525.Az

Moskvada ermənilərin antiazərbaycan fəaliyyətinə şərait yaradılır


 

"RUSİYA ÖLKƏMİZƏ QARŞI FƏALİYYƏT APARAN XƏYANƏTKAR ŞƏXSLƏRİN, SEPARATÇILARIN FƏALİYYƏTİNİN QARŞISINI ALMALIDIR"

Moskvada ermənilərin antiazərbaycan fəaliyyətinə şərait yaradılır<b style="color:red"></b>

Rusiya ilə Azərbaycan arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Dövlətimiz öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb.

İki ölkə terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçirib.

Azərbaycanın media orqanları və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə iki ölkə xalqlarının əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkinib. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Çünki Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, medianı və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin antiazərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədirlər.

Bir müddət əvvəl Ermənistanda Azərbaycan əleyhinə "ikinci cəbhə" açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən, mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı. Azərbaycan ictimaiyyətinin, ilk növbədə talış əsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər. Bu fəaliyyətlərdə adı keçən F.Aboszadənin 1981-95-ci illərdə BDU-da işləmiş, əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflas uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir.

Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqe tutan Zabil  Məhərrəmov da hazırda "fəaliyyəti"ni İrəvandan Moskvaya köçürüb və təxribatçı planlarını elə oradan həyata keçirir.  Bu yaxınlarda bu şəxs mətbuatda "bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır" bəyanatı ilə çıxış edib. Dördgünlük aprel döyüşləri zamanı isə Z.Məhərrəmov hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışır, onların az qala "Bakıya çatacaqlarını" vurğulayırdı. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z.Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "məzlum ermənilər" barədə reportajlar hazırlayaraq yaymağa başlayıb.

Z.Məhərrəmovun açdığı "telekanal"ın aparıcılarının erməni əsilli olması haqda da mediada araşdırmalar dərc olunub. Telekanalın  məhərrəmlik mərasimlərindən danışan xanım aparıcısının erməni olması, başqa aparıcı "Cahangir Şıxızadə" adlı şəxsin də əslində, erməni Sargis Asatryan olması qeyd edilir.

Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir. Ona görə də Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin,  onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli təəssüflə qeyd edib ki, Rusiyada bəzi dairələr Azərbaycana qarşı bölücülük fəaliyyəti aparan xəyanatkar insanlara himayəçilik edir: "Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən, talışların üz qarası olan separatçıların Moskvada fəaliyyətinə şərait yaradılması təkcə Azərbaycan-Rusiya münasibətlərinə yox, eyni zamanda, beynəlxalq hüquq normalara ziddir.

Bu, Bakı-Moskva diplomatik əlaqələri, hər iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsindəki münasibətlərinə qətiyyən uyğun gəlmir".

F.Aboszadə və Z.Məhərrəmovun cinayətkar olduğunu deyən E.Mirzəbəyli bildirib ki, Azərbaycan qanunvericliyində ölkə ərazisinin parçalanmasına çağırışlar cinayət hesab olunur: "Oxşar məqamlar Rusiya dövlətinin Cinayət Məcəlləsində də öz əksini tapıb. Rusiyada da separatçılığa çağırış edən, ölkənin ərazi bütövlüyünün parçalanmasına çalışan insanlara qarşı ən azı 5 il müddətinə cəza kəsilir".

Politoloq hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışlar edən, erməni xüsusi xidmət orqanları ilə birgə fəaliyyət həyata keçirən şəxslərə qarşı cinayət işi açılmalı, onlarla hüquqi müstəvidə mübarizə aparılmalıdır: "Müvafiq qaydada bu xəyanatkar şəxslərin Azərbaycana təhvil verilməsi üçün Rusiya qarşısında məsələ qaldırılmalıdır".

E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan ictimaiyyəti separatizmə qarşı ən sərt mövqedə dayanıb: "Azərbaycan xalqı torpaqlarının parçalanmasına heç vaxt imkan verməyəcək".

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, əvvəllər Rusiyanın xüsusi xidmət orqanları bu cür hallarla bağlı ciddi nəzarət mexanizmləri tətbiq edirdi: "Son zamanlar isə Moskvada ölkəsinə xəyanət edərək separatçı ideyaların təbliğatçısına çevrilən şəxslərin fəaliyyəti müşahidə olunur".

Politoloq qeyd edib ki, F.Aboszadə İrəvanda həyata keçirilən separatçı əhval-ruhiyyəli tədbirlərin, eləcə də yaradılan Talışdilli televiziyanın əsas təşəbbüskarı və iştirakçılarından biridir: "Onun Əlikram Hümbətovla da sıx əlaqələri var. Fəxrəddin Aboszadə Əlikram Hümbətovu da bu proseslərə cəlb edə bilib".

F.Abozadənin çox təhlükli adam olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, təəssüflər olsun ki, Rusiya bu cür cinayətkar, satqın insanların məkrli fəaliyyətinə şərait yaradır. Artıq biz bu separatçıların Moskvada fəaliyyətinin genişləndiyinin şahidi oluruq".

Keçmiş dövlət müşaviri əlavə edib ki, məsələ çox təhlükəli və düşündürücü səmtə doğru gedir: "Azərbaycan ciddi qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Rəsmi Bakı diplomatik kanallar vasitəsilə Rusiyaya öz narahatlığını bildirməli, bu fəaliyyətin qarşısını almalıdır".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Emin Həsənli isə qeyd edib ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı hər hansı bir hadisə həyata keçirilmir, bunun qarşısı qətiyyətlə alınır: "Müxtəlif xarici dairələrin marağındadır ki, bizim ərazimizdən qonşu ölkələrə qarşı istifadə edilsin. Lakin Azərbaycan dövləti bu cür fəaliyyətlərin aparılmasına heç vaxt imkan vermir. Hətta dövlətimizin xüsusi xidmət orqanları belə qüvvələri zərərsizləşdirir".

E.Həsənlinin sözlərinə görə, təəssüflər olsun ki, Rusiyada bu cür fəaliyyətləri dəstəkləyən, separatçılara şərait yaradan dairələr var: "Hətta Rusiyada bəzi yüksəkçinli məmurlar ayrı-ayrı separatçıların təşkil etdiyi tədbirlərə qatılırlar. Məsələn, bu yaxınlarda erməni separatçılarının Moskvada baş tutan tədbirində Rusiya xarici işlər nazirliyinin rəsmi şəxsləri iştirak etmişdilər. Bütün bunlar təəssüf doğurur".

Ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycan strateji müttəfiqdir: "İkitərəfli əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında siyasi, iqtisadi və hərbi əlaqələrlə yanaşı, mədəni müstəvidə də əməkdaşlıq aparılır. Belə bir şəraitdə bəzən Azərbaycanın milli maraqlarının əleyhinə yönələn fəaliyyətin məhz Rusiyada həyata keçirilməsi böyük təəccüb və təəssüf doğurur".

E.Həsənli onu da bildirib ki, çoxmillətli ölkə olan Rusiya üçün separatizm ən böyük təhlükədir: "Şimal qonşumuz müxtəlif vaxtlarda bu cür təhlükələrlə üz-üzə dayanıb. Əgər Rusiya separatizmə dəstək verməyə davam edərsə, gec-tez özü də bu problemi yaşaya bilər. Ona görə də, ilk növbədə rəsmi Moskva bu tip fəaliyyətlərin qarşısını almaqda maraqlı olmalıdır. Xəyanətkar insanları dəstəkləmək heç bir ölkəyə baş ucalığı gətirə bilməz".

Ceyhun ABASOV

 





12.12.2017    çap et  çap et