525.Az

“Türk dünyasının nağıl bağı” təqdim edildi - Fotolar


 

“Türk dünyasının nağıl bağı” təqdim edildi - <b style="color:red">Fotolar</b>

Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY-la birgə layihəsi əsasında çap olunan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi keçirilib.

Tədbir uşaqlardan ibarət ansamblın rəqs nömrəsi ilə açılıb. Müxtəlif türkdilli dövlətlərin milli geyimlərində olan uşaqlar Anayurd marşının sədaları altında rəqs ediblər. Daha sonra tədbiri açan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları salamlayıb və bu günün uşaqlar üçün də, böyüklər üçün də böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Həmçinin, layihənin yaranma səbəbindən, tarixçəsindən danışıb: “Layihənin reallaşdırılmasında məqsədimiz  türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır. Bu kitab bizim türk dünyasının ortaq milli dəyərlərinin uşaqlarımıza öyrətməyə, onlarda türkçülük, vətənpərvərlik duyğularını aşılamağa yardımçı olacaq”.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev uşaqlarla bağlı hər birin işin, layihənin gələcəyə hesablandığını, həm indi, həm də çox-çox sonralar bəhrə verəcəyini söyləyib: “Azərbaycan xalqının kitaba münasibəti, sevgisi qədimlərdən gələn ənənədir. Siz bir baxın, yüz ildə bizim əlifbamız dörd dəfə dəyişilib. Yeni əlifbada bədii, tarixi, sənət irsimizi yeni nəsillərə çatdırmaq sadə məsələ deyil. Ona görə mən hörmətli Prezidentimiz İlham Əliyevin latın qrafikasında kitabların nəşri haqqında imzaladığı sərəncamı xüsusi qeyd etmək istəyirəm. Bu sərəncam bizim yeni gələn nəslimizin tərbiyəsi üçün, kitabları oxuması üçün son dərəcə mühüm qərar oldu. Bu gün də türk dünyası xalqlarının nağıllarının bir kitabda, özü də belə nəfis şəkildə, uşaqların özlərinin rəsmləriylə bərabər nəşr olunması xüsusi əlamətdar hadisədir. Uşaqları düşünmək, uşaq ədəbiyyatının təbliğatı üçün çalışmaq hamımızın borcudur...” Çıxışının sonunda nazir bu tədbirin Xalça Muzeyində keçirilməsinin təsadüfi olmadığını da diqqətə çatdırıb: “Xalçalar bizim həyatımızın ayrılmaz bir hissəsidir. Amma hər bir xalça ayrıca bir nağıldır, xalçalara baxarkən sanki nağıllar aləminə düşürük. Ona görə bu tədbirin Xalça Muzeyində keçirilməsi özü də simvoldur”.

Daha sonra TÜRKSOY rəhbəri Düsen Kaseinov uşaqlarla bağlı işlərə xüsusi həssaslıqla yanaşdığını söyləyib: “Uşaqlar Allahın hədiyyəsidir. Amma o hədiyyənin özü də hədiyyə istəyir. İndiki zamanda isə ən vacib və gözəl hədiyyə bu cür kitab ola bilər. Mən sevinirəm ki, bu cür gözəl balalar kitabı oxuyacaqlar, türk xalqlarının mədəniyyətini, adət-ənənələrini bu kitablar vasitəsiylə öyrənəcəklər. Amma həm də onu demək istəyirəm ki, belə layihələr davamlı olmalıdır. Bütün türkdilli xalqların ləhcələrində bu cür kitablar nəşr olunmalıdır. Çünki bizim gələcəyimiz, türk dünyasının gələcəyi uşaqların əlindədir”. Sonra Düseyn Kaseinov kitabın çapında əməyi keçən insanlara, şəxsən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə minnətdarlıqlarını çatdırıb.

Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov “Türk dünyasının nağıl bağı” kitabına daxil olan nağılların çevrilməsindəki spesifik məqamları dilə gətirib: “Bu kitaba daxil olan nağılların hər biri son dərəcə dəqiqliklə, həssaslıqla seçilib. Mən əminəm ki, bu nağılları oxuyan uşaqlar xeyli təsirlənəcəklər, türklüyün, vətənpərvərliyin nə demək olduğunu daha yaxşı anlayacaq, dərk edəcəklər”.

Qeyd edək ki, kitaba 29 nağıl daxil edilib. Nağıllar balaca oxuculara həm azərbaycanca, həm türkcə təqdim olunub. Həmçinin, məktəblilərin bu nağıllara çəkdikləri şəkillər də kitabda yer alıb. Nağılları Atatürk Mərkəzinin elmi əməkdaşı Afət Mamayeva və filologiya üzrə fəlsəfə doktoru Füzuli Ələskərli çeviriblər.

Sonda qonaqlar məktəblilərin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

PƏRVİN

 





10.12.2017    çap et  çap et