525.Az

Xoreoqrafiya Akademiyasında ustad dərsləri


 

Xoreoqrafiya Akademiyasında ustad dərsləri <b style="color:red"></b>

Rusiya Dövlət Teatr Sənəti İnstitutunun baletmeyster fakültəsinin dekanı, xoreoqrafiya kafedrasının professoru, Bakı Xoreoqrafiya Məktəbinin məzunu Vitali Axundov Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. 

Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev qonağa tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Görüşdə gələcək əməkdaşlıq və perspektiv yaradıcılıq layihələri müzakirə olunub.

Daha sonra qonaq akademiyanın tələbə və müəllim heyəti ilə görüş keçirib. V.Axundov dünya klassik rəqsinin, balet və müasir rəqsin vəziyyətindən danışıb. Bildirib ki, klassik irsə müdaxilə etmək düzgün deyil, amma müasir tendensiyalar mütləq nəzərə alınmalıdır. Görüş zamanı dünyada baş verən mədəni proseslər və yeni cərəyanlar haqqında danışılıb.

Professor akademiya tələbələri üçün ustad dərsləri keçib. Duet rəqsi, klassik rəqsin metodika və kompozisiyası üzrə keçirilən ustad dərsləri aktuallığına görə böyük maraqla qarşılanıb.

Azərbaycan SSR və Rusiya SFSR-in Əməkdar artisti olan Vitali Axundov, Rus Balet Teatrının art direktoru, duet, klassik rəqsin, metodika və kompozisiyası üzrə bir neçə əsərin müəllifi, bir çox beynəlxalq müsabiqələrin laureatıdır. 2018-ci il 25-27 iyun tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsində münsiflər heyətinin üzvüdür.

 





13.12.2017    çap et  çap et