525.Az

İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik


 

İtaliyaya səfər: <b style="color:red">keçmişin əks-sədası və gerçəklik</b>

(Əvvəli ötən şənbə sayımızda)

Özünü daha çox kübar romalı hesab edənlər Trastveredə (“Tibrin ətrafında” mənasını verir) yaşayan adamlardır.

Onlar uzun müddətdir ki, bir-biriləri ilə qonşuluqda yaşayırlar. Trastvere dənizçilərin və əcnəbilərin məhəlləsi idi. Buradakı Müqəddəs Mariya kilsəsi Romadakı ən qədim kilsə hesab olunur.

Trastveredə küçələrin çoxu dar və səkisizdir, çünki bura yalnız piyadalar üçündür. Hər yüz addımlıqda kilsə, saray, kafe qrupları olan kiçik meydanlar açılır. Burada xeyli xalq restoranları olduğundan, buraya çox sayda rəssam, artist və onların dostları axışır. Bu mənada əsl xalq ünsiyyəti, kənd ətrafının təsiri hiss olunur. Kiçik restoranlarda italyan mətbəxi, tər dəniz məhsulları üstünlük təşkil edir. Ona görə də daim müştərilərlə doludur.

Romanın möhtəşəm binalarından biri çox sayda heykəllərlə bəzədilmiş Ali Məhkəmə binasıdır, burada onu “Tribunale” adlandırırlar. Digər nəhəng bina və iri ərazi ABŞ səfirliyinə məxsusdur. Qaldığımız “Londra & Gargill” otelinə yaxın olduğundan, biz tez-tez onun yanından keçirdik. İtaliya Avropa İttifaqının üzvü olduğundan çox sayda rəsmi binaların üstündə İtaliya dövlət bayrağı ilə yanaşı, Avropa İttifaqının ulduzlar dairəsi ilə bəzədilmiş mavi rəngli bayrağı da dalğalanır.

Ümumiyyətlə, Roma öz yaşıllığının bolluğu ilə bir çox Avropa paytaxtlarını  geridə qoymağı ilə də öyünə bilər. Buradakı iynəyarpaq, çox hündürdə oval çətirini yayan piniya və ya italyan şamı şəhərin istənilən guşəsindəki landşafta xüsusi gözəllik verir. Romada və Milanda bizi təəccübləndirən və ekzotika xarakteri daşıyan mənzərə hündür evlərin damında kiçik meşəni andıran gur yaşıllıq idi. Damüstü ağaclar və kollar binalara cazibədarlıq verir. Romanın bir küçəsində üstü yetişmiş meyvələrlə dolu olan mandarin ağacları da qeyri-adiliyinə görə bu küçəni başqalarından fərqləndirirdi. Sorrento şəhərində isə küçələrdə bol narıncı məhsulu, elektrik lampalarını andıran portoğal ağaclarını görmüşdüm.

 İtaliya şəhərlərində taksi xidməti bir sıra cəhətlərinə görə fərqlənir. Ondan istifadənin dəyəri təkcə məsafədən deyil, həm də sutkanın hansı vaxtından və avtomobilin sinfindən asılıdır. Bazar günləri və bayramlarda tarif, həmçinin, bahalaşır. Hər baqaj yerinə görə əlavə pul ödənilməlidir. Taksiyə oturarkən anlaşılmayan bir qaydada, ümumi qəbul edilən ilkin xırda rəqəm əvəzinə, hesablayıcıda iki-üç dəfə yüksək rəqəmi də görə bilərsən.

Romanın keçmişi və bu günü ilə vidalaşarkən Tsitseronun sözləri yada düşür: “Roma sadəcə coğrafiya məsələsi deyildir, Roma çaylarla, dağlarla və ya hətta dənizlərlə müəyyən olunmur; Roma qan, irq və ya din məsələsi də deyildir; Roma idealdır. Roma on min illər ərzində bizim əcdadların həmin dağlardan endiyi və icmalar şəklinndə necə yaşamağı öyrəndikləri vaxtdan bəşəriyyətin nail olduğu azadlıq və qanunun ən yüksək təcəssümüdür”.  O, belə bir nəticəyə gəlmişdi ki, bu, onların sivilizasiyasının fraqmenti, onlara çatan xüsusi hədiyyə olmaqla, odun sirri kimi çox qiymətlidir.

Roma xeyli sınaqlardan keçsə də, nəticə etibarilə özünəməxsus olan mahiyyəti qoruyub saxlamışdır və buna görə ona layiq olduğu ehtiramla yanaşmaq lazımdır.  

Milan - zəhmət və kommersiya şəhəri 

Romadan yenidən qatarla Milana qayıtdıq, bu dəfə yola iki dəfə az vaxt sərf etdik, sürətli qatar yol boyu yalnız iki stansiyada dayandığından, vaxta xeyli qənaət olunurdu. Qatarların sürətinə gəldikdə isə saatda 280-300 km-ə çatır, elektrovozların qabaq hissəsi raketi və ya delfin burnunu xatırladır. Əlbəttə, bu heç də Yaponiyadakı qatarın saatda 500 km yol qət etməsi deyildir. Mlandan Romaya gedərkən qatar Florensiyada dayananda biz hamımıza keçmiş səfərlərdən yaxşı tanış olan Santa Mariya del Fiore kilsəsinin narıncı rəngə çalan qübbəsini müşahidə etməkdən həzz aldıq.

Yaşayacağımız “Romana Residense” - “Romalının iqamətgahı” oteli Duomoya yaxın məsafədə idi. Milanın (rəsmi qaydada Milano adlanır) taleyi dünyanın bütün böyük şəhərlərinin çoxu kimi, tarixi cəhətdən paradoksal olaraq qalır. Bir sıra faktorlar əsas götürülərək, Milanın birləşmiş İtaliyanın paytaxtı olacağı düşünülürdü. Çünki Milan ölkənin varlı şəhərlərindən biri idi. Fransız yazıçısı Stendal epitafiyasında (qəbri üstündəki yazıda) özünün “milanlı” adlandırılmasını arzu edirdi. Axı o, pərəstişkarı olduğu Napoleonu 1800-cü ildən başlayaraq onun hərbi yürüşlərində müşayiət etmişdi. Şəhərlə tanış olduqda fransızın bu vurğunluğuna inanmaq istəyirsən.

Milan hələ XIX əsrdə İtaliya şəhərləri arasında daha çox Avropa şəhəri sayılırdı, lakin qitənin mərkəzinə çevrilə bilməzdi. Avropanın paytaxtının tələb etdiyi mütləq şərtlərə görə Milan çox zəif idi. Roma isə İntibah Florensiyasının dəyərlərini və dilini (axı ədəbi italyan dili ilk dəfə florensiyalı Dante Aligyeri tərəfindən XIV əsrin əvvəlindən işlədilməyə başlanmışdı) absorbsiya edərək, bu dəyərləri əsrlər ərzində inteqrasiyaya uğradıb, bu gün mövcud olan bir paytaxt şəhərinə çevrilmişdi.

Adi bir misal. XX əsrdə ayrı-ayrı ölkələrə və şəhərlərə böyük populyarlıq gətirən kinematoqrafiya Romada inkişaf etmiş, 1950-65-ci illər arasında özünün ən yüksək zirvəsinə çatmışdı. Milanda bu sintetik sənət növü heç vaxt kök salmamışdı. Roma müasir şəhər işığı ilə antik adlanan klassik elementləri yenidən yaratdı. Antik abidələr nə qədər çox olsa da, Romanın müasir həyat tərzinə mane ola, onun dövrlə mütənasiblik ritminə xələl gətirə bilmədi. Milan isə bunu edə bilməzdi, onun nəbzi başqa parametrlərdə döyünürdü. Milan yaradıcı ziyalılar üçün cazibə qüvvəsinə malik deyildi. Roma isə həm tarixi, həm də müasir tipli cazibədarlığı ilə II Dünya müharibəsindən sonra, çiçək axtaran bal arısı kimi buraya axışıb gələn yaradıcı ziyalıları özündə məskunlaşdırmaqla, əsl sənət mərkəzi kimi qaldı. İntibahı Florensiyanın əlindən alan Roma XX əsrin ikinci yazısında iri incəsənət mərkəzi rolunu oynadı.

Milanın yaranması da Romanınkından fərqlidir, şəhərin əsası b.e.ə. 600-cü il ətrafında qallar tərəfindən qoyulmuşdur. B.e.ə. III əsrin sonlarında Roma Mediolanum adlanan bu şəhəri işğal etmişdi. Milan o vaxt Sizalpin Qalliyası kimi tanınan Alp dağlarının Roman tərəfinin “ən qüdrətli” şəhərlərindən biri idi. İmperator Avqustun hakimiyyəti dövründə İtaliyanın 11 regionundan birinə çevrildi, bir qədər sonra isə Roma imperiyasının ikinci şəhəri oldu. Hun sərkərdəsi Attila 452-ci ildə şəhəri viran qoydu, heç bir əsr keçməmiş qotlar da onu dağıtdı.

Barbar müdaxilələri çoxalsa da, şəhər bütünlüklə məhv olmadı. VIII əsrdə frank kralı Şarlemanıın ərazilərinə qoşuldu. XI əsrdə isə gələcək böyük Milanın bünövrəsi qoyuldu.

Sonrakı əsrlərdə Milan inkişaf edən qonşuları - Pavia, Kremona, Komo və Lodi ilə uzun müddət vuruşmalı oldu. I Fridrix Barbarossa Milanı müqəddəs Roma imperiyasının hakimiyyəti altına gətirmək istədi, lakin Barbarossa özü german qoşunları ilə döyüşdə məğlub olduğundan, bu, baş tutmadı.

Şəhərdə sənaye və merkantil iqtisadiyyat sürətlə inkişaf edirdi. XV əsrdə Milan ambitsiyalı general Sfortsa tərəfindən mühasirəyə alındı. O, şəhəri işğal etdi və yeni sülaləsini yaratdı. Milan üçün böyük inkişaf dövrü başladı. Bu vaxt həm də İtaliya Renessansının qızıl dövrü idi.

Fransa kralı I Fransisk Milanı 1515-ci ildə işğal etdi, lakin özü on il sonra Paviyada ispanlara əsir düşdü. XVI əsrdən isə bütöv Milan dövləti Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlın ağalığı altına düşdü, onun gələcək varisi II Filipp ərazinin hersoqu oldu. XVIII əsrin əvvəlində isə şəhər ispanların ağalığından Avstriya ağalığına keçdi.

Bu dövrdə görkəmli italyan filosofu, hüquqşünaslığa böyük töhfə verən Çezare Bekkaria fəallıq göstərirdi. Puqni cəmiyyəti adlanan Milan qrupunun üzvləri Avstriya senzurasının əleyhinə Fransa inqilabı nəzəriyyəçilərinin ideyalarını qəbul edirdilər. 1796-cı ildə Napoleon Bonapartın başçılıq etdiyi Fransız respublika ordusu Milana girdi, əhali, xüsusən orta sinfin nümayəndələri ordunu sevinclə qarşıladı. Bir il sonra burada Sizalpin Respublikasının konstitusiyası elan edildi.1805-ci ildə isə Milan Napoleonun hakimiyyəti altında olan İtaliya krallığının paytaxtı oldu. Napoleonun özü bu şəhərdə taclandı.

Napoleon imperiyası süqut etdikdən sonra, 1815-ci ildə Vyana konqressinin qərarı ilə, Avstriyanın müdaxiləsi nəticəsində şəhər Avstriya əsarətinə keçdi. Bu əcnəbi nəzarət 40 ilə qədər davam etdi. 1854-cü ildə Milan I Viktor Emmanuel və III Napoleon kimi iki müttəfiqin şəhərə zəfərlə daxil olmasının şahidi oldu və o vaxtdan etibarən özünü milli iqtisadiyyatda birinci əhəmiyyətə malik olan kimi göstərdi. Faşizmin dan yerini təmsil edən bu şəhərdə 1919-cu ildə hərbi sağ qrupların formalaşması meydana gəldi. Sadə milanlılar bu gün də Mussolininin zəhmət adamlarının tərəfində olduğunu vurğulamaqla, onun müsbət tərəfini qeyd etməyə çalışırlar.

Milan Şimali İtaliyada Po çayı vadisinin özəyində yerləşir. Onun ətrafında iri düzənlik vardır. Şimal tərəfdə isə Alp dağlarının cənubu yerləşir. Po çayının yanındakı bataqlıqlarda kiçik meşələr və düyü tarlaları vardır.

 Milanın üzləşdiyi tarixi böhranın istənilən dövründə, qəribə də olsa, şəhərin üzvi quruluşunda irəliləmə və konsolidasiya ifadə olunurdu. Min il ərzində şəhərin göbəyi indiki kafedral kilsə olan Duomodan cənubi-qərb tərəfdə yerləşirdi. Karolinqlər dövründə şəhər müdafiə məqsədləri üçün öz ətrafını möhkəmləndirmişdi və bu özək indiyədək şəhərin planlaşdırılmasına öz təsirini göstərir. Duomodan bir qədər aralıda, meydanda onun sol tərəfində yerləşən nəhəng Ticarət Mərkəzi olduqca hündür və möhtəşəm bir kompleksdir. Binanın interyeri Vaşinqtondakı özündən çox cavan olan Reyqan təyyarə limanını yada salır. Burada dünyanın tanınmış firmalarının bahalı mağazaları vardır. Ümumiyyətlə, bu zona müasir şəhərin mərkəzinə ağalıq edən bir məkan kimi də qalır.

Ticarət mərkəzinin yanındakı restoranda nahar edərkən böyük amerikan yazıçısı Ernest Heminqueyi xatırlamaq imkanı qazandıq. O, Havanada hər gün eyni kafeyə gəlib, orada daykiri kokteyli sifariş edirmiş. Bu barədə səfər yoldaşlarımızdan biri ilə əvvəllər yazıçının yaradıcılığını həvəskar qaydada təhlil edərkən yada salmışdıq. Menyuda daykiri içkisini görəndə o, mənim üçün onu sifariş verdi. Kiçik şampan qədəhindəki kokteyldə romdan daha çox, onun şirinliyi hiss olunurdu. Moxito kokteyli isə iri bokalda verildiyindən və içkiyə xeyli təzə nanə yarpaqları əlavə edildiyindən, tərkibindəki rom və buz daha yaxşı təsir bağışlayırdı. Başlıcası, əsərlərindən həzz aldığımız Heminqueyi xatırlamaq naminə kiçik də olsa, bir bəhanə əldə etmişdik. Moxito nə qədər xoş gəlsə də, belə pietet yarada bilməzdi.

(Ardı var) 

 





11.12.2017    çap et  çap et