525.Az

Moskvada Azərbaycana qarşı təxribatçı fəaliyyətdə erməni izi


 

RUSİYA RƏHBƏRLİYİ ERMƏNİ LOBBİSİNİN MOSKVANI SEPARATİZMƏ DƏSTƏK MEYDANINA, XƏYANƏTKARLAR YUVASINA ÇEVİRMƏSİNİN QARŞISINI QƏTİYYƏTLƏ ALMALIDIR

Moskvada Azərbaycana qarşı təxribatçı fəaliyyətdə erməni izi<b style="color:red"></b>

Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər Moskvanı Ermənistan dövlətinin antiazərbaycan siyasətini yürütmək üçün plastdarma çevirməyə çalışırlar.

Onlara bu işdə Azərbaycan dövlətinə, mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət edən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilər yardımçı olurlar. Erməni xüsusi xidmət orqanları ilə birgə fəaliyyət aparan, daha doğrusu, onların tapşırıqlarını yerinə yetirən həmin şəxslər Rusiyada media, vətəndaş cəmiyyəti institutları və digər vasitələrdən ölkəmizə qarşı qara yaxmaq, separatizm ideyalarını təbliğ etmək üçün istifadə edirlər.

Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Çünki iki ölkə arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Həmçinin, Azərbaycanın media orqanları vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə iki ölkə xalqlarının əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkinib. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Halbuki bu cür fəaliyyətlə yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir. Ona görə də Rusiya rəhbərliyi erməni lobbisinin Moskvanı separatizmə dəstək meydanına, xəyanətkarlar yuvasına çevirməsinin qarşısını qətiyyətlə almalıdır.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Himət Babaoğlu qeyd edib ki, hazırkı beynəlxalq münasibətlərin reallığı ondan ibarətdir ki, heç bir müstəqil dövlət ayrı-ayrılıqda öz milli təhlükəsizliyini tam təmin etmək gücündə deyil, ona görə də milli maraqları qorumaq naminə mütləq etibarlı tərəfdaşlar və onlarla ciddi strateji əməkdaşlığa ehtiyac var. O, APA-ya bildirib ki,  Rusiya-Azərbaycan münasibətləri həm tarixi, həm də regionumuzda və dünyada baş verən son hərbi-siyasi hadisələr nöqteyi-nəzərindən illərin sınağından çıxmış etibarli və qarşılıqlı maraqlara əsaslanan münasibətlər olub: "Çox təəssüf ki, son dövrlər bəzi qüvvələr bu münasibətlərə kölgə salmaq üçün ən müxtəlif tədbirlərə və vasitələrə əl atırlar. Bəzən bunu birbaşa, bəzən isə Rusiyanın dövlət strukturlarına sızmış ayrı-ayrı şəxslərin əli ilə həyata keçirməyə çalışırlar. Ən pisi isə odur ki, mütəmadi olaraq ardıcıl şəkildə bu cəhdlər edilir. Elə bu günlərdə öz xalqına xəyanət edərək erməni şər maşının ruporuna çevrilən Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin birdə-birə Rusiyada peyda olmaları və antiazərbaycan fəaliyyətlərini Moskvada davam etdirmələri təkcə Azərbaycana deyil, həm də elə Rusiyaya xəyanətdir. Çünki öz doğma vətəninə xəyanət edən, sabah Rusiyaya da asanlıqla xəyanət edəcək. Ona görə də bu cür əməllərin qarşısı dərhal alınmalıdır. Biz Rusiya-Azərbaycan əlaqələrindən danışarkən onu strateji əməkdaşlıq adlandırırıq. Bir halda ki, təkcə biz yox, həm də Rusiya siyasətçiləri Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiklərini hər fürsətdə qeyd edirlər, o zaman qarşılıqlı maraqların qorunmasına da xüsusi diqqət yetirilməlidir. Satqınlar və onların arxalarında duranlar isə ifşa olunmalıdır. Düşünürəm ki, sonda elə belə də olacaq".

Deputat Musa Quliyev isə qeyd edib ki, ölkəmizdə sabitliyi, milli vəhdəti, birliyi pozmaq, separatçılıq toxumlarını yaymaq şər, imperalist və Azərbaycanı sevməyən qüvvələrin işidir. O, SİA-ya bildirib ki, Azərbaycandakı azsaylı xalqları bir-birinə qarşı qoymaq cəhdləri əvvəllər də olub: "Bu fikirlərin hamısı zaman-zaman iflasa uğrayıb. Azərbaycan xalqının vəhdəti, birliyi, ümummilli lider Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideyası ölkəmizə qarşı aparılan təxribatları daim puça çıxarır. Fəxrəddin Aboszadə və digər milliyəti məlum olmayan, mahiyyəti bilinməyən, satqın insanların orada hansısa fikir səsləndirməsi Azərbaycandakı talış xalqının fikri demək deyil. Ümumiyyətlə, onlar da bunu qəbul etmirlər. Hesab edirəm ki, bu fikirlər Azərbaycanda heç bir əhəmiyyət daşımır. Bizim talışlardan, ləzgilərdən, avarlardan, kürdlərdən olan milli qəhrəmanlarımız, Azərbaycan üçün döyüşən, şəhid olan, yaralanan oğullarımız var. Əsl azərbaycanlı məhz onlardır".

Qeyd edək ki, F.Aboszadə 1981-95-ci illərdə Bakı Dövlət Universitetində işləyib. Onun əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflas uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir.

Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqe tutan Z.Məhərrəmov da hazırda "fəaliyyəti"ni İrəvandan Moskvaya köçürüb və təxribatçı planlarını elə oradan həyata keçirir.  Bu yaxınlarda sözügedən şəxs mətbuatda "bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır" bəyanatı ilə çıxış edib. Dördgünlük aprel döyüşləri zamanı isə Z.Məhərrəmov hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışır, onların az qala "Bakıya çatacaqlarını" vurğulayırdı. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z.Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "məzlum ermənilər" barədə reportajlar hazırlayaraq yaymağa başlayıb.

Ceyhun ABASOV

 





13.12.2017    çap et  çap et