525.Az

Kino xadimi Əsəd Əsədovun 70 illiyi qeyd olundu


 

Kino xadimi Əsəd Əsədovun 70 illiyi qeyd olundu<b style="color:red"></b>

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafında xidmətləri olan istedadlı səs operatoru Əsəd Əsədovun 70 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Xalq artistləri Rasim Balayev, Oqtay Mirqasımov və başqaları yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirdikdən sonra kinostudiyada əmək fəaliyyətinə başlayan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs operatoru olub. “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Təxribat”, “Günlərin bir günü”, “Yaramaz”, “Əlvida, cənub şəhəri”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə səs tərtibatı sənəti və texnikası sahəsində professionallığını, parlaq yaradıcılıq istedadını nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Əsəd Əsədov 1991-ci ildə “Yaramaz” filminə görə Dövlət mükafatına, 2003-cü ildə “Ailə” bədii filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına, 2000-ci ildə isə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layıq görülüb.

Xədicə RƏHMAN

 





10.12.2017    çap et  çap et