525.Az

Azərbaycan nümunə göstərir: İKT sektoru üzrə qazanılan böyük uğurlar


 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Azərbaycan nümunə göstərir: <b style="color:red">İKT sektoru üzrə qazanılan böyük uğurlar</b>

Bu gün Azərbaycanda qeyri-neft sektoru sahəsində ən dinamik şəkildə inkişaf edən sahələrdən biri qismində informasiya-kommunikasiya texnologiyalarının (İKT) çıxış etməsi birmənalı həqiqətdir.

Elə bunun nəticəsidir ki, sözügedən sahə üzrə Azərbaycanın gəlirləri illər üzrə artmaqda, ölkə daha çox dividend əldə etməkdədir. Əgər 5 il öncəyə qədər İKT üzrə gəlirlərin həcmi heç 500 milyon dollara çatmırdısa, indi bu göstərici artıq milyard dolları keçir. Qarşıdakı dövr ərzində isə görülən işlər sayəsində Azərbaycan bu sahədən daha çox qazanc əldə edəcək.

Ümumiyyətlə, 2025-ci ilə kimi İKT gəlirlərinin neft satışından əldə olunan mənfəətin həcminə çatdırılması, daha sonra isə ölkəyə bundan da çox qazanc gətirməsi nəzərdə tutulub. Bundan irəli gəlir ki, informasiya və rabitə sektorunda 2018-ci ildə 5,1 faiz, növbəti illərdə isə orta hesabla 6 faizə yaxın artım gözlənilir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün növbəti illərdə də İKT xidmətlərinin keyfiyyətinin, onlara çıxış imkanlarının artırılması üzrə tədbirlər diqqət mərkəzində yer alır. Hesab olunur ki, Azərbaycanın bu sahədə Sinqapur, Malayziya, Cənubi Koreya kimi ölkələrin uğurlarını təkrarlaması tamamilə mümkündür.

Məlumat üçün bildirək ki, Asiyanın ən böyük 4-cü iqtisadiyyatına sahib olan Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları mallarının ixracından aylıq gəliri 18 milyard dollar təşkil edir. Ölkəmizdə görülən işlər analoji uğurların Azərbaycanda da təkrarlana biləcəyini istisna etmir. Yeri gəlmişkən qeyd edək ki, elə Cənubi Koreya ilə ölkəmiz arasında İKT sektoru üzrə fəal əməkdaşlıq qurulub. Belə ki, bu günlərdə Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun nümayəndələri qeyd olunan sahə üzrə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ölkəmizdə səfərdə olublar. Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun Qlobal Kommersiyalaşdırma Mərkəzinin direktoru Munki Çoy bildirib ki, Azərbaycana səfər etməkdə əsas məqsəd informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri qurmaq, kadr və təcrübə mübadiləsi aparmaqdır. M.Çoyun dediyinə görə, təmsil etdiyi elmi qurum təkcə İKT sahəsində deyil, həm də digər sahələrdə araşdırmalar apararaq texnologiyanın kommersiyalaşdırılması istiqamətində layihələr həyata keçirir. Bu təcrübənin Azərbaycanla bölüşdürülməsi və əməkdaşlıq qurulması isə Azərbaycana böyük uğurlar vəd edir.

Aydındır ki, Azərbaycanda İKT-nin belə çevik inkişafı sadəcə, biznes məqsədlərindən doğmur. Bu, həm də müasir dövrün çağrışlarına uyğun tərəqqi yolunun əsasını təşkil edir. Məsələ burasındadır ki, informasiya-kommunikasiya texnologiyaları mövcud reallıqlar çərçivəsində dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsinin açarı sayılır. Digər tərəfdən məhz bu texnologiyalar cəmiyyətdə şəffaflığın artırılmasının vacib amili hesab olunur.

Dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin geniş yayılması qeyd olunan şəffaflığı şərtləndirən başlıca cəhətlərdən biridir. Hazırda ölkədə "elektron hökumət"in formalaşdırılması prioritet məqamlar sırasında yer alır, cəmiyyətə bu istiqamətdə göstərilən xidmətlərin çeşidi artırılır. Eyni zamanda "elektron hökumət" portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında məlumat mübadiləsi uğurla reallaşdırılır. Elektron imzanın tətbiqi eyni zamanda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə əlavə imkanlar yaradır. Belə xidmətlər həm də dövlət qulluqçuları və vətəndaşlar arasında olan canlı ünsiyyətə son qoyur, bürokratik əngəlləri tam aradanqaldırır. 

Elə bu fonda dövlət orqanları tərəfindən elektron xidmətlərin tətbiqi, onların miqdar və keyfiyyətinin artırılması, vətəndaşların bu kimi xidmətlərdən mümkün dərəcədə daha çox istifadə etməsi xüsusi diqqət mərkəzində yer alır. Yeri gəlmişkən bir maraqlı məqamı da qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn ildən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyə hazırlaşır. Bu xidmətlər həm də Azərbaycanda elektron ticarətin genişlənməsində mühüm rol oynayacaq. 

Belə  ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafına mühüm təkan verəcək. Digər tərəfdən onu da xatırlatmaq lazım gəlir ki, "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə İKT-nin inkişafı məqsədilə də müvafiq dövlət qurumları qarşısında bir sıra mühüm vəzifələr qoyulub.

İKT sahəsində ölkəmizin daha bir uğuru əhalinin internetə çıxışının təmin edilməsi ilə bağlıdır. Burada bir mühüm məqamı da qeyd edək ki, internetə çıxış imkanları həm də inkişafın ən vacib göstəricilərindən biridir. Beynəlxalq Elektrorabitə İttifaqının son hesabatında bu, onunla əsaslandırılır ki,  İKT iqtisadiyyatın inkişafında və davamlı inkişaf məqsədlərinin əldə olunmasında bu gün çox mühüm rol oynayır. Qeyd olunur ki, müasir dövrün iqtisadiyyatının təməlində informasiya və kommunikasiya texnologiyaları dayanır. Bu texnologiyalar sayəsində istehsalatda, işədüzəlmə sahəsində insanlar üçün çoxlu imkanlar yaranıb. Həmin texnologiyalar bank əməliyyatları aparmağa, bir çox sosial və tibbi xidmətlərdən faydalanmağa kömək edir.

Amma hazırda planetimizin sakinlərinin çoxu bu texnologiyaların üstünlüklərindən istifadə edə bilmir. Onların təqribən 3,9 milyard nəfərinin internetə çıxışı yoxdur. Azərbaycanda isə bu sahədə kifayət qədər yaxşı uğurlar əldə olunub. Son araşdırmalar göstərir ki, Azərbaycanda internetin inkişafı dinamikdir və əhalinin 80 faizinin internetə çıxışı var. Digər tərəfdən, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir. Hazırda "ictimai wi-fi" layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 20-yə qədər parkında həyata keçirilib. İlin sonunadək Bakıda bütün parkların pulsuz "wi-fi" ilə təmin olunması nəzərdə tutulur. Eyni zamanda bu layihə regionlarda da tətbiq olunacaq. Bu da əhalinin internetə çıxış imkanlarını daha da artması deməkdir.

Ümumiyyətlə, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən, İKT, o cümlədən, genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirilərək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının tam təmin olunması nəzərdə tutulub. Proqrama əsasən, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək.

Azərbaycan bu gün həm də Cənubi Qafqazda kosmik sənayeyə malik yeganə dövlət statusunu daşıyır. Qeyd edək ki, 2013-cü ilin fevralında ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlıq gedir. Bununla Azərbaycan kosmosda üç peykə malik olacaq.

"Azərkosmos" ASC-nin meneceri Elşad Məmmədov bildirir ki, yaxın gələcəkdə "Azerspace"-2 layihəsinin həyata keçirilməsi nəzərdə tutulur: "Çox güman ki, gələn ilin ortalarında "Azerspace"-2 peyki orbitə yerləşdiriləcək".

Qafqaz regionunda yeganə peyk operatoru olan "Azərkosmos" ASC-nin telekommunikasiya sahəsində yüksək keyfiyyətli peyk xidmətləri təklif etdiyini xatırladan Elşad Məmmədov bildirib ki, hazırda "Azərkosmos"un "Azərspace"-1 peyki 46 dərəcə şərq uzunluğu orbital mövqedə fəaliyyət göstərir: "Həmin peyk vasitəsilə biz şirkətlərin, bir çox qurumların rabitə ilə bağlı tələbatlarını yerinə yetiririk, "data" layihələri və videoyayım xidmətlərini göstəririk. Azərbaycanda yayımlanan milli kanallarımızın demək olar ki, hamısı "Azerspace"-1 peyki üzərindən yayımlanır".

O qeyd edib ki, "Azərkosmos" ASC hazırda Avropa, Mərkəzi Asiya, həmçinin Afrika regionunda müəyyən qurumlarla iş birliyi quraraq, onlara "Azerspace"-1 peyki vasitəsilə xidmət göstərir: "Avropada yaşayan vətəndaşlar antenalarını müəyyən bir səmtə istiqamətləndirərək Azərbaycan kanallarına baxa bilərlər. Gələn ilin ortalarında "Azerspace"-2 peyki orbitə yerləşdiriləcək".

Amma İKT sektorunun üstünlükləri təkcə bunlarla məhdudlaşmır. Real vəziyyətin təhlili göstərir ki, bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. Eyni zamanda internet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bu, həm də İKT sayəsində Azərbaycanın dünyada tanınmasına da öz töhfələrini verir.

Hazırda Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası müşahidə olunur. Bundan əlavə, sosial və iqtisadi fəaliyyətin yeni formalarının, məsələn, barəsində yuxarıda qeyd olunan elektron hökumət, elektron ticarət, distant təhsil və bu qəbildən olan digər halların təşəkkül tapması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Elə bunların nəticəsidir ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində davamlı olaraq irəliləyir. Ölkəmiz bu reytinqdə Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının yaydığı son hesabatda bildirilir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində Ermənistan 75-ci yerdə, qonşu Gürcüstan 74-cü pillədə qərarlaşıb. Azərbaycan isə 176 ölkə içində 65-ci yerin sahibidir.

Bütün bunlar ölkəmizdə qabaqcıl texnoloji yeniliklərin tətbiqi sayəsində reallaşıb və Azərbaycana yeni böyük uğurlar vəd edir.

İbrahim CƏFƏROV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





12.12.2017    çap et  çap et