525.Az

Ulu Dərbəndin dəyərli tərənnümçüsü


 

Ulu Dərbəndin dəyərli tərənnümçüsü<b style="color:red"></b>

Ta qədimdən bəri hər bir xalqın tarixi keçmişi həmin xalqın salnaməçi alimlərinin araşdırmalarıyla yaşam tapıbsa, mədəni irsi də istedadlı söz adamlarının əsərləriylə əbədiyyət qazanıb.

Adına qədim Dərbənd, qoca Dərbənd, Dəmirqapı Dərbənd dediyimiz və tarixin minillik qatlarından boy verib qan yaddaşına yazılan, nağıl və dastanlarda bardaş quran bu ulu şəhərin, bu müqəddəs şəhərin poeziya ənənələri çox uzaqlara gedib çıxır.

Hər daşında, hər qalasında və abidəsidə Dədə Qorqud ruhu yaşayan bu qədim diyarın şəninə üzü dahi Nizamidən bəri söz qoşanı, tərif düzəni çox olub.

Hüseynəli Xan Məhzunun XVlll əsrdə yazdığı

Çəkib rusxarə yapuncu edir can qəsdin ol yağı,
Könül Dərbəndini çapdı, qoyanda başa qaytağı...
Məhəmməd Tağı Qumrunun XIX əsrdə yazdığı

Torpaq dolub o başlara ki,
əyməzdi çərxə baş,
Torpaqlar içrə onlardan
bir nişan hanı?!

Təhmiraz İmamovun XX  əsrdə yazdığı

Lal daşlar eşitməsə,
Dik başlar eşitməsə,
Çağdaşlar eşitməsə,
Çağ eşidər şairi...            

və bu gün 60 illik yubileyinə toplaşdığımız Fəxrəddin Oruc Qəribsəsin XXl əsrdə yazdığı

Xəzər qucağına sığınan şəhər,
Sən nələr görmədin, sən çəkdin nələr,
Kədərlər bizimdir, bizimdi qəmlər,
Nədir fəryadımız, bu ahımız nə?

- kimi misralardan tarixin dərin qatlarındakı namus-qeyrət mücəssəməsi olan ulularımızın dil-dil ötən müqəddəs ruhları boylanır...

Dərbənd şairləri...
Dərbəndin dərd bəndləri...
Daş ürəklərə çırpılıb çiliklənən hıçqırıqlar.
Səbri Samurun ləpələrinə qarışıb qəlpələnən varlığımız.

Həsrət oxşamaları, qüssə notları, bənövşə duyğular...
Öz yaradıcı təxəyyülü ilə Allaha yaxın olan şairlərin missiyası təkcə mənsub olduğu xalqın ənənələrini vəsf etməkdən ibarət deyil, eyni zamanda, o xalqın tale yükünü də çiynində daşımaq kimi bir borcu var.

Hələ əsrlər öncə Dərbəndi imzasıyla məşhurlaşan Məşhur Dərbəndi, Şikəstə Dərbəndi, Yusif Dərbəndi, Xəlil Dərbəndi, Zərnigar Dərbəndi, Əhməd Dərbəndi, Niftullah Dərbəndi, eyni zamanda, Bayat Abbas, Diləfruz Pəri, Hüseynəli Xan Məhzun, Məhəmməd Tağı Qumru, müasir yazarlardan isə Təhmiraz İmamov, Elman Abbas, Qurban, dünyasını dəyişən Nəriman Ağasıyev, Şıx İbrahim, Aşıq Sakit və adını çəkmədiyim onlarla söz adamı bu missiyanın, bu borcun öhdəsindən ləyaqətlə gəliblər. 

Belə ünlü şairlərdən biri də bu gün 60 yaşının təntənəsinə yığışdığımız görkəmli şair, Rusiya Yazıçılar və Jurnalistlər İttifaqlarının, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Oruc Qəribsəsdir! O Fəxrəddin Oruc Qəribsəs ki, bir şeirində deyir:

Sən qəlbə məlhəmsən, tarixə nəfəs,
Xəzər sularında çağlayır  həvəs,
Vurulub ürəkdən sənə Qəribsəs,
Bu qərib ruhumun duası Dərbənd.

Fəxrəddin Oruc Qəribsəsin imzası doğulub boya-başa çatdığı Mitəhi-Qazmalar kəndindən pərvazlanaraq Dəmirqapı Dərbənddə qərar tutub, bütün Dağıstanı fəth edib, Rusiya və Azərbaycanda da öz oxucu dairəsini yaradıb.

Fəxrəddin Oruc Qəribsəs həm şair, həm də tərcüməçi kimi zəngin yaradıcılığa malik sənətkardır, onun beş min illik tarixi olan ulu Dərbəndin, eyni zamanda, doğma Azərbaycanın təbii gözəlliklərini vəsf edən əsərləri və tərcümələri uzun illərdir ki, mütəmadi olaraq oxuculara təqdim olunur. Onun Dağıstanda və Azərbaycanda yaşayan xalqların dostluq ənənələrini tərənnüm edən poeziyası, nəsri, tərcümə və dram əsərləri sevilə-sevilə oxunur, ədəbi irsi geniş oxucu qazanıb. Şair qardaş Dağıstan və Azərbaycan xalqlarının qədim və ənənəvi münasibətlərini, mədəni-ədəbi əlaqələrimizi obrazlı çalarlarla və kövrək notlarla öz əsərlərində canlandırır, möhtəşəm tarixi varlığımızı bədii boyalarla əbədiyyətə çevirir:

Bürünüb dumana Narın daşları,
Qalıbdır arxada çox savaşların,
Ərən igidlərin, mərd qardaşların,
Olubdur sərvətin, ay Dəmirqapı.

Qırmısan möhtəşəm zəncir kəməndin,
Dolaşır xəyalım bərəni, bəndi,
Tanrı çox görməsin bizə Dərbəndi,
Qoruyaq ülfətin, ay Dəmirqapı.

Fəxrəddin Oruc Qəribsəsin bir tərcüməçi kimi də fəaliyyəti təqdirəlayiqdir.

Şairin Nizami Gəncəvidən tutmuş çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrinədək rus dilinə çevirdiyi əsərləri rusdilli oxuculara mükəmməl səviyyədə çatdırılır və şairin bu çətin və şərəfli yaradıcılığı bu gün də uğurla davam etdirilir.

60 illik yubileyi münasibətilə Fəxrəddin Oruc Qəribsəsi təbrik edir, ulu Dərbəndin, eləcə də Dağıstanın və Azərbaycanın ədəbi mənzərəsinə yeni-yeni poetik rəng qatacağına əmin olduğumu bildirir, ona bu yolda dağ dözümlü, dağ duruşlu Narınqala əzəməti arzulayıram.

Ramiz QUSARÇAYLI
15 dekabr 2017

 





15.12.2017    çap et  çap et