525.Az

Həmsədrlər danışıqlar prosesini qorumağa çalışırlar


 

"İRƏRİLƏYİŞİN ƏLDƏ OLUNMAMASI ATƏŞKƏSİN YENİDƏN İNTENSİV POZULMASI VƏ CƏBHƏ BÖLGƏSİNDƏKİ GƏRGİNLİYİN ARTMASINA GƏTİRİB ÇIXARA BİLƏR"

Həmsədrlər danışıqlar prosesini qorumağa çalışırlar<b style="color:red"></b>

"ATƏT Nazirlər Şurası ildə bir dəfə keçirilir və hər ilə həmsədr dövlətlərin xarici işlər nazirlərinin Qarabağla bağlı ortaq bəyanatı yayımlanır. Bu bəyanatların mətni oxşardır. Budəfəki bəyanatda da sülhdən, müzakirələrin davam etdirilməsi vacibliyindən bəhs olunub".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu dekabrın 9-da ATƏT-in Nazirlər Şurasının Vyana iclası çərçivəsində Minsk qrupunun həmsədr dövlətlərinin qəbul etdiyi birgə bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sözügedən bəyanatda Helsinki Yekun aktının 3 maddəsi yenə xatıladılıb: "Münaqişələrin həlli zamanı güc tətbiq olunmamalı və danışıqlara üstünlük verilməlidir; ərazi bütövlüyü əsas götürülməlidir; xalqların öz müədərratlarının təyinetmə prinsipi əsas götürülməlidir".

E.Şahinoğlu bildirib ki, sonuncu iki prinsip bir-birinə ziddir: "Ona görə də Qarabağ münaqişəsi həll olunmur. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddərratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqədərratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar. Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqədərratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək.  Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır".

Mərkəz sədri hesab edir ki, belə vəziyyətdə vasitəçilər Azərbaycanla Ermənistanı mümkün qədər danışıqlar prosesində saxlamağa çalışacaq: "İndiki vəziyyətdə hər iki tərəf yeni toqquşmada maraqlı deyil. Buna 2018-ci ildəki seçki faktoru da mane olur. 2018-ci ildə Azərbaycan və Rusiyada prezident, Ermənistanda isə parlament seçkisi keçiriləcək. Buna baxmayaraq, bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə, aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-nin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəriləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə tərəflər cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə, status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər".

Ceyhun ABASOV

 





13.12.2017    çap et  çap et