525.Az

Teatr tariximizdən: Cəlil Bağdadbəyov


 

Teatr tariximizdən: <b style="color:red">Cəlil Bağdadbəyov</b>

Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada - Qarabağ əsilzadələrindən olan Əmrah bəyin ailəsində doğulub.

Atası şəhərin sayılıb-seçilən hörmətli bəylərindən idi və elmə, təhsilə yüksək qiymət verirdi. Millətin işıqlı gələcəyini elmdə, mədəniyyətdə, mənəvi tərəqqidə görən Əmrah bəy oğluna Şuşadakı mütərəqqi məktəbdə təhsil verib. İti zehni, kəskin yaddaşı və gözəl qavrama qabiliyyəti, yüksək daxili mədəniyyəti, zəngin mənəvi aləmi olan, milli folklora, etnomədəni irsə erkən yaşlarından dərin rəğbət bəsləyən Cəlil Bağdadbəyov təhsilini Peterburq gimnaziyasında davam etdirib.

1904-cü ildə Bakıya qayıdan Cəlil Bağdadbəyov müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışıb. Peterburqdakı təhsil illərində şəhərin mədəniyyəti, xüsusən teatr sənəti ilə dərindən tanış olan gənc Cəlil doğma vətənində də incəsənətin həmin növünə meyl göstərib. Yaraşıqlı görkəmi, mütənasib boyu, xoşsima çöhrəsi və şirin, qəlboxşayan səsi, insanlara qılıqlı ünsiyyəti olan Bağdadbəyov 1907-ci ildə bir yaşı yenicə tamam olan "Nicat" mədəni-maarif cəmiyyətinin dram truppasına aktyor götürülüb. Tezliklə Hüseyn Ərəblinski, Əbülfət Vəli, Xəlil Hüseynov, Mirzə Muxtar Məmmədov, Hüseynqulu Sarabski kimi şöhrətli səhnə ustaları ilə çiyin-çiyinə çalışıb və sənətdə ilk uğurlarını qazanıb. O, "Nicat", "Səfa" teatr truppalarında Hüseynqulu Sarabskinin təşkil və rəhbərlik etdiyi "Müsəlman (türk - İ.R.) opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ində aktyorluq edib. 1920-ci ildə Milli Dram Teatrının truppasına götürülüb. Arada Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında də işləyib (1922 - 1923).

Müxtəlif teatr truppalarında Azərbaycan dramaturqlarının əsərlərinin tamaşalarında oynadığı əsas rollar bunlardır: Hacı Qəmbər ("Yağışdan çıxdıq yağmura düşdük", yaxud "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), İbrahim xan ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Ərəb sərkərdəsi və Qeys ("Xalid ibn Valid", Yusif Talıbzadə), Rüstəm ("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə), Qulu ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Şümür ("Yezid ibn Müaviyə", Mehdi bəy Hacınski), Behbud ("Ənuşirəvani-adil", Əbdürrəsul Şərifzadə), Ümmül-Qeys, Əsli ("Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli).

Tərcümə və təbdil əsərlərinin tamaşalarında ifa etdiyi səhnə surətləri isə belə sıralanır: Təbib ("Zorən təbib", Jan Batist Molyer), Rotsman ("Qaçaqlar", Fridrix Şiller), Çavuş Abdulla ("Vətən", Namiq Kamal), Məmmədşəfi ("Məkri-zənən", Əhməd Qəmərlinin təbdili), Alekseyev ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", Baxmetov), Ərəb və Don Dieqo ("Əl Mənsur", Henrix Heyne), Təhmas və Zabit ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Rodriqo ("Otello", Uilyam Şekspir).

Milli Dram Teatrının səriştəli aktyor truppasına ilkin qəbul olunanlardan biri də Cəlil Bağdadbəyov idi. Bu teatrda o, rejissorlardan Aleksandr Tuqanovun quruluşlarında repertuarın əsasını təşkil edən tamaşalarda Nəcəf bəy və Səlim bəy, Dərviş ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Camal bəy ("Keçmişdə qaçaqlar", Nəcəf  bəy Vəzirov), Qraf Kent ("Kral Lir", Uilyam Şekspir), Hersoq ("Şahın bərbəri", Aleksey Lunaçarski), Rıtsar ("Dəhşətli röya", Herhart Hauptman), Manassa ("Uriel Akosta", Karl Qutskov), Kral Lüdoviq ("Nel qülləsinin sirri", Aleksandr Düma), Qraf ("İki yetimə", Adolf D'Enneri və Kermon), Baqut ("Trilbi", Qriqori Ge) rollarını oynayıb.

Aktyor opera və operetta tamaşalarında da bir sıra yaddaqalan rollar ifa edib. O, müxtəlif illərdə Üzeyir bəy Hacıbəylinin "Əsli və Kərəm" (Əsli və Şeyx Nuran), "Şah Abbas və Xurşid banu" (Xurşid banu) operalarının, "Məşədi İbad" (Sərvər), "Arşın mal alan" (Süleyman və Əsgər) operettalarının tamaşalarında oynayıb. Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib"ində isə Dərviş və Aşıq Saleh rollarını oynayıb.

Cəlil Bağdadbəyov Dərbənddə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (1908 və 1911), Naxçıvanda Nəriman Nərimanovun "Nadir şah Əfşar" (1911), Vladiqafqazda Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (1912), Mahaçqalada Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (1912), Bakıda Mirzağa Əliyevin "Məhkəmələr qapısında tökülən göz yaşları" (1916), Hüseynqulu Sarabskinin "Cəhalət" (1917), Mirmahmud Kazımovskinin "Daşım-daşım", Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" məzhəkələrinə və digər müəlliflərin müxtəlif janrlı pyeslərinə səhnə quruluşu verib.

Qəlbi yaradıcılıq ehtirası ilə döyünən, bütün varlığını milli teatr sənətimizin yüksəlişinə sərf edən Cəlil Bağdadbəyov osmanlı ədibi Namiq Kamalın "Qara bəla" ("Əkbər şah Hindu") dramını azəri türkcəsinə çevirib. "Hürriyyət günü" adlı məişət-sosial mövzulu və ictimai xarakterli pyesi Azərbaycan həyat tərzinə uyğun təbdil edib. Hər iki əsər ayrı-ayrı teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulub.

Aktyor və rejissor kimi çıxış edən Cəlil Bağdadbəyov dəfələrlə İrəvanda, Tiflisdə, Vladiqafqazda, Mahaçqalada, Hacıtərxanda, İdil (Volqa) çayının yaxasında yerləşən türkdilli yaşayış bölgələrində, Məkərədə (Nijni Novqorod), Orenburqda, İranın şəhərlərində uzunmüddətli qastrol səfərlərində olub. 1915-ci ilin yayında Cəlil Bağdadbəyov, Ələkbər Hüseynzadə, Heydər Haşımlı, Əhməd Anatollu, Yunis Nərimanov kiçik dəstə ilə Orta Asiyada iki aydan çox qastrol səfərinə çıxıblar.

Cəlil Bağdadbəyov Şamaxı, Salyan, Ağdaş, Zaqatala, Qaryagin (Füzuli), Şuşa, Ağdam, Şəmkir, Naxçıvan, Ordubad şəhərlərinin dram dərnəklərinə və dövlət teatrlarına müntəzəm yaradıcılıq yardımı göstərib. Orada həm aktyor, həm rejissor kimi çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb. 1922-ci ilin sentyabrından 1924-cü ilin axırlarına qədər Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında aktyor olub.

1920-ci ildə Bakının Bibiheybət və Balaxanı qəsəbələrində dram dərnəklərinə rəhbərlik edib. Milli Dram Teatrının tanınmış aktyorlarından olmasına baxmayaraq, Bakı Teatr Məktəbində səhnə sənəti təhsili alıb. Moskvada məşhur rejissor və pedaqoq Yevgeni Vaxtanqovun yanında təcrübə keçib və yenidən Milli Dram Teatrının kollektivinə qayıdıb.

Fövqəladə təşkilatçılıq qabiliyyəti olan, rus, ərəb, fransız, fars, özbək, tacik dillərində sərbəst danışan Cəlil Bağdadbəyov 1920-ci illərin ikinci yarısında Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yerlərdə mədəniyyətin yüksəldilməsi üçün Orta Asiyaya göndərilib. O, həyat yoldaşı, milliyyətcə latış olan Liza Klavovna və qızı Züleyxa ilə Aşqabad (Eşqabad), Səmərqənd, Daşkənd, əsasən Düşənbə şəhərlərində olub. Tacik milli teatrının təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bir sıra Azərbaycan dramaturqlarının pyeslərini, o cümlədən, Əbdürrəhim bəy Haqverdiyevin  "Ağac kölgəsində", "Ədalət qapıları" kiçik həcmli dramlarını özbək, tacik və türkmən  dillərinə çevirib, hətta bəzilərinə səhnə quruluşunu özü verib. Tacik dilində təbliğat xarakterli "Tacik qızı", "Komsomol və nişan", "Lenin və Şərq xalqları" dramlarını yazıb.

1929-cu ildə Aşqabada gələrək Musiqi Texnikumundakı dram kurslarına rəhbərlik edib. Türkmənistan Dövlət Dram Teatrının yaradılmasında yaxından çalışıb. Burada "İki dövr" və "Aulda radio" pyeslərini qələmə alıb. Siyasi burulğanlar dövründə bir müddət haqsız yerə həbs olunan Cəlil Bağdadbəyov gizli yolla Stalinə yazdığı məktubdan sonra həbsdən buraxılıb.

1933-cü ildə Aşqabaddan Krasnovodska gələn və dəniz yolu ilə Bakıya qayıdan Bağdadbəyov yenidən qaynar teatr həyatının qoynuna atılıb. Əsas iş yeri Bakı Teatr Məktəbində müəllimlik olub. Elə bu illərdə "Xanlar" kinossenarisini və "Parlayan ulduzlar" pyesini yazıb.   1937-ci ildən Azərbaycanın müxtəlif rayonlarında fəaliyyətə başlayan Dövlət Kolxoz və Sovxoz Teatrında rejissorluq və aktyorluq edib.

1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum edəndən bir qədər sonra Cəlil Bağdadbəyov Azərbaycan mədəniyyət xadimlərinin tərkibində İrana gedib. O və rejissor Şəmsi Bədəlbəyli Təbrizdə yerli teatr həvəskarları ilə tamaşalar hazırlayıblar. Bağdadbəyov hətta burada Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasında Süleyman rolunu oynayıb. İrandan qayıdandan sonra Hüseynqulu Sarabski adına Füzuli Dövlət Dram Teatrında, Üzeyir bəy Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrında, Seyid Əzim Şirvani adına Şamaxı Dövlət Dram Teatrında, Mirzağa Əliyev adına Şəmkir Dövlət Dram Teatrında və digər sənət ocaqlarında rejissorluq edib.

Bütün ömrünü teatr sənətinin tərəqqisinə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən, yorulmadan və coşqun fədakarlıqla çalışan Cəlil Bağdadbəyov 17 iyun 1943-cü ildə, Şuşa teatrında işləyərkən Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Fədakar səhnə xadimi 1951-ci il aprel ayının 21-də Bakıda vəfat edib.

 





12.12.2017    çap et  çap et