525.Az

"Heydər Əliyev: Şəxsiyyət və zaman" Moskvada təqdim olundu - Fotolar


 

ELMİRA AXUNDOVA: "ƏSƏRDƏ HEYDƏR ƏLİYEV HAQQINDA BU GÜNƏ QƏDƏR MƏLUM OLMAYAN FAKTLAR TOPLANIB"

"Heydər Əliyev: Şəxsiyyət və zaman" Moskvada təqdim olundu - <b style="color:red">Fotolar </b>

Moskvada, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında  Əməkdar jurnalist, deputat Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" üçcildlik roman-tədqiqatının təqdimatı keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd edib ki, ənənəyə görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə dostları və məsləkdaşları onun dəfələrlə olduğu bu səfirliyin binasında toplaşırlar: "Bu dəfə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günündə yazıçı-publisist, mərhum dövlət başçısının irsinin tədqiqinə illərlə vaxt sərf etmiş Elmira Axundovanın yeni üçcildliyi təqdim olunacaq". P.Bülbüloğlu daha sonra deyib: "Biz deyəndə ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır, bu, həqiqətən belədir. Ona görə ki, SSRİ dağılandan sonra insanlar hədsiz təşviş keçirdiyi, özlərini çıxılmaz vəziyyətdə hiss etdiyi bir vaxtda iş elə gətirdi ki, Azərbaycanda hakimiyyətə gələn insanlar bu hakimiyyətlə necə rəftar etməyi əsla bilmirdilər. Qısa müddətdə ölkə vətəndaş müharibəsi həddinə, uçurum həddinə çatmışdı. Belə bir vaxtda xalqımız Heydər Əliyevə müraciət edərək onun Bakıya qayıtmasını xahiş etdi. Müasir Azərbaycanın təşəkkülü Heydər Əliyevin respublika rəhbərliyinə qayıtdığı andan başlanır". Diplomat qeyd edib ki, onun özünün də bir şəxsiyyət və bəstəkar kimi formalaşmasında H.Əliyev böyük rol oynayıb: "Mən Heydər Əliyevin hökumətində on il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, böyük məktəbdir, bu məktəb ömrümün sonuna qədər mənimlə qalacaq. Heydər Əliyevin sayəsində Azərbaycanda mədəniyyət və incəsənət xadimlərinin bütöv bir pleyadası yetişib".

Sonra söz alan Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib. O qeyd edib ki, "Heydər Əliyev: Şəxsiyyət və zaman" altıcildliyinin bu yeni variantı xarici ölkələrdəki oxucular, o cümlədən, rusiyalı oxucular üçün nəzərdə tutulub: "Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman arxiv sənədləri və rəsmi sənədlər,  Əliyevin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb. 1991-ci ilin yanvar ayını xatırlayıram. Naxçıvanda darısqal bir mənzildə əyləşmişdik. O mənə öz keçmişi barədə, Mixail Qorbaçov ilə qarşılıqlı münasibətləri barədə, SSRİ-nin məhvə məhkum olması, Azərbaycanın tezliklə müstəqil olacağı və bunun üçün bizim hamımızın çalışmalı olmağımız barədə danışırdı. Mən Heydər Əliyevə baxır, onun dediklərini tam anlaya bilmirdim. O vaxt bəlkə heç kəs güman edə bilməzdi ki, Azərbaycanın sabiq kommunist lideri, Siyasi Büronun üzvü tezliklə bütün dünyanı heyrətləndirəcək. O, birincilərdən biri olaraq Naxçıvanda sovet hakimiyyətini ləğv edəcək, birinci Azərbaycan Xalq Cümhuriyyətinin himnini və bayrağını qaytaracaq, Naxçıvanı soyuqdan, aclıqdan, parçalanmaqdan və işğaldan xilas edəcək. Üç ildən sonra isə o, xalqın iradəsi ilə Azərbaycanda hakimiyyətə qayıdacaq, vətəndaş müharibəsinin qarşısını alacaq, ölkənin parçalanmasını dayandıracaq, döyüş qabiliyyətli ordu yaradacaq, neft kontraktları imzalayacaq və keçmiş İttifaqda birinci olaraq torpaq üzərində xüsusi mülkiyyət elan edəcək..."

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski üçcildliyin müəllifi E.Axundovaya bu kitabın ərsəyə gəlməsi üçün çəkdiyi böyük zəhmətə görə təşəkkürünü bildirib. L.Slutski deyib: "Bu, gözəl kitabdır. Bu zaldakı adamların çoxu yəqin ki, "Görkəmli adamların həyatı" seriyasından olan kitabları oxuyublar. Lakin öz dərinliyi ilə fərqlənən bu kitab müasir Azərbaycanın yaradıcısı olan insanın həyatından bəhs edir. Bu gün firavanlaşan, müstəqil, uğurlu Azərbaycanı onun banisi olmuş insandan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan məhz bu insanın sayəsində müstəqil dövlət kimi formalaşıb. Belə kitabları oxuyanda başa düşürsən ki, bu sətirlərin müəllifi incə qəlbli bir insan, öz qəhrəmanını çox sevən bir qadındır. Bu, çox sanballı əsərdir. Onu vərəqləmək yox, oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır. İndi onun işini Prezident İlham Əliyev uğurla davam etdirir və Azərbaycan məhz Heydər Əliyevin nəzərdə tutduğu kimi böyük sıçrayış edib. Azərbaycan həm iqtisadiyyatda, həm sosial siyasətdə, həm də başqa ölkələrlə, o cümlədən, Rusiya ilə əməkdaşlıqda mütəmadi inkişaf yolu ilə inamla irəliləyir".

Xatırladaq ki, yazıçı-publisist E. Axundova "Heydər Əliyev: Şəxsiyyət və zaman" altıcildliyinə görə Azərbaycan dövlət mükafatına layiq görülüb.

Kamil HƏMZƏOĞLU

 





14.12.2017    çap et  çap et