525.Az

Quba "ASAN həyat": etibarlı və daha funksional


 

AZƏRBAYCAN BRENDİNƏ DÜNYADA BÖYÜK MARAQ VAR

Quba "ASAN həyat": <b style="color:red">etibarlı və daha funksional</b>

Son illər ərzində Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb.

Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi bürokratik əngəlləri və mümkün korrupsiya hallarının aradan qaldırmasında müsbət rol oynayırdısa, 2012-ci il iyulun 13-dən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin yaradılmasıyla bu istiqamətlərdə ciddi dönüş yaratmaq mümkün olub. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara "bir pəncərə" sistemi ilə xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda "ASAN xidmət" sakinlərin istifadəsinə verilib. Daha sonra bu proses regionları da əhatə etməyə başlayıb. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər "ASAN xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar məmur-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.  

"ASAN" artıq Qubada 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosialyönümlü siyasətinin davamı, Dövlət Agentliyinin xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri kimi, bu yaxınlarda Qubada fəaliyyətə başlayan "ASAN həyat" Kompleksini qeyd etmək olar. Bu kompleks Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional "ASAN həyat" Kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada "ASAN xidmət" Mərkəzi, "ASAN təlim" Mərkəzi, ABAD Mərkəzi, ABAD Məktəbi yaradılıb. Öz funksionallığı digərlərindən fərqlənən, bir neçə strukturu cəm halında özündə birləşdirən bu kompleks Azərbaycanın "ASAN xidmət" brendinin daha da təkmilləşdirildiyini, ildən-ilə yeniliklərlə əhalinin istifadəsinə verildiyini göstərir. Kompleksin "ASAN xidmət" Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstərir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil olunub. Mərkəzdə çalışan əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Ən əsası isə Quba "ASAN xidmət" Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.   

İctimai xidmətlər sahəsində böyük inqilab 

Təbii ki, bütün bu innovativ yeniliklərin tətbiq edlməsində əsas məqsəd ölkə vətəndaşları üçün çətin işi - proseduru ASANlaşdırmaq, əhalinin əlavə vaxt itkisinin qarşısını almaq, dövlət orqanları ilə vətəndaşlar arasında məsafəni xeyli azaltmaq və ən əsası isə korrupsiya, rüşvətxorluğunun kökünü kəsməkdir. Çünki bəzi məmurların əhalini bürokratik əngəllərlə üz-üzə qoymağa çalışdığı mühitdə təkcə qanunları sərtləşdirmək, müvafiq cəza tədbirlərini həyata keçirmək, nəzarət mexanizmlərini gücləndirməklə bu problemin qarşısını almaq o qədər də asan məsələ deyil. Bunun üçün cəmiyyətə alternativlər təqdim etmək, vətəndaşları həmin problemlərin bir növ girovluğundam xilas etmək lazımdır. Heç şübhəsiz, bu da "ASAN xidmət" kimi mütərəqqi ideyaların reallaşdırılması ilə mümkün olur. Təsadüfi deyil ki, bu günə kimi "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.

Bu mənada, Quba regional "ASAN həyat" Kompleksinin açılış mərasimində iştirak edən prezident İlham Əliyev bildirib ki, artıq beş ildir fəaliyyət göstərən "ASAN xidmət" ictimai xidmətlər sahəsində böyük bir inqilabdır: "Fəaliyyətinin bəyənilmə əmsalı 100 faizə yaxın olan "ASAN xidmət" bu illər ərzində Azərbaycan xalqının rəğbətini qazana bilib. "ASAN xidmət" Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur".

Ölkə başçısı vurğulayıb ki, "ASAN xidmət" korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir: "Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən, Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. ASAN bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma ASAN-dakı kimi olmalıdır. ASAN bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil. ASAN bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda ASAN-ın çox böyük rolu var. Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur". 

ASAN problemlərin həllində ön cəbhədə 

"ASAN xidmət"in beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətə layiq görüldüyünü deyən prezident qeyd edib ki, "ASAN xidmət" fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi: "Bu gün artıq "ASAN kommunal", "ASAN viza", ABAD mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var".

Ölkədə turizmin inkişafı ilə bağlı çox ciddi işlərin getdiyini deyən dövlət başçısı bildirib ki, turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi: "Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni ASAN-a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş "ASAN viza"dan istifadə edərək ölkəmizə gəlib".

Prezident İlham Əliyev deyib ki, kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olub: "İndi "ASAN kommunal" çox gözəl xidmət göstərir".

Qanunsuz məşğulluqla daha səmərəli şəkildə mübarizə aparmağın vacibliyindən danışan ölkə rəhbərinin sözlərinə görə, bu problem daim narahatlıq doğurub: "Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salıb. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni ASAN-a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlayıb. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var ASAN bu məsələnin həllində ön cəbhədədir".

Azərbaycan - innovativ yeniliklərin istehsalçı və ixracatçısı

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə ölkəmiz qısa müddət ərzində innovativ yeniliklərin fəal tətbiqçisi və istehsalıçısına çevirməklə yanaşı, artıq ideya ixraçatçısı kimi özünü təsdiq etməkdədir. Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair "Anlaşma Memorandumu" imzalanıb. 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. "ASAN xidmət", həmçinin, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə nəinki ölkə daxilində, həm də dünyada böyük maraq var.

İlqar TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





12.12.2017    çap et  çap et