxdı ki, Bəhrəmi bıçaqlayıb öldürüblər. Qatili tapdılar. Əvvəl inanmadıq, amma məhkəmədə Qulu hər şeyi boynuna alanda əlimiz ağzımızda qaldı: "Qulu hara, adam öldürmək hara!.."

Saat beşin "Xəbərlər"ində dedilər ki, Quluya 12 il iş veriblər. Sonra səs-soraq yayıldı ki, kəndçimiz türmədə böyük hörmət-izzət sahib olub. Biz belə şeyləri anlamazdıq, amma türmədən çıxan məhbuslar gəlib Salanturun əlindən öpür, Kifayətə qiymətli hədiyyə-filan bağışlayırdılar. Danışırdılar ki, bizim Qulu qazamatda şah kimi dolanır, padşahdan hörmətlidir.

Qulunun atası sağalmaz xəstəliyə əsir düşmüşdü. Həkimi demişdi ki, uzağı bir gün yaşayar. Tərs kimi də həmin gün hökümət saatları qabağa çəkdi... Sübh saat altı idi Salantur can verəndə. "Oğluma deyərsiniz, haqqını halal eləsin, onun bəxtini mən qara yazdım... Görün Kifayət qızım razıdırsa, gəlinim kimi bizim evə köçsün" - kişi son nəfəsində bunu demişdi. Amma çifayda, geciydi, olan olmuşdu artıq. Kifayətin atası da razı olmadı ki: - Mənim "türemşikə" verəcək qızım yoxdur!

Əlqərəz, Kifayəti başqasına verdilər. Saat yeddi idi, Kifayətin toyundan təzəcə qayıtmışdıq. Hay düşdü ki, biz gələn kimi toyda atışma olub, bəy ölüb, gəlin isə ağır yaralanıb. "Yenə Qulunun adamlarıdır -onunla birlikdə türmə çəkənlərdən". Bəyi bu sevdadan döndərmək üçün çox çalışıblar, amma faydasız olduğunu görəndə başqa əlacları qalmayıb, - "Heç kim Qulunun deyiklisinə başqa gözlə baxa bilməz!" - bəyi mağardaca güllələyib, gəlini isə qəsdən yaralayıblar. "Qulaq gündə bir şey eşitməsə kar olar" - nə cür sərt qayda-qanunlar varmış türmələrdə...

Kifayətin də bəxti belə bağlandı, ömürlük bədbəxt oldu...

Səhər saat səkkiz idi. İşə getməyə avtobus gözləyirdim. Bir təcili yardım maşını yanımda saxladı. Sürücü Qulugilin evini soruşdu. İstinad verdim. Sən demə, Qulunun meyidini gətiriblərmiş. Çox söz danıldı, amma əsli bu cür çıxdı ki, "razborka"da özü kimi birinin qurbanı olub.

Allah rəhmət eləsin, yazıq bu işıqlı dünyada xoş bir gün görmədi. İmmi arvad ağı deyib-dad eləyirdi:

- Göbəyini kəsdiyim, ilk bələyin sarıdığım, niyə belə cavan getdin, ay bala!..

Saat doqquzda Qulunu yuyub, meyitini kəfənə büküb, əl-ayağını yenə də kip-kip iplə sarıyanda rəhmətliyin doğulduğu gün arvadımın dedikləri yadıma düşdü: "Elə bil durub bu saat qaçacaqmış..." Yazığım gəldi cansız bədənə...

Kimsə dedi ki, qoy, Kifayət gəlib öz deyiklisiylə vidalaşsın. Kifayət gəldi. Arvadlar otaqdan çıxdılar ki, qız Qulunu rahat ağlaya bilsin. Amma Kifayət otağa girmədi. Dedi ki, qorxuram. Meyit xarab olurdu deyə Qulunu tez-tələsik dəfn elədik. Anası saçını yolur, üzünü cırırdı, şivəni qəbiristanlığı başına götürmüşdü:

- Siz Allah, balamın kəfənini möhkəm sarımayın, onsuz da heç yana qaçan deyil, bəlkə cənnətə gedəsi oldu mənim nakam balam!.. Ay Allah, balamı qaytar, mənim canımı al, onu mən bu dünyaya garagünlü gətirmişəm!..

lll

Qulunun qara bəxtini, nakam ömrünü boş yerə xatırlamadım... İki gündür nəvəm dünyaya gəlib. Oğlandı. Amma nolsun, sevinə bilmirəm... Nəvəmə ad seçməyi mənə həvalə etmişdilər. Xanımım qapını açıb işığı yandıranda sövq-təbii saata baxdım, saat ikiyə qalırdı. Oyaq olduğumu görüb təəccübləndi, - Niyə yatmırsan?

- Rəhmətlik Qulu yadıma düşmüşdü, onu fikirləşirdim... - ağzıma gəldi, dedim.

- Yoxsa, nəvənin adını Qulu qoymaq istəyirsən?! - üzündə etiraz vardı.

- Yox... O yazığın əzəldən bəxti gətirməmişdi... - qonşu otaqdan nəvəmin çığırtısı beynimə işlədi. - Niyə ağlayır uşaq? - soruşdum.

- Anası bələyir...

- Nə!! - əlimə keçəni əynimə alıb yan otağa təpildim. Gəlin ikigünlük körpəni kələm dolması kimi büküb möhkəm-möhkəm sarımışdı. Uşaq elə zarıyırdı ki, insan olan kəsin bu səsdən iliyi gizildəməliydi!

- Aç o ipi! Tez ol, aç, aç!

Gəlinimi bəlkə qızımdan çox istəyirdim, indiyəcən ona səsimi qaldırmamışdım. Əminəm ki, o dəqiqələrdə hirsimdən gözlərimə qan sızmışdı. Yazıq qız qorxa-qorxa, əlləri əsə-əsə kəndiri açıb körpədən aralandı. Mat-məəttəl üzümə baxırdı. Bələyi açıb bir kənara tulladım. Uşağın çığırtısı xırp kəsildi, əl-ayağını sanki minnətdarlıqla çabalatdı.

- Bundan sonra uşağın əl-qolunu sarıyarsınız, iki gözünüzü bir deşikdən çıxararam! Eşitdiniz?!

- Dəli olmusan?! Ürf-adət var, sarınmasa, əl-ayağı əyri olar axı... - Arvadım istədi mənə ağıl versin.

- Tüpürüm sizin ürf-adətinizə! İnsan doğulan kimi bağlayıb-buxovlayırsınız! Qoy, nəvəmin ayaqları əyri olsun, amma özü azad, canı da, yeri də rahat olsun! - Elə bağırdım, öz səsimdən anladım ki, həddimi aşıram. Yazıq gəlinim qorxusundan az qalırdı divarı yarıb gizlənsin.

Öz otağıma keçdim.

- Nolub sənə, niyə gəlinin xətrinə dəydin? - Arvad da arxamca içəri girdi, bir-iki addım atıb dayandı. Saatın zənginə dik atıldım, elə bil qulağımın pərdəsinə çiv çaldılar. Var gücümlə təpiyimi bu iblis oyuncağına ilişdirəndə kəfkir "bədbəxtliyə" özünü elə çaxdı ki, bülbül pırtlayıb çıxdı çölə. Bircə dəfə cükküldədi, təzədən içəri dürtülmək istəyəndə onu göydə qapıb çəkdim özümə sarı. Bülbül qopmadı, yayından sallaşa qaldı. Bu tanış cükkültü saatla bağlı xoş xatirələri oyatmaq istəyirdi ki, möhkəm bir yumruq ilişdirdim ona. Zərbədən baş barmağım şaqqıldadı, bildim ki, sümüyüm ya sındı, ya da çatladı. "Taxtası bərk imiş" - saatın küncləri qopdu, iç-içalatı töküldü. Bülbülün quyruğu da nəm çəkib qaralıbmış. Amma kəfkir, çoxdan sürtməsəm də, həmişəkindən bərk parıldayırdı. Salamat qalan bülbül yuvasını ayağımın altına salıb dəli kimi xıncımladım. Zamanın canını aldım! Nəfəsini kəsdim ömrümü saniyələrlə ölçən bu şeytan əməlinin və özümə gələndə yerdəki taxta-tuxtanı qamarlayıb pəncərədən eşiyə tulladım. Zir-zibil yerə çaxılanda bülbülün boyat, soluxmuş, qırıq cəh-cəhini duydum...

Arvad hələ də mat-məəttəl məni izləyirdi.

- Söndür işığı!.. - deyib, yatağıma girdim, üzümü o yana çöndərib soyumuş yatağımı isitməyə çalışdım. Qulaqlarımı sakitliyə şəklədim, nəvəmin azad qığıltısından başqa səmir yox idi. İndiyədək məni məsxərəyə qoyan saat kəfkirindən canımı qurtardığıma peşman deyildim, amma fikrim dimdiyiqırıq taxta bülbülün yanında qalmışdı: mən onu on beş il olardı ki görmürdüm...

 





07.12.2017    çap et  çap et