525.Az

Bərabər hüquqların təmin edilməsi mövzusunda konfrans


 

Bərabər hüquqların təmin edilməsi mövzusunda konfrans <b style="color:red"></b>

Bakıda “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, konfrans 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunur. Ombudsman qeyd edib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir. E. Süleymanova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyaya qoşulduğunu xatırladıb. Qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib: “Bu gün gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq və digər bu kimi halların qarşısının alınması üçün mühüm işlər görülür”. Ombudsman, həmçinin, xatırladıb ki, bu günə qədər Azərbaycanda 11 dəfə amnistiya aktı qəbul edilib, dövlətimizin başçısı tərəfindən 60-dan çox əfv fərmanı və sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub.

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda insanların hüquqlarını təmin edən qanunvericilik aktları qəbul edilib, dini inanclar qanunla qorunur: “Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla təmin edilir. Qeyd etmək istərdim ki, Milli Məclis Ombudsman İnstitutu ilə çox sıx əməkdaşlıq edir. 15 ildə Ombudsman İnstitutu Azərbaycanda möhkəmlənib. Yəni fəaliyyət göstərdiyi on beş il ərzində Ombudsman İnstitutunun faydalılığının və səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılıb və bu gün bunun müsbət nəticələri müşahidə edilir”.

Vitse-spiker bildirib ki, ümumiyyətlə, Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini öz fəaliyyətinin əsas prinsipi etdi: “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. B. Muradova eyni zamanda qeyd edib ki, Azərbaycanda qəbul edilən qanunvericilik sənədlərində hüquqların bərabərliyi əsas götürülür: “Qeyd etdiyim kimi, müəyyən istisnalarla əcnəbi vətəndaşların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni şəkildə qorunur. Azərbaycan hökuməti hər kəs üçün bərabər hüquqların bərabər imkanlara çevrilməsi istiqamətində eyni şəraiti təmin edir”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları bəyannaməsi qəbul edilib: “Ümumdünya İnsan Hüquqları bəyannaməsi özündə universal dəyərlər öz əksini tapıb. 1948-ci ildə bəyannamədə qeyd olunan məsələlər bu gün də aktualdır” . Q. İshaqzai Azərbaycanın müvafiq hesabatları BMT-nin aidiyyəti qurumlarına vaxtında təqdim etdiyini vurğulayıb.

KAMİL

 





10.12.2017    çap et  çap et