525.Az

Mozaik dünyamız: dinlərin güzgüsündəki mənzərə


 

Mozaik dünyamız: dinlərin güzgüsündəki mənzərə<b style="color:red"></b>

“İsgəndərin aynası Cam-i Cəmdir, baxsana”
Hafiz Şirazi 

Bu yaxınlarda maraqlı və mənalı bir filmə baxdım – “Pinin həyatı”. Çox təsirlənsəm də, məni düşündürən mənanın nə olduğunu aydın təsəvvür edə bilmədim. Ta ki, rəngli sınıq şüşələrdən düzəldilmiş gözəl bir mozaikanı görənə qədər.

Film gündə üç dəfə namaz qılan, yeməkdən öncə İsaya dua edib xaç çevirən, Buddanın önündə səcdə edən, universitetdə Kabbaladan mühazirə oxuyan bir hindli professorun həyat hekayəsidir. Daha doğrusu, onun hələ gənc yaşlarında tufandan sonra okeanın ortasında kiçik bir qayıqda vəhşi bir pələnglə təkbətək qalması və həyat üçün mübarizə aparması barədədir. Amma həyəcan dolu süjetlərdən daha çox filmdə məhz bəşəriyyətin mənsub olduğu bütün böyük dinlərin hissələrindən möhtəşəm bir mozaikanın yaradılmasıdır. Bəli, filmin qəhrəmanının kamil imanı, ən ali səviyyədə olan zövqü və mənəviyyatı, Yaradana güzgü ola biləcək qədər saf “Mən”i bir-birinə az qala düşmən kəsilən, öz içindən özünü çürütməklə məşğul olan müxtəlif dinlərin ayrı-ayrı hissələrindən “qurulmuş” mozaikanı xatırladır. İlk baxışda fərqli şüşə qırıqları, bütöv baxanda isə möhtəşəm və mükəmməl bir mənzərə!

Təsəvvüfdə qəbul olunmuş həqiqətə görə, insan o dərəcədə kamilləşməli və qəlbini o dərəcədə cilalamalı, pisliklərdən təmizləməlidir ki, Yaradan bir güzgü kimi Özünü orada görə bilsin. Özünü görə bilmək, özünü tanımaqdır, özünü tanımaq isə yaradıcılıq xəzinəsidir. Lap məlum qüdsi hədisdə deyildiyi kimi: “Mən gizli xəzinə idim, tanınmaq istədim, xəlqi yaratdım”. İlahi sifətlərin daşıyıcısı olan insanın da pak, təmiz bir güzgüyə ehtiyacı var. Axı o da naməlum bir xəzinədir, tanınmaq istəyir. Ona görə, böyük Hafizin də nəzmə çəkdiyi kimi, gah “İsgəndərin aynası”na, gah “Cəmşidin camı”na, gah da “könüllərin gözü”nə baxmağa çalışır ki, bu dünyanın tam, bütöv hikmətinin mükəmməlliyini görə bilsin. Amma bu gün insan öz yaratdıqlarına baxsa da, ya özünü görə bilmir, ya da eybəcərləşmiş bir mənzərə ilə üz-üzə gəlir. Çiliklənmiş güzgüdə nə görə bilər ki!

Bəli, dünyanın güzgüsü bu gün çiliklənibdir. Qədim çini vaza kimi, böyük bədənnüma güzgü kimi səpələnib ayaqlar altına. Bilmirəm hansı ildə, kimin əli dəydi, kimin daşı tuş gəldi, amma sındı bu dünyanın şüşəsi. Köhnə bir dastanda oxunan bir beyti xatırlatdı mənə:

Qızıl deyil, gümüş deyil,
şüşədi, ay şüşədi,
Düşdü yerə, sındı qəlyan,
neynim ay neynim. 

İndi bu sınmış güzgüdə insan özünü qırıq-qırıq görür – ya gözünü, ya qaşını, ya da barmağını. Yadıma hələ “Kəlilə və Dimnə”də yazılmış, sonralar Mövlananın da qələmə aldığı məlum “Fil” əfsanəsi düşdü: heç vaxt fil görməyən insanlar qaranlıqda onun xortumuna, ayağına, qulağına toxunur və onu fil zənn edirlər. Axı insanın qələmindən, fırçasından, dilindən, ümumiyyətlə, qəlbindən süzülüb gələnlər onun hər mənada “gördükləridir”. İndi insanların gördükləri də bu qırıq çiliklərdəki yarımçıq, naqis “insanlardı”. Nəticədə ortaya dəhşəti filmlər, insanlığı məhv etməyə hazır olan obrazlar çıxır.

Hərdən düşünürsən, bəlkə bəzən o güzgünün müəyyən hissəsini bərpa etmək mümkün olanda insan orada öz surətini görüb dəhşətə gəlir və yenidən bu güzgünü çilikləyir?

Əslində mütəfəkkirlərin, filosofların yaradıcılığı bu qırıqları yığıb güzgünü bərpa etmək, insana özünü tam olaraq göstərmək cəhdidir. Əsrlərdir fəlsəfi sistemlər yaranır, yeni ideyalar irəli sürülür... Amma onu zor, hərb gücünə bərpa etməyə çalışanlar da var. Və uyğun qırıqları axtara-axtara vurnuxduqca, bəzi qırıqlar qalır ayaqlar altında, daha da əzilir, bəziləri “müqavimət” göstərir, qan tökülür. Necə ki, demokratiya adına bu gün Bağdadda insanlar ayaq altında əzilir, terrorda neçə-neçə günahsız canlar alınır. Beləcə, sınmış güzgü bütövləşmir ki, bütövləşmir. Daha qorxulusu, bütövləşməsinə ümid də azalır.

Bəli, bu qırıqlardan çətin bir də sağlam güzgü alına. Qədim sivilizasiyalara, bu gün də aktuallığını itirməyən fəlsəfi ideyalara baxanda belə düşünmək olur ki, insanlar o güzgüdə çox möhtəşəm şeylər görürmüş. Mənə isə o qırıqlardan bu gün düzəldilmiş iki mozaika haqqında danışmaq qalır.

Xristian mozaikası

Xristianlıq bəşəriyyətə nazil olmuş ən məsum, sevgi dolu, sülh nəfəsli dinlərdən biridir. Allah-Təala Müqəddəs Məryəmə öz kəlamını İsa surətində çatdırdı və İsanın varlığı bir möcüzə kimi insanların qarşısında dayandı. Bu dinin nazil olmasında – Xristianlığın bütöv mənzərəsində Allahın insana çox işarələri var idi.

Hər şeydən əvvəl, burada Allahın insana sonsuz yaxınlığı var idi. Bu – imana, insanlığa, sevgiyə bir çağırış idi.

Burada İnsanın özünün bir Allah Kəlamı olması ideyası var idi. Sonralar Əbu Turxanın insanı müqəddəs kitablarla, təbiətlə bərabər üçüncü kitab adlandırması da təsadüfi deyil. Bəli, insan bir kitab kimi özündə çox həqiqətləri ehtiva edir, sadəcə ağılla onu oxumağı bacarmaq lazımdır.

Nəhayət, bu bütöv mənzərədə insanın özünün öz Sözünə görə məsuliyyət daşıması var idi.

Bu mənzərə bir neçə dəfə sındırılıb bərpa olunub. Bərpada təhriflər olduğuna görə, sındırılıb yenidən yapışdırılıb. Təbii ki, alınan mənzərələr orijinala o qədər də bənzəmir. XI əsrdən başlayaraq 13-cü əsrə kimi davam edən, ölkələri viran qoyan, dinc insanları qətlə yetirən yeddi səlib yürüşü, bir gecədə 30 min insanın həşərat kimi məhv edildiyi XVI əsr Varfolomey gecəsi, zəngin xəzinələr üzərində oturub açılmayan sirlər uğrunda din qardaşına qılınc çəkən müxtəlif ordenlər, təriqətlər, elm adamlarının, yaradıcı insanların edamları və daha nələr. Hə, belə şüşə qırıqlarını əlinə alsan, mütləq əlinə batıb, qanadar...

Hətta düşüncə insanları da öz dinlərini məhz belə qırıq şüşələrdə, təhriflə bərpa olunmuş mənzərələrdə müşahidə etdiklərinə görə, dəhşətlə geri çəkilirdilər. Erkən Renessans dövrlərində Almaniyada kilsə əleyhinə hərəkata və islahatçılara qoşulan, hətta bir sıra kilsələri “iblislər mağarası” adlandırıb dağıdan teoloq Tomas Müntzer “Yalançı imanın ifşası” adlı əsərində yazır: “Lukadan olan İncilin hamısı xristianlar üçün inkaredilməz sübutdur ki, müqəddəs xristian imanı elə nadir və qeyri-adi hadisəyə çevrilib ki, vicdanlı birisi xristian cəmiyyətinin korluğunu görsə, qanlı göz yaşı töksə, təəccüblü olmazdı”. Volter isə dəhşətlə deyir ki, “bütpərəst dinlər az qan tökdükləri halda, bizim din bütün torpağı qanla suvardı. Əlbəttə, bizim dinimiz tək xeyirxah, tək həqiqi dindir, lakin biz ondan istifadə edərək nə qədər pisliklər törətdik” və “bütün törətdiyimiz dəhşətlərdən sonra bizdə başqalarını barbar adlandırmaq cürəti də var”.

Nəhayət, XIX əsrin “güzgüsündə” insanı normal insani keyfiyyətləri ölmüş bir varlıq kimi görən Nitsşe “üsyan elədi”: “Xristianlıq insanın ali tipinə ölüm-dirim müharibəsi elan elədi; o, bu tipin bütün əsas instinktlərindən üz çevirdi; bu instinktlərdən o, şər anlayışını, şər insanı sıxıb çıxartdı. Güclü insan yararsız insana, “səfilə” çevrildi”. Üsyanının sonunu “Tanrı öldü” deməklə kulminasiya anına qaldıran Nitsşe bu əyilmiş, pas atmış güzgünü sındırıb başqa bir mənzərə qurmaq istədi.

Nitsşenin “bərpa elədiyi” güzgüdən isə artıq fukoların, freydlərin və daha kimlərin siması boylandı. “Qeyri-normalların” düşüncələri, “ikinci cinsin” “ürək bulantıları” populyarlaşdı, “Tam sürətlə geri” getdiyini anlayanda isə gec idi, artıq sürəti dayandırmaq olmazdı və dünyamız tamam çilikləndi.

Xristianlığın sağ qalan bir-iki parçasına baxanda belə qənaətə gəldim ki, bu gözəlliyi, bu ülviyyəti, bu ali həqiqəti dərk etmək, yaşamaq üçün İslamı dərk etmək lazımdır.

Amma hansı islamı? Axı o da çiliklənib...

İslam mozaikası 

Tarixə baxsaq, görərik ki, İslamın missiyası daha ağır olub. VII əsrdə xristianlığın çiliklənmiş və sonra yenidən “bərpa olunmuş” güzgüsündə insan çox fərqli şəkillərdə əks olunurdu. Qarşında gah “tanrılaşmış insanı” görürdün, gah da günah içində rəzilləşmiş insanı. İnsanın söz və düşüncə haqqı da qalmamışdı. Allah insana bu qədər yaxın ola-ola insan Ona müraciət etmək üçün vasitəçiyə – “sözçüyə” üz tutmalı olurdu. İslam insana yeni güzgü olmaq üçün nazil olmuşdu.

Bəli, islam insanın iman, söz və düşüncə haqqını qaytarmaq üçün bu həyatın bütün incəliklərinə qədər izah verməyə, bələdçilik etməyə başladı. Bir fərddən bir ailə üzvünə, bir cəmiyyət üzvündən bir vətəndaşa, bir adi məxluqdan bir Allah xəlifəliyinə qədər bütün mərhələləri ehtiva edən kamilləşmə xəritəsi oldu Qurani-Kərim. Bu hikmətlərlə silahlanan müsəlmanlar elmdə kəşflər etdilər, fəlsəfə tarixində yeni səhifələr açdılar, güclü dövlət qurdular.

Amma İslamın da güzgüsü sındı. Var-dövlət hərisliyimi bais oldu, şəxsiyyətə pərəstişmi, bilmirəm, amma sındı. Və sınıqlar yenidən birləşdiriləndə önə fərqli prinsiplər çıxdı. İslam dövlətinin başında duranlar xəzinə yığmağa başladılar, İslam bir tərəfdən qılıncla, digər tərəfdən cəhalətlə, mövhumatla eyniləşdirildi. Elmə verdiyi yüksək dəyərə baxmayaraq, əsrlər ərzində təfsirlərdən və şərhlərdən çox uzağa getmədi. İnsana kamillik yolu göstərsə də, islamın ən çox müzakirə edilən prinsipləri qara çadra və dörd arvad almaq hüququ oldu. Təriqətlər göbələk kimi artdı, məzhəblərarası mübahisələr müharibəyə çevrildi.

Ən dəhşətli bərpa isə Məhəmməd peyğəmbərin (s.) surəti oldu. Xristianlıqda İsa Məsihin Tanrının oğlu olub-olmaması nə dərəcədə ağrılı bir məsələdirsə, Məhəmməd peyğəmbərin (s.) adi bəşəri keyfiyyətlərə, istəklərə malik olmasını iddia etmək də tədricən elə bir ağrılı məsələyə çevrilməkdədir. Bu yeni güzgüdə peyğəmbərlik idollaşdırılıb, islamın əsas prinsipləri isə hansı isə qırıntıların altında itib-batıb. Cahiliyyə dövründə daş bütü təhqir etməklə həmin inanc sahiblərinin düşüncələrini, mənəviyyatını, əsil-kökünü təhqir etmiş sayılırlar. Bu gün xristianlar öz “bütləri”, kultları, idolları uğrunda vuruşur, müsəlmanlar isə özlərinin. Tarixin acınacaqlı səhifələri təkrarlanmış olur.

İslamın çiliklənmiş obrazını yenidən bərpa etmək istəyən mütəfəkkirlər isə sadəcə islam ölkələrindən sürgün edilirdilər. Lap islam cəmiyyətləri öz dəyərlərinə sahib çıxa bilməsələr “zəlil bir şəkildə tarix səhnəsindən silinəcəyini” xəbər verən Cəmaləddin Əfqani kimi. Doğrudan da, müsəlmanlar nə vaxtsa qalxmış olduqları yüksək səviyyədən dünyanın ən yazıq, ən bədbəxt, ən geridəqalmış vəziyyətinə düşdülər. Qırıqlardan bərpa olunmuş islam obrazı Qərbin fobiyasına çevrildi və islam obrazı yenidən çilikləndi. Amma islamın son dövrlər tarixinə, xüsusilə vəhhabiliyin yaranma tarixinə, Bin Ladenə, Səddam Hüseynə və bütün bu hadisələrin müsəlman üçün fatal nəticələrinə baxanda belə düşünmək olar ki, bu gün İslamın yeni obrazını bəzən artıq Qərb özü “düzüb-qoşub”, sonra da öz yaratdığından canını qurtarmağa çalışıb. Əslində bir şey qırılandan sonra hərənin onlardan bir şey quraşdırmağa çalışması normal görünə bilər. Hünər salamat hissələri çiliklənməkdən qorumaqdır.

Nəticə və ya ümid qığılcımı 

Mən təsadüfən “Pinin həyatı”ndan başlamadım. İstər-istəməz qloballaşma adlanan, bəzi xalqları boya-boy, bəzilərini isə liliput, birini əjdaha, o birini “yem” göstərən yeni bərpa olunmuş  “güzgü” ilə müqayisə etdim. Düzdür, film bir yazıçı təxəyyülüdür. Amma belə məlum olur ki, orijinalı tam bərpa etmək mümkün olmasa da, qırıqlardan onun möhtəşəmliyini çatdıran mozaika qurmaq mümkündür. Sadəcə sağlam hissələri düzgün bir harmoniya ilə düzmək tələb olunur.

Məncə, Yaradan öz yaratdıqlarına baxanda, Öz möhtəşəmliyini görə bilməsə, cahanı məhv edər.

 





10.06.2013    çap et  çap et