525.Az

Dövlət komitəsində Böyük Britaniya səfirinin köməkçisiylə görüş


 

Dövlət komitəsində Böyük Britaniya səfirinin köməkçisiylə görüş <b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefen MakKormiklə görüşüb.

Dini komitədən verilən məlumata görə, görüş zamanı S.Salahlı Azərbaycandakı tolerant və multikultural mühit barədə qonağa məlumat verib. Ölkəmizdəki tolerantlıq ənənələrini xalqımızın milli kökü ilə əlaqələndirən S.Salahlı Azərbaycanda dini zəmində heç bir qarşıdurmanın baş vermədiyini, müxtəlif dini konfessiya nümayəndələrinə öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradıldığını vurğulayıb. O, Azərbaycanda müxtəlif dini konfessiyalara məxsus ibadət evlərinin tikintisi və bərpasının, onlara maddi yardım ayrılmasının artıq bir ənənə halını aldığını diqqətə çatdırıb.

Azərbaycandakı dinlərarası harmoniyadan məmnunluğunu ifadə edən Böyük Britaniyanın ölkəmizdəki səfirinin köməkçisi S.MakKormik ölkəmizin dini icmalar arasında tolerantlığın təşviqinə görə böyük hörmət qazandığını qeyd edib. O, respublikamızın nümayiş etdirdiyi multikulturalizm və tolerantlıq modelinin ölkəsi tərəfindən alqışlandığını və bütün dünyaya gözəl bir örnək olduğunu bildirib.

Görüşdə, eyni zamanda, dini sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

C.ABASOV

 





14.12.2017    çap et  çap et