525.Az

Ələddin Əzimlinin şeirləri


 

Ələddin Əzimlinin <b style="color:red">şeirləri</b>

Söz

Əvvəlcə
sözün yiyəsi olasan gərək,
sonra gəlib oturasan
onun elçi daşının üstündə.
Bir də sözdən qidalanasan
ürəyin ola gərək.
Zərbələrə dözməyə,
tabın, dirəyin ola gərək.
Söz bizimçün nemətdir,
göylərin sovqatıdır.
Həyatımızın rəngi, ovqatıdır.
Gedən gedər,
gələn gələr.
Gün ötər,
göydə ay təzələnər.
Məndən sənə,
səndən mənə söz qalar.
Yalan yanar beşikdə,
doğru qalar düz qalar.
Səssiz-səmirsiz qalar.
Söz kişidir,
Heç nəyə boyun əyməz.
Al alovun içində,
bir dəfə yandım deməz.
Hər şeyin başı sözdür,
sənə, mənə ruh verər.
Onu da bizə, əslində
qələmə and içən
Allah verər!
Şahid

Kimdir o -
gözündə alov?
Durub yol üstə.
Bəlkə, özüməm?
Bəlkə, oğlumdur?
Bəlkə, nəvəmdir?
İllərdir bu dərdə,
qəmə dözürəm.
Qardaş,
bölünən bir yurdun
ağrısıdır o!
Tarixlər yaddaşıdır,
yolumun üstündə
baş daşıdır o!
Adsız baş daşı.
Kimindir?
Deyə bilmirəm
ona sahib çıxıb,
ona qohum çıxıb
özümü öyə bilmirəm.
Zamanlar adlayıb
onun üstündən.
Görürəm
sınıq salxaqından,
çatından,
yazısı pozulmuş
qatbaqatından.
Bilirəm,
xəbər çıxmayacaq
ondan,
onun zatından.
Bir şey bəllidir  ki,
durduğum,
quruyub qaldığım
torpaq üstədir.
Demək,
bu yurdun,
bu məmləkətin şəhididir o.
Ötüb keçdiyimiz
qanlı dövrlərin
şahididir o!

Payız küləyi

Nədən belə
kədərlisən, ey külək?
Gəl pərvazlan,
Qol-qanad aç
səma boyu.
Yayıl maviliklərə,
meşələrə, düzlərə.
Yarpaq-yarpaq,
çiçək-çiçək.
Mən də sənə
mavi donlu nəğmə qoşum.
Oxuyum.
Sənin üçün
əbədi bir
eşq çələngi toxuyum.
Səndən, məndən
insanlara, doğmalara
qalsın.
Sevg i dolu bir ürək.
At kədəri,
qov qəhəri, ey külək!
Xatirə

O gedən,
ruhumu
özüylə aparan
buluda dəymə!
Nur saçan,
evimi isidən,
canımı qızdıran
o oda dəymə!

Yanarsan
alovun,
odun içində.
Topa  dönərsən.
Küləklər sovurar
səpər çöllərə.
Axır ki,
gül tək sönərsən.

Yetişər
dadıma
ürəkli insanlar,
cəsur oğullar.
Sən sönüb
gözlərdən itsən də,
qəlblərdə izlərin,
xatirən qalar!
Həqiqət

Bu gecə
gəl əllərimizi açaq göyə.
Soruşma niyə?
Orasını bilmirəm.
Düşüb
qaraltının izinə
gedək - gedək.
Axır başa düşərik
biz çox azıq.
Cəmi bir cütük.
Odur ki, bilmirik
çox şeyin sirrini.
Qoy, oxucular çaşmasın,
axır
öyrənərik bunun səbəbini.
Dostlara hər şeyi
Açıq-aydın söyləyərik,
Doğrusunu deyərik.

Gəldi-gedər

Hərdən
göyçək-göyçək
çiçək yağır göydən.
Qəribədir,
ayrılıq qoxuyur bu çiçək.
İsladır dünyanı,
hər yanı.
Bircə otlar, ağaclar
sevinir buna.
Qarılar, qocalar
deyinir buna.
Kiminə
dərd çiçək,
kiminə sevgi,
Kiminə ayrılıq
Gəldi-gedərdi...

Kimi aldadım

Artıq qurtarmışam harayla, hayla,
Qoy, gedim yuxuya bu həzin çayla,
Ovutsun ruhumu bir həzin layla,
Qəmi unudum.

Tarixin yaddaşı yükdür canıma,
Ağrısı, acısı hopub qanıma,
İstər məni qına, istər qınama,
Nə idi Adım?

Qaranlıq əriyər, xofu əriməz,
Azı yoxa çıxar, çoxu əriməz,
İnamı azalar, qorxu əriməz,
Qalxar fəryadım.

Ahımdan quruyub daşa dönərsəm,
Qara bulud gələr, qəfil sönərsəm,
Sıxılıb, əriyib suya çönərsəm
Budur həyatım?!

Qəmimin sərhədi, hüdudu yoxdur,
Qəlbimin ağrısı, əzabı çoxdur,
Deyim ki, gördüyüm saraydır, taxtdır,
kimi aldadım?!

Sənə

Köməksən mənə,
Çətində, darda.
Tutdun əlimdən,
Boranda, qarda.

Ucasan, dağsan,
Şirin bir çağsan,
Hər vaxt dayaqsan,
Hardayam, orda.

Titrəsə təməl,
Uzat mənə əl,
Qonağım ol gəl,
Sən ilk baharda.

Ələddin ƏZİMLİ

 





13.12.2017    çap et  çap et