525.Az

Yaxın Şərqdə vəziyyət gərginləşəcək


 

Yaxın Şərqdə vəziyyət gərginləşəcək <b style="color:red"></b>

ABŞ prezidenti  Donald Trapm Qüdsü İsrailin paytaxtı elan etməsi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bir sıra ölkələrin liderləri bu qərarı qınayaraq, bunun bölgədə vəziyyəti gərginləşdirəcəyini bəyan ediblər. Trampın bu addımının dünyanı müharibəyə sürükləyəcəyini də söyləyənlər var. Azərbaycan XİN məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Bəyan edib ki,  Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. XİN-in açıqlamasında o da vurğulanıb: "Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq".

İlk reaksiya verənlərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oldu. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib, yanaşmasının səhv olduğunu əlavə edib: "Trampın bu addımı barış üçün deyil”.

Rusiya da Trampın qərarı ilə bağlı öz narahatlığını ifadə edib. Tramp ABŞ səfirliyinin də Qüdsə köçürüləcəyini vurğulayıb.

Türkiyəli ekspert Mehmet Fatih Öztarsu hesab edir ki, Trampın bu addımının xaotik bir vəziyyət yaratmağa hesablanması kimi xarakterizə etmək olar. Onun sözlərinə görə, ABŞ prezidenti seçilməsindən bu yana Trampın sabiq Ağ Ev liderlərindən fərqli, nizamı dəyişdirəcək, qeyri-adi və tarixdə qalacaq bir xarici siyasət düzənləməyə çalışdığı müşahidə olunur:

"Normal şərtlərdə "demokratiya və sərbəst iqtisadiyyatın dünyaya yayılması" istiqamətində hərəkət etməyi vərdiş halına gətirən ABŞ-ın hazırda yeni "iblis, qara niyyətli dövlətlər və terroristlər"  siyahısı hazırlaması dünyada narahatlıq yaratmaq və onu təşviq etməkdən başqa cür izah oluna bilməz. Heç bir ehtiyac olmadan beynəlxalq müqavilələri heçə sayaraq İranla bağlı gərginlik yaratmaq, Şimali Koreyanı bombalamaq üçün səbəb axtarmaq və ya Qüdsdəki vəziyyətlə çox tələskən və ambisiyalı yanaşmanın göstəricisidir".

Ekspert deyib ki, ABŞ-ın dünya ölkələrindən gözlədiyi yeganə şey gərginliyi artırmaqdan ibarətdir: "Ancaq buna ehtiyac qalmadan  ABŞ-a Amerika  siyasətiylə cavab vermək kifayətdir. Bu məsələyə qarşı olan bütün ölkələrin məşhur Stimson  doktrinası  dünya siyasətinə yön verə biləcək əhəmiyyətli bir cəhd ola bilər".

Politoloq Vasif Əfəndiyev isə vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlim) İsrail paytaxtı kimi tanıması haqda bəyanatı regionda böyük həyacana səbəb olub. İslam dünyası bu şəhəri Qüds olaraq tanıyır və müsəlmanların müqəddəs şəhəri hesab edirlər. Bəzi ekspertlər prosesin xeyli vaxtdır başladığını iddia edirlər. Onların arqumentləri son günlərdə ərəb liderlərinin səfərlərinin intensivləşməsi ilə əlaqədardır. ABŞ prezidentinin köməkçisi Mike Pencenin bu məlumatı təsdiqləməsi və hətta yaxın günlərdə Qüdsdə səfirliyin açılmasını deməsi bəzi islam ölkələrində narazılıq yaradıb.

Onun sözlərinə görə, Qüds şəhərində ilk insan məskənləri bizim eradan əvvəl 4-cü minillikdə salınmağa başlanılıb: "Bizim eradan əvvəl 11-ci əsrdə isə şəhər bütünlüklə yəhudilərə məxsus olub və onların müqəddəs şəhəri hesab olunur. Yəhudilərin vətənsizlik tarixi isə bizim erada baş verib. Yəhudilər kütləvi şəkildə öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışlar. 19-cu əsrdə isə yəhudilər yenidən Qüdsə qayıtmağa başlamışlar. 1947-ci ildə BMT-nin qərarı ilə Qüds fələstinli və yəhudilərin ortaq şəhəri təsis edilsə də, bu tarixi ədalətsizliyi İsrail öz müstəqilliyini elan etməklə aradan qaldırmağa çalışdı. 1948-də Knessetin qərarı ilə Yerusəlim İsrail paytaxtı elan olundu. Bundan sonra 1980-ci illərə qədər Yerusalimdə 30-dan çox dövlətlərin səfirlikləri yerləşirdi və yaxın şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən BMT İsrailə təzyiqlər edərək səfirliklərin oradan köçürülməsinə nail oldu.

Hazırda Yerusəlimdə yaşayan fələstinlilər belə, İsrail vətəndaşlığını daşıyırlar. Əhalinin 70 faizini yəhudilər təşkil edir. "De fakto" Yerusəlim İsrailin paytaxtıdır. Knesset öz mühüm iclaslarını Yerusəlim şəhərində keçirir. Bu şəhərdə önəmli dövlət strukturları yerləşir. Lakin bu kövrək sülh dövründə belə provakativ qərarın verilməsini doğru saymıram. Yəni onsuz da Yerusəlim İsrailin mənəvi paytaxtıdır. Qüdsdə ABŞ səfirliyinin açılması mümkündür. Lakin bunu sakitcə digərlərində qıcıq yaratmamaq şərti ilə etmək olardı. Əgər proseslər bu məcrada davam edərsə, bu,  Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər".

PƏRVANƏ

 





08.12.2017    çap et  çap et