525.Az

“Azərbaycan Ekspo ailəsi üçün kifayət qədər cəlbedici ölkədir”


 

BAKIDA SƏFƏRDƏ OLAN BEYNƏLXALQ SƏRGİLƏR BÜROSUNUN BAŞ KATİBİNİN MÜAVİNİ DİMİTRİ KERKENTZES HAZIRLIQ İŞLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

“Azərbaycan Ekspo ailəsi üçün kifayət qədər cəlbedici ölkədir”<b style="color:red"></b>

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expe 2025) ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu lahiyəyə hazırlığı ilə tanış olmaq üçün ölkəmizə səfər edib.

Səfər çərçivəsində maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov, birinci vitse-prezidentin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyovla görüşlər keçirən D.Kerkentzes bu gün media nümayəndələrinə açıqlama verib.

Baş katibinin müavini Bakının Ekspo 2025-ə ciddi hazırlaşdığını, bu istiqamətdə peşəkarlardan ibarət İşçi və Əməliyyat qrupunun fəaliyyət göstərdiyini və digər rəqiblərindən geri qalmadığını bildirib: “Səfər çərçivəsində Ekspo 2025 Bakıya cavabdeh olan bir sıra rəsmilərlə görüşlər keçirdim. Bakının bu mübarizədə gördüyü işlər və qarşıda atılacaq addımlar ilə yaxından tanış olmaq imkanı qazandım. Azərbaycan üçün bu layihənin çox böyük önəm daşıdığı və bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığının şahidi oldum. Səfər zamanı biznes, gənclər, könüllülər və digər sahələrə cavabdeh olan insanlarla da görüşdüm. Bakı namizədlik uğrunda bu mübarizədə var gücü ilə çalışır”.

Qonaq Azərbyacanın Ümumdünya Ekspo 2025 Sərgisi üçün yeni və çox maraqlı bir məkan olduğunu qeyd edib. Onun sözlərinə görə, bu mübarizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiya arasında, Böyük İpək yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə Ekspo ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini media nümayəndələri ilə görüşdən sonra Ekspo 2025 Bakı kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, 2017-ci ilin mayın 18-də prezident İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə Beynəlxalq Sərgilər Bürosuna rəsmi məktubu təqdim edilib. Sentyabrın sonlarında isə Bakının Dünya Ekspo 2025 sərgisinə dair namizədlik dosyesi Beynəlxalq Sərgilər Bürosuna göndərilib.

“İnsan kapitalını inkişaf etdirərək daha gözəl gələcək quraq” Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzudur. Dövlətimizn əlavə olaraq təqdim etdiyi 3 alt mövzu – istedad, sağlamlıq və nailiyyət - Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

Növbəti 11 ay ərzində Beynəlxalq Sərgilər Bürosu Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün təqdim olunmuş mövzu, eyni zamanda, Ekspo 2025 Ümumdünya Sərgisinin keçirilməsi üçün hazırlanmış layihə sənədi ilə yaxından tanış olacaq. Ölkəmizin nümayəndə heyəti noyabrın 15-də Parisdə Beynəlxalq Sərgilər Bürosu Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün xüsusi təqdimat keçirildiyi iclasda iştirak edib.

Ekspo 2025-ə digər namizədlər isə Paris (Fransa), Osaka (Yaponiya) və Yekaterinburq (Rusiya) şəhəridir.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosu 1928-ci ildə yaradılıb. Büro Ümumdünya Sərgisi, İxtisaslaşmış Sərgi  və digər dünyəvi sərgilərin keçirilməsi ilə məşğul olur. Hazırda büroya 170 dövlət üzvdür.

Ceyhun ABASOV

 





12.12.2017    çap et  çap et