525.Az

Bəstəkar Sərdar Fərəcovun 60 yaşı qeyd edildi


 

Bəstəkar Sərdar Fərəcovun 60 yaşı qeyd edildi<b style="color:red"></b>

Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək tanınmış bəstəkarın milli musiqimizin inkişafındakı xidmətlərindən, bənzərsiz yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar peşəkar sənətkar kimi musiqinin müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaradıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir.

Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb.

Sonra tədbir Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı ilə davam edib. Konsertdə "Koroğlu" simfonik freskası, Həmid Rza Rzainin solistliyi ilə "Şah Xətai" simfoniya-dastan, gənc vokalist Məhsəti Cabbarova və Prezident təqaüdçüsü İsmayıl Yunusovun solistliyi ilə "Sonsuzluq karvanı" oratoriyasından hissələr, "Cavad xan" baletindən süita və başqa əsərlər səsləndirilib.

Şahanə MÜŞFİQ

 





12.12.2017    çap et  çap et